PUTİNİN ALMANİYADA GİZLİ MÜHARİBƏSİ! – Sensasiyalı araşdırma

19-04-2016, 00:46           

Almaniyada jurnalist Boris Raytşusterin “Putinin gizli müharibəsi” adlı kitabı çapdan çıxıb. Rusiya üzrə ixtisaslaşmış və uzun müddət Moskvada işləmiş alman jurnlaisti Almaniyada Kreml tərəfindən yaradılan xüsusi diversiya dəstələri barəsində yazıb. ”Deutsche Welle”-in müxbiri Efim Şuman detalları aydınlaşdırmaq istəyib.

- Boris, Almaniyanın KİV-ləri sizin sözlərinizi xatırlayaraq ”Putinin gizli ordusu” barəsində danışırlar. ”Ordu” dedikdə nəyi nəzərdə tuturlar?

– Həqiqəti söyləsəm, ordu sözü mənin xoşuma gəlmir. Ordu çox böyükdür, burada söhbət ordudan yox, dəstələrdən gedir. Xüsusi xidmət orqanlarının dəyərləndirmələrinə görə, onların sayı 250-300 nəfərdir, yəni ordudan xeyli az. Amma hər halda belə bir şey movcuddur və onu inkar etməyə dəyməz. Həmin dəstələr döyüş növləri məktəblərinin bazası əsasında formalaşır. Burada ”Sistema” adlandırılan və Rusiya xüsusi təyinatlılarının istifadə etdikləri döyüş növləri tədris edilir. Son zamanlar Qərbdə bu cür məktəblər yağışdan sonrakı göbələklər kimi artır.
Onu mütləq vurğulamaq istəyirəm ki, bu məktəblərə gedənlərin 99 %-nin gizli qruplar ilə heç bir əlaqələri yoxdur. Döyüş növləri ilə məşğul olanların hamısından şübhələnmək olmaz. Lakin hansısa insanları rekrut etmək mümkün olub. Onları ixtisas artırma adı altında Moskvaya göndərirlər və həmin şəxslər burada xüsusi təyinat üzrə daha ciddi hazırlıq keçirlər. Təlim keçənlərə təkcə döyüş növlərini deyil, eyni zamanda partlayıcılar, odlu silahlarla davranış və diversiya fəaliyyətlərini də öyrədirlər. Sonradan onlar Almaniyaya qayıdırlar və Moskvadan gələn komandanı gözləyərək, sakitcə yaşayırlar. Hətta, onların bəziləri Almaniyanın hüquq mühafizə orqanlarında, güc strukturlarında, yəni Rusiyada deyildiyi kimi, polisdə və bundesverdə işləyirlər.
Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi Almaniya əyalətlərindən birində bu cür iki nəfəri yaxalayanda, onlar rus zabitləri olduqlarını bildirərək, buna görə də özlərinə qarşı müvafiq qaydada davranış tələb ediblər.

- Bu döyüşçülər Rusiya vətəndaşlarıdır, yoxsa Almaniya?

– Əsasən Almaniya. Və ya onlarda iki pasport var. Rusdillilərin sayı Almaniyada dörd milyona yaxındır. Əlbəttə, onların böyük əksəriyyəti keçmiş SSRİ-dən gəlmişlər, rusiyalılardır və loyal vətəndaşlardır. Amma heç kimdə elə bir fikir yaranmasın ki, bu insanlar Putinin beşinci kolonudur. Bəlkə də, Putinin özü bunu arzulayardı, ancaq belə bir şey yoxdur. Bu insanların böyük əksəriyyəti demokratik dəyərlərin nə demək olduğunu yaxşı anlayan və onu qəbul etmiş insanlardır.

- Əgər hər şeyi öz adı ilə çağırsaq, burada söhbət öz vaxtını gözləyən 250-300 diversantdan gedir. Mən sizi düzmü başa düşdüm?

– Bəlı, məhz bu cürdür. Mənim özüm bu barədə eşidəndə və xüsusi xidmət orqanlarının sənədlərini görəndə, bir qədər təəccübləndim və digər mənbələrdən əldə olunan məlumatları tam yoxlamayana qədər, inanmağım gəlmirdi. Amma mövzuya ciddi şəkildə girişəndə aydın oldu ki, burada yeni nəsə yoxdur. Almaniya Demokratik Respublikasında (ADR) da belə edilirdi.
Vaxtilə “Ştazi” (DTK ilə razılaşdırılmaq şərti ilə) bu cür dəstələri Qərbi Almaniyanın işərisində hazırlayırdı və on illər ərzində onları müəyyənləşdirib, ifşa edə bilməmişdilər. Yalnız Berlin divarının çökməsindən sonra, ADR təhlükəsizlik agentliyi “Ştazi”nin arxivlərinə giriş mümkün oldu və məhz bundan sonra aydınlaşdı ki, belə diversiya dəstələri varmış. Yəni, bu, Putinin yeni icadı və ya hər hansı innovasiya deyil, bu sadəcə olaraq DTK-nın köhnə metodlarının davamıdır.
O ki qaldı indiki döyüş qruplarına, bizim əlimizdə onların nəyə isə bulaşdıqları haqqında məlumat yoxdur. Razılaşın ki, haradasa öz partlama vaxtını gözləyən hansısa partlayıcının gizlədilməsi barəsində düşünmək xoşa gələn deyil.

- 1971-ci ildə DTK-nın birinci baş idarəsinin kəşfiyyat-diversiya şöbəsində xidmət göstərən mayor Oleq Lyalin ingilislərə tərəf qaçımışdı. O, bu cür əməliyyatlar barəsində məlumat verdikdən sonra Böyük Britaniya yüzdən artıq DTK və Baş Kəşfiyyat İdarəsinin (BKİ-hərbi kəşfiyyat) əməkdaşını ölkədən xaric etmişdi. Bəs, nəyə görə Almaniya hökuməti heç bir tədbir görmür? Axı, xüsusi xidmət orqanlarında məlumat var, əgər müvafiq sənədləri sizə göstəriblərsə…

– Öncə onu deyim ki, bütün bunları Almaniya kəşfiyyatı hazırlamayıb və sənədləri də mənə almanlar göstərməyiblər. Belə deyək – burada söhbət Qərbi Avropa xüsusi xidmət orqanlarından gedir və onlar almanların uzun müddət bu məlumatlara əhəmiyyət verməməklərindən narazı qalıblar. Onu demək istərdim ki, Putinin dəstəsinə bənzər qrupların yaradılması, döyüşçülərin öyrədilməsi və Rusiya casuslarının Almaniyada yerləşdirilməsi mənim üçün elə də təəccüblü deyil. Mənim üçün təəccüblüsü Qərbin bu dərəcədə sadəlövh olmasıdır. Bizim çox zəif tarixi yaddaşımız var. Biz soyuq müharibədə Sovet İttifaqının hansı metodlardan istifadə etməsini unutmuşuq. Axı, soyuq müharibə qayıdır və onun təhlükəliyinə bütün ciddiyyəti ilə yanaşmaq lazımdır.

(Deutsche Welle)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.