Doğulanda 500 manat, öləndə heç nə: - Azərbaycanda kimlərə “dəfn pulu” verilmir?

17-01-2023, 17:23           
Doğulanda 500 manat, öləndə heç nə: -
Bu ilin yanvar ayından Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmana dəyişiklik imzalayıb. Məbləği artırılan müavinətlər içərisində doğum və ölüm faktına görə verilən sosial ödənişlər də var. Belə ki, Azərbaycanda uşağın anadan olmasına görə və dəfn üçün ödənilən sosial müavinətin məbləği 500 manata çatdırılıb. Bir sözlə, dünya ilə salamlaşmaq və vidalaşmaq üçün eyni məbləğ müəyyən edilib. Lakin burada fərqli məqamlar var. Belə ki, doğulan insanların hər birinə görə fərq qoymadan 500 manat məbləğində birdəfəlik müavinət ödənilsə də, bu qayda ölən şəxslərin hamısına şamil edilmir. Yəni ölən şəxsin yaxınlarına təqdim edilən "dəfn pulu"nun verilməsi, hətta məbləği ölüdən ölüyə dəyişir. Doğumuna görə 500 manat məbləğində müavinət verilən insanlara ölümünə görə təyin edilən 500 manat verilməyə bilər.

Bəs şərtlər necədir? Dəfn pulu kimlərə şamil edilir?

Təqaüdçülərə əmək pensiyalarının 3 misli ilə yanaşı,həm də təyin olunan 500 manat əlavə olaraq verilir?

İşləyən şəxslər vəfat etdikdə birdəfəlik müavinət ödənilirmi? Təqaüdçülərə aid edilən qayda işləyən şəxslərə də aid edilirmi? Onların əmək haqlarının hansı hissəsi verilir?

18 yaşına çatmayan şəxslər vəfat etdikdə birdəfəlik müavinət verilirmi? Yaşa görə müavinət alanlar hansı qaydada dəfn pulu alır?

İşsiz kimi qeydiyyatda olan, ümümiyyətlə, işləməyən şəxslər vəfat etdikdə onlara dəfn üçün birdəfəlik müavinət hansı şərtlərlə verilir?

Müavinətlərin məbləği artırıldıqdan sonra bu suallar ətrafında müzakirələr çoxalıb.

Yuxarıda qeyd etdiyimiz suallara cavab almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fonddan Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyə görə dəfn üçün müavinət sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan, habelə işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə verilir:

"Yaşa görə pensiya alan şəxs vəfat etdikdə dəfn xərcini üzərinə götürən şəxsə minimum əmək pensiyasının- 280 manatın 3 misli, yəni 840 manat, ömürlük müavinət alan dövlət qulluqçuları, yaşa görə, əlilliyə görə sosial müavinət alan şəxslər, ailə başçısını itirməyə görə, habelə 1 iyul 2022-ci il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və hazırda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq kimi müavinət alan uşaqlar, sığortaolunan və işsizlikdən sığorta ödənişini alan şəxslər 2023-cü ilin yanvarın 1-dən sonra vəfat etdikdə isə 500 manat məbləğində birdəfəlik müavinət ödənilir".

Məlumatda qeyd edilib ki, vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir. Qurumun məlumatına görə, əməkhaqqı və ya müavinət almayan şəxslərə dəfn üçün pul ödənilmir:

"İşləməyən, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb".

Məlumatda təyin edilən sosial müavinəti almaq üçün müraciət forması da qeyd edilib:

"Dəfn üçün müavinəti əldə etməklə bağlı vəfat edən şəxsin dəfn xərclərini öz üzərinə götürən şəxs aşağıdakı sənədlərlə birlikdə vəfat edən şəxsin qeydiyyatda olduğu ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun regional filiallarına və ya qəbul şöbələrinə, yaxud ərazi üzrə xidmət göstərən DOST Mərkəzinə müraciət edilməlidir. Dəfn üçün müavinəti əldə etməklə bağlı ölüm haqqında arayışın əsli, ölüm haqqında şəhadətnamənin surəti, vəfat edən şəxs əmək pensiyaçısı olduqda yerli bələdiyyə orqanından, vəfat edən şəxs sosial müavinət alan şəxs olduqda isə dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı, vəfat edən şəxsin dəfn xərclərini öz üzərinə götürən şəxsin şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmalıdır".

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, dəfn pulundan vergi və məcburi sosial sığorta haqları tutulmur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.