Meymunçiçəyi testləri kimlərdən və hansı formada götürüləcək? - açıqlama

7-07-2022, 10:18           
Meymunçiçəyi testləri kimlərdən və hansı formada götürüləcək? - açıqlama
“Ən dəqiq və tez olanı tənəffüs yollarından və səpkilərdən götürüləndir”

İki həftə ərzində Avropada meymunçiçəyinə yoluxma hallarının üç dəfə artmasını nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini vəziyyətə təcili müdaxilə etməyə çağırıb. Bu barədə beynəlxalq qurumun Avropa bürosunun rəhbəri Hans Kluqe danışıb. O bildirib ki, region ölkələri qarşıdakı həftə və aylarda meymunçiçəyinin “böyük bir coğrafi məkanda möhkəmlənməsinin” qarşısını almaq üçün səylərini artırmalıdırlar. İndiyədək Avropa regionunda meymunçiçəyi virusuna 4500 yoluxma halı qeydə alınıb və bu, may ayının ortalarından indiyədək bütün dünya üzrə yoluxmaların 90 faizi deməkdir. Ənənəvi olaraq Afrikada rast gəlinən virus may ayından etibarən dünyanın müxtəlif ölkələrində, əsasən də Qərbi Avropada yayılmağa başlayıb. İndiyədək dünyanın 50-dən çox ölkəsində bu virusa yoluxma halları təsdiqlənib.

Qeyd edək ki, artıq Azərbaycanın sərhədlərində meymunçiçəyi xəstəliyi aşkar edilib. Bununla belə, hələ ki ölkəmizdə bu xəstəliyə rast gəlinməyib. Amma Azərbaycana meymunçiçəyi testləri gətirilib. Bəs kimlər bu testlərə müraciət edə bilər? Testlər hansı formada götürüləcək?

İnfeksionist Mərdan Əliyev bu və digər suallarla bağlı “Yeni Müsavat”a danışıb:

“Məlum olduğu kimi, hazırda Azərbaycanda meymunçiçəyi xəstəliyi yoxdur. İndi suçiçəyi xəstəliyi daha çox yayılıb. Amma suçiçəyi olan, bu xəstəliyi bir qədər ağır keçirənlər narahat olur, şübhəyə düşür, panikaya qapılırlar. Ona görə də bizə tez-tez suçiçəyi ilə meymunçiçəyi xəstəliyi arasında hansı fərqliliklərin olduğu haqda suallar verilir.

Əgər xaricdən gələn kiminləsə təmasda olmusunuzsa, bundan sonra sizdə müəyyən əlamətlər, dəridə səpkilər yaranıbsa, şikayətlər varsa, mütləq şəkildə həkimə müraciət etmək lazımdır.

Bəli, artıq ölkəmizə bu xəstəliklə bağlı testlər gətirilib. Bu testlər profilaktika məqsədi ilə gətirilib. Yəni əgər xarici ölkələrdə xəstəliyə yoluxma sayında böyük artım olarsa, ölkəmizə gələn vətəndaşlar yoxlanılsın, xəstəliyin ölkəmizdə də yayılmasının qarşısını almaq üçün.

O ki qaldı testlərin hansı formada götürülməsinə, düşünürəm ki, testlər həm tənəffüs yolundan, həm də səpkilərdən, həmçinin qandan da götürülə bilər. Lakin qandan götürülən analiz gec göstərir. Ona görə də ən dəqiq və tez olanı tənəffüs yollarından və səpkilərdən götürüləndir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.