“Bir il ömrün qalıb”, dedilər

7-07-2022, 11:22           
“Bir il ömrün qalıb”, dedilər
Xərçəngdən tamamilə xilas oldu

Xərçəng diaqnozu qoyulan və uzaqbaşı 1 il yaşaya biləcəyi ehtimal edilən qadın həkimləri heyrətə salıb. Bu barədə “Milliyet.com.tr” “İndependent”ə (Türkcə) istinadən xəbər verir. 51 yaşlı Jasmin David 2017-ci ildə səhhətində yaranmış problemlə əlaqədar həkimə müraciət edib.

Müayinələr zamanı qadında döş xərçəngi aşkarlanıb. Hətta xərçəngin ağ ciyərlərə, köks sümüyünə və limfalara yayıldığı müəyyən edilib. Qadına “belə ağır mərhələli xərçənglə ancaq 1 il yaşaya bilərsiniz”, deyilib. Jasmin müalicəyə başlayıb.

6 ay kimya terapiya kursu keçib, 2018-ci ildə cərrahi əməliyyatla döşü amputasiya edilib. Bundan sonra da müalicə kursu davam edib və Jasmin 15 kurs radioterapiya müalicəsi alıb. Bununla da qadının xərçəngdən xilas olduğu bildirilib. Lakin 2019-cu ildə Jasminin vəziyyəti yenidən ağırlaşıb.

Müayinə zamanı toxumalarda dəyişiklik görülüb, yəni xərçəngin geri döndüyü müəyyənləşib. Bunu öyrənən Jasmin cəsarətli addım ataraq qalan ömrünü tibb elminin inkişafına – xərçənglə mübarizəyə həsr etmək qərarına gəlib.

Qadın üzərində kliniki təcrübə keçirilməsinə razılıq verib. Təcrübə müddətində Jasminə hər 2 həftədən bir “Atezolizumab” adlı immuno-terapiya iynəsi vurulub. Təcrübə 2 il davam edib, sonunda Jasminin bu dəfə də xərçəngə qalib gəldiyi məlum olub.

Yasmin başına gələnlər barədə “Manchester Evening News”a danışıb: “Bu təcrübənin işə yarayıb-yaramayacağından əmin deyildim. Amma başqalarına bəlkə köməyim dəyər və gələcək nəslin xərçənglə mübarizəsinə yardım etmiş oldum” düşüncəsiylə buna razılaşdım.

Onsuz da öləcəyəm, heç olmasa insanlara köməyim dəyər”. Jasmin aprel ayında Hindistana, ailəsiylə görüşməyə gedib. Ailəsinə “bundan sonra erkən təqaüdə çıxacağam, həyatımı Allaha və tibb elminə şükr etməklə keçirəcəyəm”, deyib, ailəsi də qərarına hörmətlə yanaşıb. Jasminin müalicəsi hələ tam başa çatmayıb. Onun müalicəsi 2023-cü ilədək davam edəcək.

Kliniki təcrübənin rəhbəri, B.Britaniya, Mançesterdəki “Christie” xəstəxanasının professoru, onkoloq Fiona Thistlethwaite Yasminin bu qədər uğurlu nəticə əldə etdiyindən məmnun olduqlarını söyləyib: “Xərçənglə mübarizədə yeni üsullar və dərman preparatlarını davamlı təcrübədən keçiririk.

Məqsədimiz daha çox insanın xərçənglə mübarizədə qalib olmasıdır”.
şerq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.