Sirr açıldı: Rusiya ordusu qabyuyan maşın və soyuduculardan istifadə edirmiş
12-05-2022, 14:30
![Sirr açıldı:](/uploads/posts/2022-05/1652351449_1.jpg)
Rusiyanın fevralın 24-də Ukraynaya başladığı müharibədən sonra dünyanın ən böyük kompüter çipi şirkətləri Rusiyaya tədarükləri kəsməyə başladı. Bu, sanksiyalar məngənəsində olan Moskvanı alternativ yollar sınamağa sövq edib.
Bizimyol.info xəbər verir ki, ABŞ-ın ticarət naziri Gina Raimondo Senatın iclasında çıxış edib. O, çıxışı zamanı Qərbin sanksiyalarından sonra Rusiyanın qabyuyan maşın və soyuducuların kompüter çiplərindən hərbi texnikada istifadə etdiyini bildirib.
Bu yaxınlarda Ukraynanın baş naziri ilə danışan Raymondo "biz ukraynalılardan qabyuyan maşın və soyuduculardan yarımkeçiricilərlə dolu Rusiya hərbi texnikası tapdıqlarına dair yeni xəbərlər aldıq" deyə bildirib. Raimondonun sözlərinə görə, fevralın sonunda sanksiyalar başlayandan bəri ABŞ-ın Rusiyaya texnologiya ixracı təxminən 70 faiz azalıb. Raimondo vurğulayıb ki, özlərindən başqa daha 3-dən çox ölkə Belarusa oxşar ixrac qadağaları tətbiq edib.
ABŞ-lı nazir çıxışında iki Rusiya tank istehsalçısının komponent çatışmazlığı səbəbindən istehsalı dayandırmalı olduğunu, Ağ Ev Uralvaqonzavod və Çelyabinsk Traktor Zavodlarının istehsalı dayandırdığını açıqlayıb.
"Məqsədimiz Rusiyanın hərbi imkanlarını texnoloji məhdudiyyətlə sındırmaq idi. Biz məhz bunu edirik",- deyə Raimondo əlavə edib. Xatırladaq ki, ABŞ və digər Qərb ölkələri Ukrayna müharibəsindən əvvəl xüsusi olaraq hərbi istifadə üçün nəzərdə tutulmuş çiplərin və digər elektron komponentlərin Rusiyaya satışını tənzimləmişdilər. Ancaq müharibənin rəsmi başlaması ilə qaydalar sərtləşdirildi.
Araşdırmalar göstərir ki, Rusiya ordusu çoxdan qərb elektronikasına arxalanır. Bundan əlavə Ukrayna səmasında vurulan Rusiya hərbi pilotsuz təyyarələrinin Qərb elektronikası, komponentləri ilə dolu olduğu müşahidə edilir.
Qeyd edək ki, ABŞ və onun Qərb müttəfiqləri Ukraynanın işğalından sonra Rusiyaya qarşı görünməmiş iqtisadi sanksiyalar tətbiq ediblər. Cərimələrin sürəti və intensivliyi ilk növbədə rublu darmadağın edib, Rusiya fond bazarını bağlanmağa məcbur edib və rusları bank hesablarından dollar çıxarmaq üçün bankomatlarda növbəyə durmağa sövq edib.
Putinin bufer planı ilə bu çöküşün qarşısı alınıb, lakin təhlükə hələ də qalmaqdadır.
Moskva artıq mikroçiplər kimi kritik xarici malları ala bilmir və bu məhdudiyyətlər də bilavasitə Rusiyanın texnologiya, müdafiə sektorlarını sarsıdacaq, silah və ya süni intellekt kimi alətlərin inkişafının davam etdirilməsini, hətta zədələnmiş tankların təmirini çətinləşdirəcək.
Leyla, Bizimyol.info