"Bolmart"da zəhərlənmə əslində necə olub: "Ortaya fakt qoyarıq ki..."
4-07-2022, 16:02
!["Bolmart"da zəhərlənmə əslində necə olub:](/uploads/posts/2022-07/1656936137_1.jpg)
Xəbər verdiyimiz kimi, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.
Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu isə saytımıza açıqlamasında bildirib ki, sözügedən şəxslər qaz sızmasından zəhərlənib.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, hadisənin qaz sızmasından baş verdiyini inkar edə bilməz:
"Hadisənin hansı səbəbdən baş verməsinin təhlili bizim üzərimizdə deyil. Bu, istintaqın nəticəsi olaraq deyiləcək. Amma biz hadisənin qaz sızmasından baş verdiyini də inkar edə bilmərik. Zəhərlənmə, propan qazından ola bilər, amma metan qazından söhbət gedə bilməz. Çünki hadisədən dərhal sonra "Azəriqaz"ın müqavilə əsasında əməkdaşlıq elədiyi "Təmiz qaz" QSC ərazi üzrə sızmanın olub-olmaması məsələsini çox ciddi şəkildə araşdırıb. Ortaya konkret olaraq, fakt qoyulub ki, sızma ilə bağlı heç bir hal baş verməyib. Yəni biz "Azəriqaz"ın istehsal etdiyi qazdan zəhərlənməni inkar edirik. Elə bir şey yoxdur".