Kolumbiyada insan genomundan yeni nəsil aşkar edilib
Bu gün, 17:24

Kolumbiyada bir qrup tədqiqatçı qədim qalıqların DNT-sini ardıcıllaşdırdıqdan sonra insanların əvvəllər məlum olmayan nəslini müəyyən ediblər.
Bu barədə "Reuters" agentliyi xəbər verir.
Alimlər bildirirlər ki, hələ 1992-ci ildə ölkənin paytaxtı yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı təxminən 6 000 il yaşı olan 30-a yaxın insanın qədim qalıqları tapılıb, lakin onların genomu əvvəllər tam deşifrə edilməyib.
"Biz onları Amerikanın digər bölgələrindən olan fərdlərlə müqayisə edərkən aşkar etdik ki, burada, Kundiboyasens yaylasında tapılan keramikadan əvvəlki dövrün fərdləri əvvəllər məlum olmayan genealogiya xəttinə malikdirlər. Bu, yeni genealogiya xəttidir", - deyə Milli Universitetin Genetika İnstitutunun tədqiqatçısı Andrea Kasas vurğulayıb.
Alimlərin fikrincə, bu qalıqların mənsub olduğu insanlar ovçular-yığıcıların təcrid olunmuş köçəri icmasıdır. Bu qrup iqlim şəraiti, xəstəlik və ya qida çatışmazlığı səbəbindən ölə bilərdi və onların heç bir məlum nəsli yoxdur.


