Tovuzda 2 minlik cinayət, iş açılmır: Vilayət Eyvazova müraciət edildi

30-05-2022, 15:24           
Tovuzda 2 minlik cinayət, iş açılmır:
Tovuzun Əyyublu kənd sakini Mirzəyeva Naidə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. Reportyor.info vasitəsi ilə nazirdən kömək istəyən kənd sakini deyir ki, başına görünməmiş iş gəlib. Belə ki, martın 13-də Samir adlı şəxsə yas məclisi üçün kirayə qazanlar verib. Kirayə götürən şəxs bildirib ki, vəfat etmiş şəxsin 7 mərasimi başa çatanda, yəni martın 22-də qaytaracaq. Ancaq qazanları kirayə götürən adam həmin malları satıb. Şikayətçi deyir ki, qazanları kimin aldığı da məlumdur, lakin Tovuz polisinə edilən müraciətlər nəticə vermir: “Eyni kənddə bizim tanıdığımız Rövşən adlı şəxslə birlikdə gəldiyi üçün həmin adama qazanları verdik. Nömrəsini də götürdük. İki böyük qazandır, hər birinin qiyməti 1000 manatdır. Həmin qazanları götürən şəxs əslən Şəmkir rayonundandır, amma Tovuzda yaşayır. Ev ünvanını da polisə vermişik, adamı da göstəririk, amma tədbir görülmür”.

Vətəndaş nazir V. Eyvazovdan xahiş edib ki, məsələ ilə bağlı tapşırıq verilsin: ” 8 aprel tarixində 102-yə zəng etdim, xəbər çıxmadı, 11 apreldə ərizə verdim, 18 mayda isə yenə 102 qaynar xəttinə zəng etdim. Dedilər ki, xəbər edəcəyik, amma məlumat yoxdur. Tovuzda Qovlar şəhər Polis şöbəsində Rəşad Cəfərovun yanında olmuşuq. Heç bir nəticəsi yoxdur. Polisdə deyirlər ki, o bizim adamdır, ona heç nə edə bilmərik, ona görə gözlə bizə başqa iş versin, ordan sənin pulunu verərik. Cənab nazirdən xahiş edirəm ki, Tovuz polisinə işin ciddi araşdırılması üçün göstəriş verilsin. Bu qazanların dəyəri az deyil. 2 min manat edir. Bizim çörəyimiz kirayə qazan verməklə çıxır. Onu da götürən şəxs satıb, əli cibində gəzir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.