Rusiyada müharibə əleyhinə rəsm çəkən qız yoxa çıxıb, atası isə həbs olunub

30-03-2023, 12:58           
Rusiyada müharibə əleyhinə rəsm çəkən qız yoxa çıxıb, atası isə həbs olunub
Müharibə əleyhinə rəsm çəkən rusiyalı məktəbli Maşa Moskalyovanın atası Aleksey Moskalyov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə iki il azadlıqdan məhrum edilib. Qızın özündən isə xəbər yoxdur. Onun uşaq evində olduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, Aleksey Moskalyovla bağlı qərarı Tula vilayətinin Yefremov rayonlararası məhkəməsi qəbul edib. O, Rusiya ordusunun diskreditasiyası maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.3-cü maddəsinin 1-ci hissəsi) mühakimə olunub. Hakim Moskalyovun qızının sosial xidmətlərə verildiyini də açıqlayıb. Prokurorluq ittiham olunan tərəfə iki il həbs cəzası istəyib.

Moskalyovun özü hökmün elan olunmasında iştirak etməyib. Məhkəmənin katibi Olqa Dyaçuk bildirib ki, o, hökmdən bir gün əvvəl ev dustaqlığından qaçıb.

Maşa Moskalyova 2022-ci ilin aprelində rəsm dərsində “Müharibəyə yox” və “Ukraynaya şöhrət” yazıları ilə müharibə əleyhinə rəsm çəkib. Rəsmdə uşağı raketlərdən qoruyan Ukrayna bayrağı tutmuş qadın əks olunub. Dərsin ertəsi gün polislər Moskalyov və onun qızını məktəbdən aparıblar. Aleksey şöbədə “Odnoklassniki”də yazılan rəyə görə ona qarşı ordunun diskreditasiyası ilə bağlı protokol tərtib olunduğunu öyrənib. Rəydə “Rusiya ordusu. Cinayəti törədənlər yanımızdadır” yazılıb. Bu protokola əsasən, məhkəmə Moskalyovu 32 min rubl cərimələyib.

Aleksey Moskalyov və qızı Federal Təhlükəsizlik Xidmətində dindirilib. Maşanı atasının məhkəməsinin ertəsi günü xüsusi xidmət orqanları aparıblar. Qızı məktəbə getməyi dayandırmağa vadar ediblər, o, onlayn təhsilə keçməli olub. 2022-ci il dekabrın 30-da onların evində axtarış aparılıb.

Moskalyov danışırdı ki, onu xüsusi xidmət orqanlarının əməkdaşları amansızcasına döymüşdü. Bundan sonra ata və qızı yaşadıqları yeri dəyişmək qərarına gəlmişdi. Onlar Uzlovaya şəhərinə köçmüşdülər.

Hakimiyyət Moskalyovdan yenə əl çəkməmişdi, onu martın 1-də həbs etmişdilər. Martın 2-dən Alekseyin ev dustaqlığı elan olunmuşdu. İstintaq Komitəsi iş materiallarında atanın sosial mediadakı konkret hansı rəylərə görə ittiham olunduğunu açıqlamayıb.

Maşa yetkinlik yaşına çatmayanlar mərkəzinə aparılmışdı. Həmin vaxtdan ata qızı ilə əlaqə saxlaya bilməyib.

Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiya Moskalyovun və qızın anasının valideynlik hüquqlarını məhdudlaşdırmaq üçün məhkəməyə müraciət etmişdi. Komissiyanın rəhbəri Svetlana Davıdovanın sözlərinə görə, 2022-ci ilin mayından Moskalyovlar “sosial təhlükəli vəziyyətdə olan ailələrin profilaktik reyestrində”dir. O, qızın atasının iki dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və övladını məktəbə qaytarmağa cəhd etmədiyini, ananın isə ayrı yaşadığını, uşağın həyatı ilə maraqlanmadığını iddia edir.

Məhkəmə Aleksey Moskalyovun cinayət işinə bir gündə - martın 27-də baxıb. Prokuror təqsirləndirilən şəxsin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Məhkəmə iclasında Moskalyov bildirib ki, o, işdə haqqında danışılan rəyləri yazmayıb. “Odnoklassniki”dəki səhifəsinin bir neçə dəfə haker hücumuna məruz qaldığını bildirib.

Moskalyov məhkəmədə son söz deyib: “İndi Ukraynadakı “xüsusi əməliyyat”a münasibətlə bağlı rəy soruşsanız, düşünürəm ki, hətta zalda olan insanların 90 faizindən çoxu deyəcək ki, buna qarşıdırlar. Mən də onlarla razıyam. İnsanların qətlinə necə münasibət göstərmək olar? Uşaqlar öldürülür. Ancaq mən mənfi şeylər, təhqirlər yazmamışam”.

Moskalyovun vəkili Vladimir Bilienkoya Maşanın şəklini göstəriblər. Ona qızın məktubunu da çatdırıblar. Maşa Alekseyə “Sən mənim qəhrəmanımsan, ata” yazıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.