“Check-up” müayinə icbarı tibbi sığorta siyahısına daxil edilə bilərmi...

15-06-2022, 10:38           
“Check-up” müayinə icbarı tibbi sığorta siyahısına daxil edilə bilərmi...
Normalda hər bir insan heç olmasa ildə bir ətraflı müayinə olunmalıdır ki, sağlamlıq vəziyyəti haqda məlumatı olsun. Çox təəssüf ki, əhalinin xeyli bir faizi, el dili ilə desək, təpədən dırnağa müayinə oluna bilmir. Səbəb vətəndaşların öz sağlamlıqlarına biganə qalması deyil, əsasən müayinə qiymətlərinin əl yandıran olmasıdır.

Qiymətlər o qədər bahadır ki, bir ailənin 3-4 nəfər üzvünün müayinə olunması üçün, necə deyərlər, bir ətək pul lazımdır. Azərbaycanda əhali vaxtlı-vaxtında müayinə olunmadığı üçün daşıdıqları xəstəliklərdən xəbərsiz olurlar. Bir də o yerdə ayılırlar ki, iş-işdən keçib, xəstəlik ağırlaşıb, müalicəsi mümkünsüz olub. Bütün bunlar onunla bağlıdır ki, müayinə prosesi ödənişlidir, özü də çox bahadır. Dövlət xəstəxanalarında adı “ödənişsiz” olan müayinələr də, məlumdur ki, ödəniş müqabilində həyata keçirilir. Son illər “Check-up” müayinə termini ortaya çıxıb və insanların “Check-up” müayinə olunması çox vacibdir. Amma qeyd etdiyimiz kimi, bu da ödənişli olduğu üçün insanlar üçün elə də əlçatan deyil. Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiq edilməsi insanlara əməlli-başlı dəsəkdir və bu xidmətdən vətəndaşlar geniş şəkildə istifadə edir. İcbari Tibbi Sığorta zərfinə daxil olan xəstəliklərin sayının artırılması çox müsbətdir və vətəndaşlar bunu məmnunluqla qarşılayır. Vətəndaşlar deyirlər ki, “Check-up” müayinənin də icbari tibbi sığortaya daxil edilməsi çox yaxşı olardı. Hansısa səbəbdənsə “Check-up” müayinə icbari tibbi sığortaya daxil edilməyib. İnsanlar icbari tibbi sığorta ilə pulsuz müayinə olunmaq istəyir.

“ Check-up” müayinə hansı səbəbdən icbari tibbi sığortaya aid deyil?

Ekspertlər deyir ki, bu icbari tibbi sığortaya daxil edilsəydi insanlar istədikləri vaxt gedib başdan-ayağa pulsuz müayinə olunardılar.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu göndərdik, eyni zamanda ekspert rəyi öyrəndik.

Aydın Əliyev: “İnsanlar haqlıdırlar və “Check-up” müayinənin də icbari tibbi sığorta zərfinə daxil edilməsi çox zəruridir”

Həkim-radioloq Aydın Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “ Check-up” müayinənin də icbari tibbi sığorta zərfinə daxil edilməsi vacibdir. O hesab edir ki, Agentlik bu məsələni xüsusilə diqqətə alacaq: “Əlbəttə, “Check-up” müayinənin icbari tibbi sığorta zərfinə daxil edilməsinə böyük zərurət var. Bəzi zəruri müayinələr var ki, onlar ən azından ildə bir dəfə həyata keçirilməlidir. Məsələn, döş qəfəsi orqanlarının rentgeni, kardioqramma, qarın boşluğunun ultra səs müayinəsi, qanun ümumi analizi, xanımlarda süd vəzinin mamoqrafiya müayinəsi ildə bir dəfə olmalıdır. Hətta 35 yaşdan yuxarı xanımlarda süd vəzinin mamoqrafiyası ildə iki dəfə həyata keçirilməlidir. Yəni zəruri müayinələr var ki, bunlar edilməlidir. Təbii ki, bu müayinələri də icbari tibbi sığortanın qarşılaması vacibdir. Çünki işləyən insanların hamısı həm əməkhaqlarından ora pul köçürür, həm də işlədikləri idarənin büdcəsindən icbari tibbi sığorta üçün pul ayrılır. Ona görə insanlar haqlıdır və “Check-up” müayinənin də icbari tibbi sığorta zərfinə daxil edilməsi çox zəruridir”.

A.Əliyev hesab edir ki, “Check-up” müayinə icbari tibbi sığortaya daxil edilərsə insanlar bundan rahat istifadə edib müayinə olunarlar. Müayinə məsələsində vətəndaşların incidildiyini deyən ekspertin sözlərinə görə, bu yolverilməzdir: “Aşkar görsənən odur ki, səhiyyə, tibb sektorunda çalışan əksər məmurların, idarəçilərin məramı heç də vətəndaşlara xidmət deyil. Mən 30 ildir ki, bu sahədəyəm və bunları hiss edirəm. Düşünürəm ki, heç tibb sahəsində olmayan insanlar da bunu açıq-aşkar hiss edir…”

Agentlik: “Qeyd edilən tibb müəssisələrində də vətəndaşlar istənilən ixtisaslı həkimin müayinəsindən keçə bilər”

İcbari Tibbi Sığorta Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilib. Xidmətlər Zərfi hazırlanarkən son 5 ildə ölkə əhalisi arasında ölüm faizi, əlillik faizi yüksək olan, eləcə də sayında davamlı artım müşahidə olunan xəstəliklər nəzərə alınıb: “Agentliyin rəsmi internet səhifəsinə daxil olaraq, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə daha ətraflı tanış olmaq mümkündür: https://its.gov.az/page/xidmetler-zerfi-3

Vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün (ixtisaslı həkim - kardioloq, uroloq, oftalmoloq, endokrinoloq və s. - müayinəsi) şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və s. tibb müəssisələri aiddir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri ilə linkə daxil olaraq tanış ola bilərsiniz: https://its.gov.az/files/9/TEBIB%20SIYAHI.pdf

Qeyd edilən tibb müəssisələrində də vətəndaşlar istənilən ixtisaslı həkimin müayinəsindən keçə bilər və Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər. Vətəndaşa hər hansı tibbi xidmətin göstərilməsi müraciət etdikləri tibb müəssisəsində mümkün olmasa, bu zaman ixtisaslı həkim tərəfindən TƏBİB-in tabeliyindəki digər dövlət tibb müəssisəsinə və ya Agentliyin müqavilə bağladığı 57 özəl tibb müəssisəsindən birinə göndəriş verilə bilər.

Əgər vətəndaş TƏBİB-in tabeliyindəki müəssisədə ona göstərilmiş tibbi xidmətlərin keyfiyyətindən narazıdırsa və ya tibb personalı tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə, bununla əlaqədar ilk növbədə tibb müəssisəsinin məsul şəxslərinə, yaxud birbaşa rəhbərliyə müraciət etməlidir.

Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa, TƏBİB-in 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (Bakı AZ1154, İsmayıl Hidayətzadə küç. 11) müraciət edə bilər”.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.