Rusiyaya bazar qapısı bağlanır: - Azərbaycan onu əvəz edəcək?
15-04-2022, 18:04
![Rusiyaya bazar qapısı bağlanır: -](/uploads/posts/2022-04/1650031432_1.jpg)
Enerji ticarətində Avropa ölkələri Rusiyanın əsas müştəriləri olsa da, vəziyyət getdikcə dəyişir.
Belə ki, Ukraynaya qarşı işğalçı siyasəti Rusiyanın enerji ilə bağlı bir sıra müştərilərini ardıcıllıqla itirməsinə gətirib çıxarır. Avropa İttifaqı Rusiyadan neft idxalını mərhələli şəkildə azaldacaq. Beləliklə, Avropa ölkələri bu müddət ərzində yeni təchizatçılarla müqavilələr bağlamağa vaxt qazanacaq.
“The New York Times”in xəbərinə görə, aprel ayının 24-də Fransada prezident seçkilərinin ikinci turu yekunlaşana qədər neft və qaz təchizatı ilə bağlı hər hansı qadağanın tətbiq edilməsinə dair məsələ gündəmdə olmayacaq. Bu gün dünya bazarında neft-qaz istehsalçısı olan ölkələr sırasında Azərbaycan da yer alır.
Bəs, Azərbaycanın adı Avropa ölkələrinin nəzərdə tutduğu yeni təchizatçılar sırasındadırmı? Teref.az-ın məlumatına görə, neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündən əvvəl bu ölkənin gündəlik neft ixracı təxminən 4, 6 milyon barel təşkil edirdi:
“Mövsümlə bağlı ixrac həcmləri hətta 5 milyon barel civarına da yüksələ bilirdi. Rusiya eyni zamanda beynəlxalq müştəri bazarlarına neft məhsulları da ixrac edirdi. Gündəlik ixrac həcmləri 2,6 milyon barel idi. Bütövlükdə Rusiya-Ukrayna müharibəsindən əvvəl bu ölkənin gündəlik neft və neft məhsulları ixracı 7,5-7,6 milyon barel idi. Enerji dəyər zəncirində iki əsas amil var ki, biri neft, digəri təbii qazdır. Bu dəyər zəncirində hər hansı qırılma təbii ki, qlobal iqtisadiyyata mənfi təsir göstərir. Avropa ölkərində mövcud olan emal gücləri əsasən Rusiyanın ixrac neftinə hesablanmışdı.
Rusiya Avropa ölkələrinə Qara dəniz limanı olan “Novorossiyk” üzərindən, eyni zamanda Baltik dənizi sahilində olan “Primorsk” və “Usluk” dəniz terminallarından xam neft və neft məhsulları ixrac edirdi. Digər tədarük həcmləri “Drujba” kəməri vasitəsilə ixrac edirdi ki, burada maksimum ötürücülük gücü gündəlik 800 min- 1 milyon barel civarındadır. Avropadakı neft emalı güclərinin konfiqurasiyası “Urals” markalı neftə hesablandığından mərhələli şəkildə Rusiya neftindən imtina ediləcəyi təqdirdə alternativ variantlar işə düşməlidir. Alternativ variantlar da tapılacaq”.
Ekspertin sözlərinə görə, bu halda neft təchizatında tədarük tezliyi deyilən bir anlam var ki, bu da məhsulun çatdıırlma müddətidir:
“Sadəcə olaraq alternativ mənbələrdən neftin çatdırılma müddəti bir az böyüyəcək. Məsələn, Rusiya nefti “Novorossiyk” və yaxud Baltik dənizi terminallarından Avropa bazarlarına, Aralıq dənizi regionlarına maksimum 7-10 gün müddətinə çatdırılırdı. Artıq alternativ mənbələrdən tədarük həcmləri 30-40 gün müddətinə çatdırılacaq. Eyni zamanda, burada daşınma, sığorta xərcləri artmış olacaq. Buna baxmayaraq, hazırkı vəziyyət siyasi məsələ olduğuna görə Avropa ölkələri alternativ mənbələrdən neft tədarükünü həyata keçirəcək. Hazırda bazarda neft qıtlığı müşahidə edilmir. Məsələn, mart ayında gündəlik tədarük 98 milyon bareldən yuxarı olub. Dünya üzrə neftə olan gündəlik tələbat isə 98 milyon bareldən yuxarı olub, mart ayının sonunda qlobal neft bazarlarında neftə olan tələbat 99,2 milyon barel təşkil edib ki, bu da pandemiyadan əvvəlki ixrac və idxal rəqəmlərinə yaxındır. Alternativ mənbələr əsasən Şimal dənizindən hesablanıb, ABŞ nefti, Liviya və Nigeriya üzərindən ixrac həcmləri olacaq”.
Ekspertin fikrincə, təbii ki, Azərbaycan nefti də əvvəlki qaydada həm Qara dəniz, həm də Aralıq dənizi enerji bazarında olacaq:
“Çünki Azərbaycanın neft təsisatları əsasən tədarük çevikliyində elə bir problem yaratmır. Biz istənilən Ceyhan limanından Aralıq dənizi regionlarına bir həftə ərzində neftin çatdırılmasını təşkil edə bilərik. Təbii ki, Azərbaycanın neft satışından əldə etdiyi gəlirlər ötən illə müqayisədə çox olacaq. İtaliyanın “Auqusta” limanında “AzerLight” markalı neft “Brent” etalon markalı neftə nisbətdə hər bareldə 6,5-6,25 dollar mükafatla satılır. Bu baxımdan Azərbaycan neft ixracında müştəri məmnuniyyətinin təminində elə bir problemi olmayacaq”.