Süd tozunu kərəyə çevirənlər qazanır:

16-04-2022, 00:10           
Süd tozunu kərəyə çevirənlər qazanır:
Bu gün marketlərdə satışda çox sayda süd və süd məhsulları, müxtəlif adlarda kərə yağları var.

Həmin kərə yağlarının isə cəmi bir neçəsinin üzərində Azərbaycan istehsalı olduğu yazılıb. Beləliklə, bazarda yağ və süd məhsullarının yerli istehsal olduğuna və keyfiyyətinə inanmayan vətəndaşlar bu məhsulları marketlərdən almaq məcburiyyətindədir.

Ölkədə il ərzində təxminən 40 min ton kərə yağı istehlak edilir ki, bunun təxminən 24 min tonu yerli fermerlər və heyvandarlıq kompleksləri tərəfindən istehsal olunur. 16 min tona yaxın kərə yağı isə xaricdən idxal edilir. Qeyd edək ki, 2021-ci ildə ölkəyə idxal olunun kərə yağı, 15 min 34 ton təşkil edib ki, onun da dəyəri 78 mln. 789 min dollar olub. Əgər 2021-ci ilin yanvar ayında ölkəyə 1070 ton kərə yağı gətirilmişdisə və buna 5 milyon 365 min dollar sərf edilmişdisə, 2022-ci ilin yanvarında kərə yağ idxalı 1137 tona qalxıb və buna 6 milyon 377 min dollar xərclənib.

Maraq doğuran isə odur ki, davamlı olaraq ölkədə heyvandarlığın inkişafından bəhs edilsə də, hələ də bu məhsullar xaricdən idxal edilərək, vayuta axınına şərait yaradılır. İdxalçı ölkələrdən biri olan İran Azərbaycana kərə yağı ixracını 60 dəfəyə yaxın artırıb. Ümumilikdə bir ölkədən idxalda 60 dəfə artım böyük rəqəmdir.

İrandan kərə yağı idxalının artması tələbatın artması, yaxud istehsalın azalması ilə bağlıdır? Rusiya-Ukrayna müharibəsinin yağ idxalında rolu hansı səviyyədədir?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildrdi ki, əslində İrandan kərə yağı idxalı çox böyük rəqəm görünür, ancaq ötən ilə qədər həmin ölkədən bu məhsulun idxalı çox az idi:

“Hazırda idxalın artmasının bir səbəbi isə Ukraynadan gələn yağ idxalının iki aya yaxındır ki, dayanması ilə bağlıdır. Rusiyadan da idxal olunan yağla bağlı məhdudiyyətlər var. Çünki Rusiya daxili bazarı qorumaq üçün bəzi ərzaq məhsullarının ixracına qadağa qoyub ki, bu da öz təsirini göstərir. İranda yağın daha ucuz olması həmin bazarı daha cəlbedici vəziyyətə gətirib. Bu isə Azərbaycanın İrandan kərə yağı idxalının artırılmasına səbəb oldu”.

Ekspertin fikrincə, kərə yağı ilə bağlı daxili istehsal çox azdır:

“Hətta bu illər ərzində yerli istehsal adı altında kərə yağları var idi və onların böyük əksəriyyəti qablaşdırmaqla bazara çıxarılırdı. Əsasən də Ukraynadan 40-50 kiloluq qutularda alınırdı. Sonra onlar 200 qram, 1-2 kiloqram çəkisində qablaşdırılaraq yerli markalar adı altında bazara çıxarılırdı. Ancaq bunların əksəriyyəti yerli məhsullar deyil. Əslində isə bizdə yerli kərə yağı istehsalı çox azdır və daxili tələbatı maksimum 10-15 faiz ödəyə bilər. Təəssüf ki, bazarda əsasən idxal məhsullarıdır”.

Ekspertin sözlərinə görə, süd istehsalında problem ondan ibarətdir ki, daxili klassik istehsal o qədər böyük deyil:

“Xaricdən, Ukrayna, Rusiya, Avropa ölkələri, Hollandiya, bəzi Baltik ölkələrindən süd tozu alıb Azərbaycanda onu südə çevirərək ondan süd məhsulları, kərə yağ istehsal edirdik. Hazırda logistik zəncirlərin qırılması ilə bağlı məhsulların gətirilməsində çətinlik yaratması süd tozunda da problem yaradır”.

İdxalın azaldılması üçün yerli isehsalın artırılması mümkündürmü?

Ekspert deyir ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının iqtisadiyyata qazandırılması prosesində bu problemin böyük ölçüdə həllinə nail olmaq olar:

“Bunun üçün yaxşı təşviq siyasəti lazımdır. Dövlətin dəstək addımlarına ehtiyac var. Kəlbəcər, Laçın, Qubadlı kimi ənənəvi heyvandarlıq rayonlarında iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayının, həm ət, həm də süd üçün istehsalın artırılmasına ehtiyac hiss edilir. Həmin potensialdan necə istifadə edəcəyik, bunu zaman göstərəcək”.

Nigar Abdullayeva
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.