Ruslar “geriyə verir”… VİDEO
Bu gün, 10:18

Alyaskadakı görüşdən sonra ruslar “bərk gedirdilər”. Vladimir Putinin ayaqları altına qırmızı xalının salınması, Donald Trampın Putini alqışlaması və onu öz maşınına dəvət etməsi kimi göstərilər ruslarda özlərinə əminlik hissi yaratmışdı və onlar “plankanı” bir qədər də qaldırmışdılar. Amma Avropa liderlərinin Ağ Evdəki görüşündən sonra baş verənlər, xüsusilə, Donald Trampın Social Truth platformasında “müharibəni yalnız müdafiə ilə udmaq demək olmaz; hücum edən tərəf olmalısan”.“Heç bir komanda hücum etmədən qalib gələ bilməz… Bayden yalnız müdafiəyə icazə verirdi. Maraqlı günlər bizi gözləyir!” yazması. Elə bu gün Ukrayna prezidentini Müstəqillik Günü münasibətilə təbrik etməsi vəziyyətin dəyişdiyinə işarə edir.
Bütün bunlar az imiş kimi, Ukraynanın həm öz silahlarını təkmilləşdirməsi, həm də ABŞ-da yeni silahların tədarükü ilə bağlı xəbərlərin intensivləşməsi vəziyyətin Ukraynanın xeyrinə dəyişdiyini bir daha təsdiqləyir. Ukrayna raket və dronlarının dəqiq zərbələri nəticəsində Rusiyanın Neft Emalı Zavodlarının sıradan çıxarılması, ölkənin 3 vilayətində benzin doldurma stansiyalarında uzun növbələrin yaranması, təyyarə reyslərinin təxirə salınması nəticəsində sərnişinlərin hava limanlarında qalmaları kimi problemlər Rusiya daxilində əhalinin narazılığını artırır.
Bütün bu amillər Rusiya rəhbərliyini çıxılmaz duruma salır. ABŞ-ın vitse-prezidenti J.D.Vens isə televiziyaya verdiyi ekskleziv müsahibəsində rusları yerlə bir edib: “Mən rusların hər şeyi güzəştə getməli olduğunu deməmişəm. Lakin onlar bir şeyi etiraf etdilər - Ukrayna müharibədən sonra ərazi bütövlüyünü qoruyacaq”. “Onlar başa düşdülər ki, Kiyevdə marionet rejim qura bilməyəcəklər - və ilk vaxtlar onların əsas tələbi bu, idi”.
Daha bir gözəl sitat: “Nəhayət, öz ölkələrinin sərhədlərinin harada olacağına ukraynalılar qərar verəcəklər”. Vens bu fikirləri ilə rusların öz qələbələri ilə bağlı bütün illüziyalarının üzərindən xətt çəkib.
ABŞ-ın vitse-prezidentindən daha bir sarsıdıcı zərbə: "Rusiya atəşkəs istəmir. Biz Rusiya Federasiyasının hərəkətlərinə nəzarət etmirik. Əgər biz bunu etsəydik, müharibə 7 ay əvvəl bitəcəkdi", - deyə, ABŞ vitse-prezidenti J.D.Vens nöqtə qoyub.
Bütün bu hallardan əndişələnən Rusiya rəhbərliyi “tam sürətlə geri” vermək qərarına gəlib. Rusiya xarici işlər naziri Sergey Lavrov NBC telekanalına müsahibəsində deyib ki, Ukraynanın mövcud olmaq hüququ var, bir şərtlə ki, referendumda rus mədəniyyətinə mənsub olduqlarına qərar verən insanları “buraxsınlar”. Lavrov Ukraynada rus dili ilə bağlı fikrini də qəfildən dəyişib. O deyib ki, Rusiya Federasiyası sadəcə olaraq, dəhşətli qanunların ləğvini tələb edir.
Təbii ki, Alyaskadakı görüşdən sonra tamam başqa mahnılar oxunurdu. Bu yerdə “Russia Today” mediaholdinqinin rəhbəri Marqarita Simonyanın “geriyə vermək”lə bağlı fikirləri yada düşür. O, deyirdi ki, biz heç bir halda “geriyə verməməliyik” Əgər biz “geriyə verəriksə”, onda uduzacağıq. İndi ruslar “geriyə veməkdədirlər”…
Dadash Ahmadli
TEREF