İkinci Dünya Müharibəsindən daha pis...
13-04-2022, 09:18
Ukrayna prezidenti Vladimir Zelenski Donbassın hətta İkinci Dünya Müharibəsi zamanı belə indiki kimi qəddarlıq görmədiyini bildirib.
Zelenski bunu müharibənin 48-ci gününün yekunlarına dair videomüraciətində deyib. SİA bu barədə “UNİAN” saytına istinad edir.
“Bu gün ruslar deyirlər ki, hər şeyi xalq, Donbass naminə edirlər... Amma İkinci Dünya Müharibəsi zamanı da Donbass belə qəddarlıq görməmişdi. Bu günsə həmin qəddarlığı rus qoşunlarından görür"- deyə Ukrayna prezidenti bildirib.
Onun sözlərinə görə, bu gün Donbasda Leninqradın mühasirəsi tarixi təkrarlanır.
Əlbəttə, faşist blokadası zamanı Leninqradda sağ qalanlar bu gün Donbass və Mariupolda baş verənlərə şahidlik etsəydilər, dediklərimi təsdiq edərdilər.
Xatırladaq ki, rus qoşunları Ukraynaya ərazisinə fevralın 24-də səhər tezdən daxil olub.
Ruslar əvvəlcə hərbi obyektləri bombalayıb, sonra isə Donbassın bəzi hissələrində dinc əhaliyə hücum edilib. Sonradan ruslar Donetsk vilayətinin Mariupol şəhərinə hücum edib.
Aprelin 4-də Mariupol meri Vadim Boyçenko rusların şəhərin infrastrukturunun 90 faizini məhv etdiyini paylaşıb şəhərdə humanitar fəlakət yaşandığını bildirmişdi: artıq bir aydan çoxdur ki, bu ərazidə işıq, su, dərman və ərzaq yoxdur.
Hələ aprelin 11-də Vladimir Zelenski Mariupolda on minlərlə insanın öldüyünü bildirmişdi.