500 min manat büdcəsi olan tammetrajlı animasiya filminin müəmmalı taleyi...

13-04-2022, 00:03           
500 min manat büdcəsi olan tammetrajlı animasiya filminin müəmmalı taleyi...
Nicat Manafov: “Sözügedən tammetrajlı animasiya filminin “Balta” Animasiyası ilə heç bir əlaqəsi yoxdur”
Bir müddət əvvəl əldə etdiyimiz qeyri-rəsmi məlumata əsasən, Azərbaycanda tammetrajlı animasiya filmi çəkilir və Mədəniyyət Nazirliyi də həmin filmin çəkilişi üçün 500 min manat civarında vəsait ayırıb.

Bildiyimiz kimi, mədəniyyət naziri çıxışında tammetrajlı animasiya filminin çəkiləcəyini demişdi, amma məbləği açıqlamamışdı. Kino ictimaiyyətində əldə etdiyimiz məlumatlara görə, animasiya filminin də çəkilişi nazirlik tərəfindən peşəkarlara deyil, qeyri-peşəkarlara həvalə edilib. Kinoşünaslardan birinin bildirdiyinə görə, 500 min manatlıq büdcəsi olan tammetrajlı animasiya filminin çəkilişləri "Balta" adlı həvəskar səviyyədə işləyən qrupa verilib, özü də müsabiqəsiz-filansız. Ekspertlər deyir ki, tammetrajlı animasiya filmi çəkilirsə əvvəlcədən onunla bağlı müsabiqə elan edilməli idi, amma edilməyib, animasiya filmi birbaşa “Balta”ya verilib.

Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi “Bakı-Xəbər”in sorğusuna cavab verməmişdi.

“Nazirlik nə “Balta”ya müraciət edib, nə də burada “Balta” ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedir”

Dünən “Balta” Animasiyasının prodüsseri Nicat Manafov bizimlə əlaqə saxlayaraq iddialara aydınlıq gətirib. N.Manafov bizimlə söhbətində bildirdi ki, sözügedən tammetrajlı animasiya filminin çəkilişləri “Balta”ya verilməyib, bu animasiyanı “Balta” çəkmir. “Tammetrajlı animasiya layihəsi barədə biz “Balta” Animasiya adından 2019-cu ildə Mədəniyyət Nazirliyinə layihəsi göndərmiş. Mədəniyyət Nazirliyinə təqdim etdiyimiz layihə ilə bağlı bizə nə müsbət, nə də mənfi cavab gəlib. Müraciəti nazirliyə həm “Azərpoçt”la, həm də elektron poçt vasitəsilə göndərmişik. Sadəcə, 2021 və 2022-ci illərdə nazirin çıxışında biz Azərbaycanda tammetrajlı animasiya flminin çəkiləcəyi barədə xəbərləri eşitmişik. Sözügedən tammetrajlı animasiya filminin “Balta” Animasiyası ilə heç bir əlaqəsi yoxdur. Nazirlik nə “Balta”ya müraciət edib, nə də burada “Balta” ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedir. Sadəcə, bildiyimiz qədər, “Balta” komandasında işləmiş bəzi əməkdaşlara “Salnamə” film studiyasından xidməti müavilə ilə təklif göndərilib. Biz yəni o qədərini bilirik. “Balta”nın bütün hüquqi məsuliyyətini daşıyan və layihədə məsul bir şəxs kimi deyirəm ki, bizim Mədəniyyət Nazirliyi ilə hər hansı bir işbirliyimiz yoxdur. Biz Mədəniyyət Nazirliyinə eyni layihəni Azərbaycanın ilk tammetrajlı animasiya filmi kimi 2019-cu ildə göndərmişik, amma bizə cavab gəlməyib. Onunla əlaqədar mən Mədəniyyət Nazirliyinə layihə təklifini təkrar göndərəcəyəm. Əlbəttə, şəffaflıq, dürüstlük tərəfdarıyıq. Çox istərdik ki, bu kimi layihələr Mədəniyyət Nazirliyində açıq müsabiqə, tender üsulu ilə keçirilsin, biz də ölkənin ən böyük, professional animasiya studiyası olaraq bura qatılaq və ölkəmiz üçün faydalı olaq. Amma bizə təkrar edirəm, bizə bu mövzuda Mədəniyyət Nazirliyindən hər hansı rəsmi şəxs bizimlə əlaqə saxlamayıb və bizə təklif gəlməyib”- deyə N.Manafov qeyd etdi.

“Balta”nın prodüsseri açıq şəkildə deyir ki, 500 min manat büdcəsi olduğu deyilən tammetrajlı animasiya filminin çəkilişləri onlara həvalə edilməyib. Mədəniyyət Nazirliyi gəzən söz-söhbətlərə aydınlıq gətirmək əvəzinə susur, bu susqunluq isə bir çox müəmmalara yol açır. Belə görsənir ki, nazirliyin 500 min manatlıq büdcəsi olan tammemtrajlı animasiya filiminin taleyi müəmmalıdır. Hər halda, düşünürük ki, nazirlik bu məsələyə aydınlıq gətirəcək.
Mənbə: Bakixeber.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.