Ərzaq qıtlığı olmasın deyə hökumət hansı addımları atır? - Açıqlama
16-04-2022, 00:10
![Ərzaq qıtlığı olmasın deyə hökumət hansı addımları atır? - Açıqlama](/uploads/posts/2022-04/1650047489_1.jpg)
“Dövlət tərəfindən taxılın tonuna görə fermerlərə güzəştli subsidiyaların verilməsi, eləcə də onların 2024-cü ilə qədər əlavə dəyər vergisindən azad olunması istiqamətində işlər görülür”.
Bunu Bakupost.az -a millət vəkili Aydın Hüseynov ərzaq məhsullarının bahalaşması ilə bağlı danışarkən deyib.
O bildirib ki, bu məsələ hökumətin nəzarətindədir:
“Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan iqtisadiyyatına, xüsusilə ərzaq sektoruna təsirləri hökumət tərəfindən dəyərləndirilib. Son günlər ərzaq mallarında qiymətlərin artımını müşahidə edirik. Bu kimi halların vaxtında qarşısının alınması üçün hökumətin konkret addımları var”.
Millət vəkili ölkədaxili bazarın öz potensialımız hesabına təmin olunması istiqamətində müəyyən addımlar atıldığını deyib:
“Xüsusilə ərzaq bolluğunun yaradılması üçün ölkədaxili bazarın öz potensialımız hesabına təmin olunması istiqamətində işlər görülür.
Birinci istiqamət, dövlət tərəfindən taxılın tonuna görə fermerlərə güzəştli subsidiyaların verilməsi, eləcə də 2024-cü ilə qədər əlavə dəyər vergisindən azad olunmasıdır. Bu, taxılın satışı və istehsalı ilə məşğul olan sahibkarlara aiddir.
Digər tərəfdən, əkin torpaqlarımızın genişləndirilməsi, xüsusilə Qarabağda çox böyük kənd təsərrüfatı potensialımız var. Bu kənd təsərrüfatı potensialının ölkənin iqtisadi dövriyyəsinə cəlb olunması istiqamətində işlər həyata keçirilir. Digər inzibati tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.
Kritik situasiyalarda həmişə Azərbaycan dövləti bütün prosesləri, xarici şokları, digər geosiyasi prosesləri nəzərə alaraq ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafını təmin edib. Bu baxımdan demək olar ki, Rusiya ilə Ukrayna arasında gedən bu müharibənin bütün təsir variantları ölçülüb. Təkcə bu iki ölkədən yox, digər ölkələrdən də lazımi ərzaq tələbatının əldə olunması üçün variantlar mümkündür. Dövlət ərzaq qıtlığının olmaması üçün lazımi resurs və vasitələrdən istifadə edəcək”.