Ermənilər üç azərbaycanlının üstünə benzin töküb yandırdı
25-05-2016, 10:12
Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:
(Əvvəli ötən saylarımızda)
Ötən əsrin 60-cı illərinin ortalarında yalnız Azərbaycanda deyil, Orta Asiya sovet respublikalarında da milli oyanış prosesi gedirdi. Xüsusilə, SSRI-nin müxtəlif yerlərindən Qazaxıstanın xam torpaqlarına çoxlu sayda əmək briqadalarının göndərilməsi respublikada etiraz meylləri doğurmuşdu.
Qazaxlar ruslara qarşı…
60-cı illərin əvvəllərində gənc şair və tarixi-filoloji araşdırmaları ilə diqqəti cəlb edən Oljas Süleymanovun Qədim Rusla bağlı ilk araşdırmaları böyük mübahisələr vəd edirdi. 1962-ci ildə onun “Köçərilər və Rus” seriyasından nəşr olunan “Iqor polku haqqında dastanın qaranlıq yerləri” adlı məqaləsi rus tarixçi və filoloqlarının ciddi narahatlığına səbəb oldu. Gənc bir türkün rus tarixi və ədəbiyyatının, rus ruhunun təməl əsəri hesab edilən bir dastanın bəzi məqamlarına aydınlıq gətirməsi hamı üçün gözlənilməz olmuşdu. Istedadlı qazax gənclərinin və ziyalılarının bu mövzulara maraq göstərməsi respublikadakı ümumi əhval-ruhiyyəyə təsirsiz ötüşmürdü.
1965-ci ilin dekabr ayında SSRI Nazirlər Soveti yanında DTK-nın sədri V.Semiçastnıy Sov.IKP MK-ya yazırdı ki, Qazaxıstan ərazisində ziyalılar və tələbə gənclər arasında millətçilik meylləri güclənib. Onun məlumatına görə, həmin ilin iyun ayında Semipalitinski şəhərində Zoobaytar institutunun qazax tələbələri ilə dəmiryol məktəbinin rus tələbələri arasında dava baş vermiş və hadisə zamanı qazaxlar “tökülən qana görə ruslardan intiqam almaq lazımdır” demişlər.
O yazırdı ki, eyni hadisə 1965-ci il mayın 23 və 24-də baş vermiş Pavlador hadisələrində də qeydə alınmışdı. Ruslarla qazaxlar arasında baş verən kütləvi dava zamanı 26 nəfər döyülmüş, onlardan 6 nəfəri bədən xəsarəti almışdı. Qazaxıstan DTK-sı Moskvaya məlumat verirdi ki, noyabrın 6-dan 7-nə keçən gecə Almatıda Qazaxıstan vilayət komitəsinin, şəhər icraiyyə komitəsinin, respublika Ali Soveti Rəyasət Heyətinin qəbul otağının, şəhərdə partiya və dövlət idarələrinin qarşısında vurulmuş rus dilində olan lövhələri çıxarıblar. DTK-nın məlumatında göstərilirdi ki, respublikada baş verən anti-sovet çıxışlarda “Müstəqil qazax dövlətinin yaradılması” çağırışları çoxalıb. Belə çağırışlardan birinin müəllifinin Pavlador yol tikintisi idarəsinin elektriki Tuken Amenov olduğu, belə çağırışlarda “rusların guya qazaxlara nifrət etdiyi” barədə fikirlər yayılır.
“Rus işğalçılarını torpaqlarınızdan qovun”
Eyni proses Özbəkistanda da gedirdi. 1966-cı ilin fevral ayında SSRI DTK-ından Sov.IKP MK-ya verilmiş məlumatda qeyd edilirdi ki, 1965-ci ilin iyul ayında Daşkənd şəhərində anti-sovet və anti-rus vərəqlər yayılıb. Orada göstərilirdi ki, Orta Asiya Xalq Partiyası rus işğalçılarına qarşı mübarizə aparmaq çağrışı ilə öz xalqına müraciət edib. Mürciətdə Orta Asiyanı rus əsarətindən azad etmək üçün Əlcəzair, Kuba, Mali xalqlarından nümunə götürmək, xalqı mübarizəyə ruhlandırmaq çağırışları edilirdi. Orada deyilirdi: “Biz Rusiyanın kölələriyik… Rusların əlində məhv olan öz millətini azad etmək üçün həyatınızı əsirgəməyin, öz xalqınızın azadlığı uğrunda mübarizə aparın, rus işğalçılarını öz torpaqlarınızdan qovun”.
Qətl və vəhşilik
60-cı illərin ortalarında Dağlıq Qarabağ muxtar vilayətində vəziyyətin stabilləşdirilməsi uzun sürmədi. 1965-ci ildə Martuni rayonu Krupatkin kolxozunun aqranomu Benik Movsesyanın 8 yaşlı oğlu Nelson Movsesyanın qətlə yetrilməsi ittihamı ilə bu qətldə şübhəli bilinən 3 nəfər azərbaycanlı həbsə alınmışdı. Əslində, Benik Movsesyan qonşu Qarakənd kəndində bir erməni qızına sataşdığına (zorlama hadisəsi) görə 1965-ci ildə oğlu qisasçılıq zəminində qızın qohumları tərəfindən qətlə yetrilmişdi. Lakin bu işə milli rəng vermək üçün hadisəni Kuropatkin kəndində məktəb direktoru Ərşad Daşdəmir oğlu Məmmədovun üzərinə qoymuşdular. Hadisədə şübhəli bilinən şəxslər hadisədən dərhal sonra həbs edilsələr də, vilayətin hər yerindən SSRI-nin rəhbər partiya, dövlət və hökumət orqanlarına imzasız məktublar axışmağa başladı ki, guya qətlə yetirilmiş uşağın cinayət işini açmaqdan ötrü zəruri olan ölçülər götürülmür. Həmin imzasız məktubları Moskvada 1967-ci ilin mart ayının əvvəllərində Azərbaycan KP MK-nın ikinci katibi Pyotr Yelistaratova göndərdilər. Mart ayının 14-də Yelistaratov Sov.IKP MK-ya yazırdı ki, “bu işlə bağlı üç nəfər həbs edilib, hazırda istintaq işləri başa çatıb və günahkarları məsuliyyətə cəlb etmək üçün materiallar vilayət məhkəməsinə təqdim edilib”.
Məhkəmə prosesi iyul ayının 3-nə qədər davam etdi və həmin gün hökm elan edildi. Azərbaycan SSR Ali Məhkəməsinin qərarına görə Kropatkin kənd məktəbinin direktoru Ərşad müəllimə ölüm hökmü oxundu, qətldə günahkar bilinən Əlimşad 15 müddətinə azadlıqdan məhrum edildi, şübhəli şəxs qismində saxlanmış Zöhrab Qəhrəman oğlu Məmmədovun isə günahı sübuta yetirmədiyindən ona bəraət verildi.ÿO, hökm elan edildikdən sonra dərhal məhkəmə zalında həbsdən azad edildi. Hökmdən sonra onu geri qaytarmaq üçün dustaq maşınına mindirmişdilər. Hökmün oxunması başa çatdıqdan sonra məhkəmə zalı ətrafına toplanmış ermənilər məhkəmə binasını, məhbusları, məhkəmədə iştirak edən azərbaycanlıları daşqalaq etməyə başladılar.ÿMəhkəmə binası yerli milis orqanları tərəfindən qorunsa da, “qanun keşikçiləri” iğtişaşa müdaxilə etmədilər. Şahid ifadələrindən aydın olur ki, iğtişaşlar baş verən zaman milis qüvvələri pozucu qüvvələrə münasibətdə seyirçi mövqe tutublar. Binanın içərisində olan adamların çoxu daş zərbəsinə məruz qaldı.ÿAzğınlaşmış kütlə izdihamı məhkəmənin keçirildiyi kinoteatrın zalına daxil olaraq, dustaqları gətirmiş konvoyları döyüb kənarlaşdırdılar.ÿDövlət orqanlarının gözü qarşısında cinayətkar qruplar haqlarında hökm oxunmuş hər iki məhbusa divan tutmağa başladılar. Onlara çoxlu sayda bıcaq zərbələri endirildi, daş zərbələri ilə başlarını əzdilər, sonra qan içində olan cəsədləri küçəyə sürüyüb meyitləri təhqir etməyə başladılar. Bu zaman Zöhrab Məmmədovun dustaq maşınında olduğundan xəbər tutan azğınlaşmış izdaham maşını çevirib ona od vurdular və bəraət almış, hadisədə heç bir günahı olmayan Zöhrabı diri-diri yandırdılar. Zöhrabın yanmış cəsədini Ərşad və Əlimşadın cəsədlərinin yanına gətirib əvvəlcədən hazırlanmış tonqalda üzərlərinə benzin tökərək yandırdılar. Bu vəhşiliklərin həyata keçirilməsində Yerevandan gəlmiş ermənilər fəal iştirak edir, kütlə istiqamətləndirilir və daha da qızışdırılırdı.
“Xahiş edirik, ermənilərdən bizi ayırın”
shusha-qarabag
Stepanakert şəhəri müəyyən müddət azğınlaşmış kütlənin idarəsinə keçdi.ÿHadisələrin daha qanlı xarakter alacağından ehtiyatlanan azərbaycanlılar təcili olaraq Stepanakerti tərk etməli oldular. Bütün vilayətdə həyəcanlı bir vəziyyət yaranmışdı. Hadisədən iki gün sonra Martuni rayonunda yaşayan azərbaycanlılar respublika KP MK-nın birinci katibi Vəli Axundova yazırdılar ki, “biz Martuni rayonunda günahkar əsir kimi yaşayırıq. Çox xahiş edirik, ya erməniləri köçürün öz vətənlərinə, ya bizi köçürün məsləhət bildiyiniz yerlərə. Əgər elə belə qalarsa, bu iki millətin arasında yaxşı nəticə olmayacaq. Millət bir-birini qıracaq. Çox xahiş edirik, bizim üçün komissiya göndərəsiniz, burada nələr baş verdiyini görsünlər. Hər şeyi yaza bilmirik, çünki nahaqdan bizi damlayırlar”.
Birinci katibə ünvanlanmış kollektiv mətubda deyilirdi ki, “biz Martuni rayonunda günahkar kimi yaşayırıq, burada bizə iş vermirlər, ancaq öz millətlərini təmin edirlər, səsimizi çıxaran kimi deyirlər ki, siz Yeravanın əleyhinəsiniz, özləri müxtəlif bəhanələrlə dava salır, həm döyülən biz oluruq, həm də türməyə düşən də biz oluruq. Xahiş edirik, bir çarə qılın, bizi ermənilərdən ayırın”.
Ermənilər də narazıdır
Stepanakert hadisələrindən sonra yalnız azərbaycanlılar deyil, vilayətin erməni əhalisinin nümayəndələri də respublika rəhbərliyinə anonim məktublar yazıb Yerevandan gələn pozucu dairələrin terrorçuların vilayətin erməni əhalisini qorxu altında saxladıqlarını yazırdılar. Onlar açıqca bildirirdilər ki, “biz qorxudan adımızı yaza bilmirik. Bu hadisələri törədən, bu vəziyyəti yaradan vaxtilə Sov.IKP MK-ya Qarabağın Ermənistana verilməsi haqqında məktub yazan millətçilər Ulbabyan, Canyan, Baqdasaryan və digərləridir. Janyan və Baqdasaryan hadisələr baş verən vaxt bütün gün orada olublar. Onlar gəncləri bu qanunsuz işlərə vadar edirlər və bizim rəhbərlər bu quldur dəstəsindən qorxur, çünki hər yerdə onların adamları var. Biz ailəmizin, uşaqlarımızın taleyinə görə narahatçılıq keçiririk. Nə qədər ki, bu adamlar bizim şəhərdədir, nə qədər ki, bu adamlar cəzasız qalacaqlar, burada dava-dalaş olacaq, qan töküləcək sakitlik olmayacaq”.
272 iki nəfərin adından göndərilmiş bu məktub tədbir görülmək üçün Azərbaycan KP MK təşkilat-partiya işi şöbəsinin müdiri Tofiq Bağırovun üstünə yazılmışdı. Martuni rayonunun Qarakənd kəndindən Vəli Axundova göndərilmiş məktubda deyilirdi ki, iyul ayının 3-də Stepanakertdə baş verən iğtişaşların əsas günahkarı “Sovetakan Karabax” qəzetinin redaktoru Oqanes Arzumanyandır: “Biz öz adımızı yaza bilmirik, ona görə ki, qorxuruq, Arzumanyanın gizli saxladığı dəsti bizi daim azərbaycanlılarla dava-dalaşa məcbur edir. Biz qonşu azərbaycan kəndləri ilə mehriban – dostcasına dolanmaq istəyirik, Arzumanyanın adamları bizi rahat buraxmırlar”.
Vəli Axundovun göstərişi ilə təcili olaraq Stepanakertə respublika prokurorluğu və DTK-nın istintaq qrupu göndərildi. Aparılan istintaq-əməliyyat işləri nəticəsində iğtişaşlarda və 3 nəfərin vəhşicəsinə qətlində şübhəli bilinən 20 nəfər erməni saxlanıldı. Hadisənin ətraf rayonlara yayılmasının qarşısı alındı. Iyul ayının 11-də Azərbaycan KP MK Bürosu Stepanakertdə insan ölümü ilə nəticələnmiş iğtişaları müzakirə etdi. Vəli Axundov bu hadisəyə görə məsuliyyət daşıyan talançı qrupların, onların təşkilatçılarının, talançılara münasibətdə seyirçi mövqe tutmuş vilayət partiya, sovet və hüquq mühafizə orqanlarının məsul işçilərinin ciddi şəkildə cəzalandırılacağını bəyan etdi.azadliq.info
(Ardı var)