"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? - AÇIQLAMA

Bu gün, 11:36           
"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? - AÇIQLAMA
Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verdi. Bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə də sahibkarlara xeyili ziyan dəyib. Bəs, yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

E-huquq.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov inkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənildiyini deyib.

Onun sözlərinə görə, sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər.

"Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma müşahidələr göstərir ki, “Sədərək” Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr də belə buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər.

Sözsüz, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdıra bilməlidirlər. Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar ilə bağlı müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, şığorta şirkətləri, demək olar, hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar", - deyə deputat qeyd edib.

V.Bayramov bildirib ki, bütün bunlar ilə yanaşı, "Sədərək" ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var: "Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinə ehtiyac var. Əks halda, sığorta şirkətləri bu riski obyektlər ilə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq.

Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var. Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru