“Tutaq ki, Həcc ziyarətinə getdin, Məkkəni gördün, noolsun?”

28-05-2022, 20:42           
“Tutaq ki, Həcc ziyarətinə getdin, Məkkəni gördün, noolsun?”
Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə görə 5 min 350 dollar, yəni 9 min 95 manat müəyyən edilib. Mövcud qiymətlər insanların narazılığına səbəb olub. Belə ki, əksəriyyət Həcc ziyarəti üçün tələb edilən məbləğin yüksək olduğunu düşünür.

Lakin burada maraqlı məqamlardan biri də bir zamanlar dövlət və hökumət strukturlarında vəzifə tutan şəxslərin son zamanlar intensiv şəkildə Həcc ziyarətinə getməsi xəbərləridir. Məsələn, Ziya Məmmədov kimi.

Cəmiyyətdə belə bir rəy var ki, bu qədər məbləği ödəyərək Həcc ziyarətinə gedənlərin heç də hamısı halal yolla pul qazanmırlar. Hətta haram yolla pul qazanıb Həcc ziyarətinə gedənlərin mövzudluğuna dair çoxsaylı iddialar var.

İlahiyyatçı Elşad Miri Yenisabah.az-a açıqlamasında deyib ki, məsələyə iki prizmadan yanaşmaq lazımdır:

“Birincisi, məmur olan hər kəsin rüşvət aldığını iddia etməyimizin özü bir böyük günahdır və insanı yanlışa aparan bir səbəbdir.

Hər hansısa bir məmur bu gün halal yolla yığdığı pulla sabah Həccə də, istirahətə də gedə bilər. Yəni buna o, mütləq rüşvət alıb gedib deməyin özü absurd bir yanaşmadır və heç bir doğruluq payı yoxdur. Sadəcə, biz onları hər zaman qarışdırırıq.

İkinci tərəfdən, siz sual etdiniz ki, pul necə yığılıb Həccə gedilməlidir? Ondan ötəri bir şeyi nəzərə alaq. Bu günləri Məkkənin özündə yaşayan adamlar var. Onların pul yığıb getmələrinə ehtiyac varmı? Xeyr, yoxdur. Adam orada yaşayır və ibadətini də istədiyi an edə bilər. Sadəcə, bizim kimi ölkələrdən gedən insnalar üçün bu tendensiya fərqlidir. Əgər gücü və imkanı çatırsa, bəli, getməyi yaxşıdır. Yox, əgər gücü çatmırsa və deyirsə ki, mütləq gedib oralara görüm və s. Hə, yaxşı, getdin, gördün, sonra? Görəndə nolacaq?!”.

Həmsöhbətimiz əlavə edib:

“Məkkədə biri ilə tanış oldum, yerli adam idi. Deyirəm ki, neçə yaşınız var? Yaşının 60-dan çox olduğunu dedi, amma ömründə bir kərə belə olsun Həcc ziyarətinə getmədiyini söylədi. Soruşuram, bəs niyə? Deyir, buradadır da, qaçmır ki?

Gəlin, bir də başqa bir prizmadan yanaşaq. Məsələn, Peyğəmbərimizin (s.a.v) özü ömrünün axırına qədər Məkkə və Mədinədə yaşadı, lakin ömründə cəmi-cümlətani bircə kərə Həccə getdi.

Biz isə sadəcə olaraq Həccin anlayışını bir az fərqli təqdim edirik. Əslində, bu günləri Həcc BMT-nin funksiyasını yerinə yetirən məsələlərdən biridir. Çünki insanlar oraya yığışıb beynəlxalq məsələləri müzakirə edib qərara bağladıqları kimi, müsəlmanlar da həmin vaxtlarda o yerə yığışıb müəyyən məsələləri müzakirə edirlər”.

Ümrə ziyarətinin Azərbaycanda rituallaşdığını deyən dini məsələlər üzrə ekspert vurğulayıb:

“Amma bu gün təəssüflər olsun ki, bizimkilər bu məsələni o qədər rituallaşdırıblar ki, gedirlər oraya, ancaq hotel, ancaq alış-veriş və müəyyən vaxtlarda namaz qılmaqla işi bitmiş hesab edirlər. Nə olur? İnanın, çox da nəsə qazanılmış olmur. Sadəcə gedirlər özlərinin adının qabağına “həci” yazdırmaqla bu missiyalarını kifayətlənmiş hesab edirlər. Düşünürlər ki, nə qədər günahları varsa, ora günah yumaq maşınıdır və oraya gedib günahlarımızı yuyub qayıdacağıq. Eyni məntiqlə belə çıxır ki, onda həmin o bölgədə yaşayanların hamısı süddən çıxmış ağ qaşıqdır.

Məsələyə müxtəlif aspektlərdən yanaşanda görürük ki, bizim bu günləri rituallaşdırdığımız ibadət növüdür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.