Müharibə öncəsi son taym-aut – işğalçının 1 ay vaxtı var!
19-05-2016, 09:42
Azərbaycandan savaş xəbərdarlığı: “Öhdəlik götürməmişik...”; Vyana görüşü yalnız nisbi sükut vəd edir; ekspertlərə görə, savaş riski gündəmdən çıxmayıb; ermənilərin taleyi yenə öz əllərindədir; rusiyalı hərbi analitik: “Hər iki tərəf müharibəyə hazırlaşır...”
Prezidentlərin ATƏT-in Minsk Qrupu həmsədrləri və həmsədr dövlətlərin - ABŞ, Rusiya, Fransanın xarici siyasət idarələrinin vasitəçiliyi ilə Vyanada keçirilən görüşü müəyyən nikbinlik yaratsa da, əsas narahatlığı belə görünür, aradan qaldırmadı. Bu narahatlıq bölgədə yeni və genişmiqyaslı müharibənin alovlanma ehtimalı ilə bağlı idi.
Aprel döyüşlərindən sonra ilk dəfə və kifayət qədər geniş formatda reallaşan, böyük ümid bəslənən sülh danışıqları savaş təhlükəsini azaltdımı, sülh anlaşmasına gedən yol qısaldımı, yoxsa Vyana görüşü də o birilər kimi daha çox müharibə öncəsi taym-aut kimi tarixə düşəcək? Görüşlə bağlı ekspert şərhləri və rəylərində bu sual aparıcı olaraq qalır.
* * *
Öncə onu qeyd edək ki, ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik qurumunun baş analitiki Evgeni Çausovski görüşlə bağlı deyib ki, daha Qarabağda müharibə olmayacaq. Elə isə yenə suallar ortaya çıxır: belə əminlik üçün əsaslar nə dərəcədə ciddidir? Nəzərə alsaq ki, istənilən müharibənin yeganə alternativi sülh anlaşmasıdır, o zaman heç bir sənədin qəbul edilmədiyi Vyana təmasları belə anlaşmanın necə qarantı ola bilər?
Üstəlik, Vyana bəyannaməsində müharibə riskini yaradan əsas səbəb - erməni işğalı barədə bir kəlmə də deyilmir. Başqa yandan, Azərbaycan həmin görüşdə müharibə haqqını əlindən verən heç bir yazılı və şifahi öhdəlik götürməyib - nə barədə ki, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov açıq şəkildə bəyan edib. Bu, elə təcavüzkara müharibə xəbərdarlığıdır ki, var.
Qısası, işğal rejimi dura-dura münaqişə sonrasında necə sükut hökm sürə bilər?
Rusiyalı tanınmış hərbi ekspert Pavel Felqenqauer “Stratfor” analitikinin fikrini daha çox xoş məram jesti kimi qiymətləndirir və nikbin deyil. “Əlbəttə ki, inanmaq istərdik ki, Qarabağda müharibə olmayacaq. Ancaq optimizm üçün real əsas görmürəm. Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü böyük ölçüdə nəticəsiz olub. Guya ATƏT-in şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişlənməsi haqda razılığa gəlinib. Nə olsun? ”, - deyə o, haqqin.az-a görüşün nəticələrini şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, real barışıq yalnız o halda mümkün olacaq ki, ona hər iki tərəf razı olsun. “Konkret halda isə Azərbaycan və Ermənistan münaqişənin hərbi həll yolunun olmadığı haqda bəyanatlara rəğmən, məhz müharibəyə hazırlaşır” - analitik qeyd edib. Onun fikrincə, Vyana təmasları Rusiya və ABŞ-ın maraqlarının Suriya böhranı ilə bağlı növbəti toqquşma fonuna təsadüf edib. “Məsələ də ondadır ki, Suriya mövzusu Moskva və Vaşinqton üçün daha vacibdir, nəinki Dağlıq Qarabağ ixtilafı. Əliyev və Sərkisyanın budəfəki görüşü hesabına ABŞ və Rusiya Bakı və İrəvana çağırış elədi ki, ”nadinclik eləməyin". Buna da münaqişə tərəfləri “əlbəttə” cavabı verdilər və ardınca da müharibə hazırlığını davam etdirirlər" - hərbi ekspert əlavə edib.
* * *
Rusiyalı ekspert, tarixçi-alim Oleq Kuznetsov da o qənaətdədir ki, nizamlama prosesində real irəliləyiş əldə olunmayınca təmas xəttində gərginlik və hərbi toqquşma riski aradan qalxmayacaq. “Vestnik Kavkaza” nəşrinə görüşün nəticələrini şərh edən analitik bu nəticələri şişirtməməyi tövsiyə edib.
“Vyana danışıqları bundan öncəki analoji diplomatik sammitlərlə eyni cərgədə durur. Onların hamısı heç vaxt reallaşmayan xoşməramlı bəyanatlarla yekunlaşıb. Üstəlik, 20 ildir hər belə görüşdən sonra biz cəbhə xəttində növbəti hərbi aktivliyin artması hallarını müşahidə eləmişik. Elə Vyana görüşü günü hər tərəfdən bir əsgərin həlak olması da sübut edir ki, münaqişə zonasında gərginlik azalmayıb və nə qədər ki, tərəflər döyüşən tərəflər kimi qalır, çətin ki, bundan sonra da azalsın” - deyib rusiyalı ekspert.
Onun sözlərinə görə, təmas xəttində monitorinqin güclənməsi də gözlənilən effekti verməyəcək və gərginlik davam edəcək: “Müşahidə kameraları qismən kəşfiyyat-diversiya qruplarının, snayperlərin, ön xətdəki piyadaların fəaliyyətini çətinləşdirəcək. Ancaq bu, o demək deyil ki, artilleriya, zirehli texnika və pilotsuz uçan aparatlar, o cümlədən zərbə aparatları da öz hərəkətlərində məhdudiyyət hiss edəcək. Yəni müharibə üsulları daha məkrli və hiyləgər xarakter daşıyacaq və onlara texniki nəzarət olmayacaq. Yekun etibarilə Vyanada əldə olunan anlaşma münaqişəni dayandırmayacaq”.
* * *
“İyunda prezidentlər sülh danışıqlarına başlayacaqsa və xüsusilə də 7 rayondan erməni qoşunlarının çıxarılmasını özündə ehtiva edən razılaşma üzərində iş gedəcəksə, onda atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı əldə olunan razılaşmanı normal qarşılamaq olar”. Bunu isə sabiq dövlət müşaviri Qabil Hüseynli axar.az-a açıqlamasında deyib.
Politoloq Vyana görüşünün bitmədiyini və əsas prosesin hələ qabaqda olduğunu deyib: “Əgər gedişat bir ay bundan əvvəl Medvedyevin dediyi kimi dondurulma ilə başa çatarsa, yəni status-kvonun dəyişdirilməsinə xidmət etməyən qərarlar alınarsa, onda bu, heç də regionda sülhün möhkəmləndirilməsinə xidmət etməyəcək. Hiss olunur ki, Amerika ilə Rusiya arasında ciddi mövqe mübarizəsi olub. İlkin nəticələrdən belə görünür ki, bu mövqe mübarizəsində Rusiya daha israrlı olub və yəqin ki, Fransanın da köməyinin burada rolu var. Yəni atəşkəs rejiminə monitorinq sistemi və buna bənzər bir sıra mexanizmlərin işlənib hazırlanması ideyası işə keçsə də, bu, münaqişənin həllinə doğru atılmış müsbət addım deyil. Bu, işğalçıların ərazilərimizdən çıxarılması prosesi də deyil. Düzdür, Vyanada gələcək sülh danışıqları haqqında fikirlər səslənir. Ancaq məsələ burasındadır ki, erməni tərəfi danışıqların getdiyi məqamda belə atəşkəsi pozdu. İndi yeni reallıq yaranıb və bunları nəzərə alaraq, müəyyən razılaşmalara gedilə bilər. Hər halda siyasi rəhbərlik hazırkı vəziyyəti daha yaxşı bilir”.
Politoloqun sözlərinə görə, atəşkəs rejimi ilə bağlı monitorinq sistemini təmin edən mexanizmlərə nəzarət edəcək mütəxəssislərin gətirilməsi ön plana keçərsə, Azərbaycan sözsüz ki, daha formalaşmış mövqe ortaya qoyacaq: “Hələ ki razılaşmalarda işğalçı tərəfin əl-qolunu bağlayan addımların şahidi olmuruq. Bundan sonra sülh prosesi üzərində iş gedəcəksə və bu işin birinci addımı kimi hadisələr erməni qoşunlarının 7 rayondan çıxarılması ilə nəticələnəcəksə, onda Vyana görüşünün qələbə ilə bitdiyini söyləmək olar. Yox, hər şey ermənilərin maraqlarına xidmət edən monitorinq sisteminin yaradılması ilə bitəcəksə, demək, bu qədər yüksək səviyyədə təşkil olunan Vyana görüşü də nəticəsiz qalacaq”.
* * * *
Beləliklə, Vyana görüşü daha çox müharibə öncəsi taym-aut təəssüratı yaradır. Bu müharibədən isə yalnız bir halda qaçmaq mümkündür - erməni işğalçı qüvvələrinin heç olmasa bir neçə rayondan tezliklə və qeyd-şərsiz çıxması halında.
Başqa sözlə, Sərkisyan prezidentlərin iyuna nəzərdə tutulan növbəti görüşünə konkret kompromislə gəlməlidir. Yəni ermənilərin taleyi yenə öz əlindədir və “sülh, yoxsa müharibə” seçimini öncə onlar edəcəklər. Odur ki, hesab eləmək olar ki, Vyana görüşü yalnız nisbi sakitlik və erməni tərəfi üçün sonuncu fürsət yaradıb. Bu yerdə yalnız onu əlavə edək ki, düz bir aydan sonra - iyunun 19-da Bakıda “Formula 1" beynəlxalq yarışı başa çatacaq...musavat.com