Rusiyada azərbaycanlı qadın “rusofobiya” maddəsi ilə 6 illik həbs edilə bilər...

6-07-2022, 20:36           
Rusiyada azərbaycanlı qadın “rusofobiya” maddəsi ilə 6 illik həbs edilə bilər...
Rusiya Federasiyası Xantı-Mansi muxtar dairəsinin Surqut şəhər məhkəməsi məişət münaqişəsi zamanı guya rusları açıq şəkildə təhqir etdiyinə görə qalmaqalın mərkəzində olan Azərbaycan mənşəli Surqut sakini Raya Məmmədova barəsində həbs-qətimkan tədbiri seçib.

Teref.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda Rusiya saytları məlumat yayıb.

Məhkəmə qərarına əsasən, qadın məhkəmə prosesinin sonunu azadlıqda gözləyəcək, lakin onun üçün müəyyən hərəkətlər - internet və rabitə vasitələrindən istifadə qadağandır. Həmçinin o, iş üzrə şahidlərlə də əlaqə saxlaya bilməz.

Əvvəlcə media R.Məmmədovanın inzibati məsuliyyətə cəlb ediləcəyini yazsa da, ibtidai istintaq-yoxlama mərhələsində olay cinayət işi kimi tövsif edilib. Üç uşaq anası “nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə milli mənsubiyyətə görə insan ləyaqətinin alçaldılması” maddəsi ilə ittiham olunur. Günahı sübuta yetirilərsə, o, 6 ilə qədər həbs cəzasına məhkum edilə bilər.

Öncə Rusiya saytları xəbər verib ki, bina sakinlərindən biri R. Məmmədovanın övladları ilə birgə binanın girişində özünü pis aparması və lifti zədələməsini təsvir edən video paylaşıb. Qadın paylaşmaya kəskin reaksiya verib və kişini və onunla birlikdə bütün rus xalqını təhqir etməyə başlayıb. Guya onun tərəfindən təhdidlər də səslənib. Qadının əri üzrxahlıq etdiyi video-müraciət yayıb. Məmmədova özü də belə edib. O, surqutlulardan rəsmən üzr istəyib. Lakin onun peşmançılıq sözləri nə Surqut sakinlərini, nə də internet istifadəçilərini razı salmayıb. Məmmədova rusofobiyada ittiham edilib və ona tarixi vətəninə qayıtmaq təklif olunub.

Xantı-Mansi muxtar dairəsinin vitse-qubernatoru Aleksey Şipilov öz teleqram-kanalında bildirib ki, Raya Məmmədova yəqin ki, “övladlarını çoxmillətli Rusiya xalqına nifrət ruhunda tərbiyə edir”.

Müsəlman müftiliyi və Azərbaycan diasporu da qadının əməlini kəskin şəkildə pisləyib. Lakin bununla belə, Surqutun Azərbaycan diasporu Rusiya vətəndaşları və rəsmilərini özbaşına mühakimədən çəkinməyə çağırıblar. İcma nümayəndəsi Raya Məmmədovaya hüquqi yardım və psixoloq xidməti vəd edib.

Ümid edirik ki, Azərbaycanın Rusiyadakı səfirliyi tezliklə məsələyə müdaxilə edib soydaşımızın hüquqlarının qorunmasını təmin edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.