Ramzan Kadırov Ukraynada "Dudayev batalyonu"nu axtarır

30-05-2022, 15:57           
Ramzan Kadırov Ukraynada "Dudayev batalyonu"nu axtarır
Çeçenistan rəhbərinin təhlükəsizlik bloku üzrə köməkçisi Aptı Alaudinov bəzi məlumatlara görə hesab edir ki, Donbassda Severodonetsk bölgəsində "Cövhər Dudayev batalyonu"nun üzvləri ola bilər və bu səbəbdən onlarla görüşməyi təklif edib.

Cebhe.info xəbər verir ki, bu barədə “RİA Novosti" məlumat yayıb.

"Biz dəfələrlə məlumat almışıq ki, onlar qarşı tərəfdədirlər. Əgər bizim millətin nümayəndələrindən orada kimsə varsa, onun əsl çeçen olması ehtimalı azdır. Əgər onlar həqiqətən də oradadırsa, onları tapmaq bizim bir nömrəli məqsədimizdir və biz onları harada olurlarsa olsunlar, axtarıb tapıb, insanların həyatına qarışmamaları üçün məsələni həll edəcəyik”, - deyə Alaudinov jurnalistlərə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov sözügedən yaraqlıların yeri barədə məlumat verənə milyon dollar mükafat veriləcəyini açıqlamışdı.

Alaudinovun sözlərinə görə, "Axmat" adını daşıyan xüsusi təyinatlı dəstə Severodonetsk ərazisində və şəhərin özündə yerləşir.

"Əgər Cövhər Dudayevin adı ilə bağlı batalyon varsa, harada döyüşdüklərini bildirsinlər. Biz onların olduğu yerə getməyə hazırıq. Mən bu adamlara təklif edirəm, əgər belə bir batalyon varsa, bir mövqeyə gəlin və harada olduğunuzu bildirin", - deyə Kadırovun müşaviri əlavə edib.

Xatırladaq ki, Çeçenistanın Rusiyadan ayrılması tələbilə 1990-cı illərdə ölkənin Rusiya federal qüvvələrinə qarşı döyüşlərinə Cövhər Dudayev rəhbərlik edib. O, 1996-cı il aprelin 21-də Çeçenistanın Gexi-Çu kəndi yaxınlığında öldürülüb.

Həmçinin bildirək ki, Rusiyanın Ukraynaya başlatdığı müharibədə hazırda Rusiya hərbçiləri və tanınmamış Donbass respublikaları olan "DXR" və "LXR" qüvvələri ilə yanaşı, çeçen təhlükəsizlik qüvvələri və könüllüləri də fəal surətdə iştirak edir.

Sevinc Tapdıqqızı
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.