Azərbaycanda banklar bağlanır? - “Bu gündən qoyulan yeni qayda...”

1-02-2023, 17:05           
Azərbaycanda banklar bağlanır? -
Bu gündən etibarən Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 10 % dərəcə ilə vergiyə cəlb ediləcək.

Sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilmişdi. Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddəti artırılmayıb.

Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub. Qeyd edək ki, əmanətlərin 7 il gəlir vergisindən azad edilməsi banklara daha çox depozit cəlb edilməsinə imkan yaradıb.

Vergisiz əmanətlər də vətəndaşlar üçün daha cəlbedici olub. Əgər 2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manata yüksəlib. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45 %-dən çox artıb.

Əmanətlərin vergiyə cəlb edilməsi bu sahədə hansı dəyişikliklərə yol açacaq? Əhali mövcud faizlərlə bağlı əmanətlərini geri götürə bilərmi və bu, kapitala təsir edəcəyi təqdirdə bankların bağlanmaq təhlükəsi varmı?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, ümumilikdə bu, çox kiçik bir vergidir və vətəndaşın bankdan qazandığının 10 faizidir:

“Əgər vətəndaş bankdan əmanət üzrə 10 faiz gəlir əldə edirsə, onun 1 faizini vergi ödəyir. Bu, elə bir böyük rəqəm deyil ki, bununla bağlı vətəndaş əmanətini bankdan çıxarsın. Ona görə əmanətlərin azalması gözlənilmir. Ola bilər ki, cüzi şəkildə olsun, ancaq ciddi heç bir azalma baş verməyəcək. Ona görə də bankların aktivlərində ciddi azalma gözləmirəm. Hər bir halda əmanətçilər də bilirlər ki, bu gün əmanətlərin sığortalanması var və təhlükə yoxdur. Əmanət üzrə 10 faizin 1 faizini ödəmək elə də problem deyil”.

Ekspert bildirib ki, sadəcə banklar üçün bu məsələ vacibdir və onlar istəyir ki, bu vergi tutulmasın:

“Ona görə ki, onların əmanətləri müştərilər üçün daha cəlbedici olsun. Ancaq baklar çox şey istəyə bilər, ancaq vətəndaş olaraq məni qane etmir ki, niyə biz öz başqa gəlirlərimizdən, xərclərimizdən də vergi verməliyik, bank əmanətçisi vergi verməməlidir? Bununla bağlı heç bir bankın bağlanmaq təhlükəsi yoxdur. Artıq vergi tətbiq edilir, hələ ki, əmanətini çıxaran yoxdur. Ola bilsin ki, kimsə çıxarsın. Ancaq elə də böyük çıxarma olmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.