“Bibim oğlunu döyə-döyə öldürmüşdülər, vurub boynunu sındırmışdılar” - Tərtər dəhşətləri

12-04-2023, 12:20           
“Bibim oğlunu döyə-döyə öldürmüşdülər, vurub boynunu sındırmışdılar” - Tərtər dəhşətləri
Tərtər hadisələri zamanı yüzlərlə hərbçiyə işgəncə verilməsi, onlardan bir neçəsinin öldürülməsiylə əlaqədar məsuliyyətə cəlb olunanlardan bir hissəsinin – 4 və 5 nəfərlik iki qrupun məhkəməsi davam edir. Qalan şəxslərin işi isə hələ istintaqdadır.
Teref.az Bizimyol.info-ya istinadla xəbər verir ki, 4 nəfərlik qrupun - Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun məhkəməsində işgəncə görmüş zərərçəkmişlər ifadə verir.

“Bütün bədənim tok, yanıq yeridir”

Budəfəki məhkəmə iclasında ifadə verən Nicat Abbasov bildirib ki, mərhum polkovnik Saleh Qafarov onun yanında işgəncəyə məruz qalıb və həyatını itirib. Öz başına gələnlərdən danışan Nicat Abbasov deyir ki, 1 ay 17 gün işgəncəyə məruz qalıb: “Mənim bütün bədənim yanıq, tok yeridir. Başıma gələnlərdən bütün başım pozulub. Gözlərimizi, əllərimizi bağlamışdılar. Tabor komandirimiz Saleh Qafarov idi. Onu bizim yanımızda döyüb öldürdülər. Mənim başıma gələnlərdən sonra yenə qardaşım 2020-ci ildə Vətən müharibəsində gedib şəhid oldu. Bizə zülm elədilər. Kişi kişiyə qarşı elə hərəkət eləməzdi...”

“Bibim oğlunu işgəncə ilə öldürdülər, maşına mindirəndə boynunu sındırdılar”

Zərərçəkmiş Etibar Əhmədov deyir ki, özü işgəncəyə məruz qalmaqla yanaşı, bibisi oğlu Elçin Quliyev həmin hadisələr zamanı işgəncə nəticəsində dünyasını dəyişib. Etibar Əhmədovun sözlərinə görə, o, taborda sürücü işləyirdi: “Çimmək üçün icazə istədim. İki saat göztdirəndən sonra çağırdılar, qəfildən vurub yıxdılar. Döyməyə başladılar. Məni bibim oğlu ilə birləşib, erməniyə işləməkdə ittiham edirdilər. Bibim oğlunu döyə-döyə, işgəncə altında öldürmüşdülər, maşına mindirəndə vurub boynunu sındırmışdılar. Məni dəfələrlə toka veriblər, döyüblər... Onlara izah eləməyə çalışırdım ki, mən Xocalıdanam, məndən erməniyə işləyən, xain olmaz”.

Etibar Əhmədovun sözlərinə görə, uzun müddət davam edən işgəncələrdən sonra onu xidmətə yararsız adıyla ordudan tərxis ediblər: “Mənim hərbi biletimi təmizləyib özümə versinlər...”

“Ona dedim ki, cənab general, bu nədi başımıza gətirirlər?”

Məhkəmədə dindirilən zərərçəkmişlər arasında həmin dövrdə əsgər olmuş, işgəncələrə dözməyib, komandirlərinin əleyhinə ifadəı verdiklərini deyənlər də var. Onların sözlərinə görə, tağım komandirləri və başqa zabitlərə qarşı yalan ifadə vermələri tələb olunurdu. Bu məqsədlə onlara dözülməz işgəncələr verilirdi.

“Bizə deyirdilər ki, komandiriniz sizi düşmən tərəfə aparıb. Halbuki, olmamışdı. Bizə bu yalan ifadəni vermək üçün nə qədər işgəncə verdilər. Yalan ekspert rəyi aldılar. Ekspert rəyində göstərilib ki, guya dörd ay əvvəl aparılmışam. Bu, mümkün deyildi. Çünki mən cəmi iki ay idi posta çıxırdım. Ümumi hərbi xidmətə gəlməyim heç beş ay olmamışdı”, - İsrafil Ələkbərzadə ifadəsində bildirib.

Zərərçəkmişin sözlərinə görə, məruz qaldığı işgəncələri, bu ifadənin yalan olduğunu Hərbi Prokurorluğun müstəntiqinin nəzərinə çatdıranda onun hədələrilə üzləşib: “Dedi ki, zəng eləyib valideynlərinə deyərəm, oğlun ermənilərlə əlaqədə olub...”

Daha bir zərərçəkmiş Zeynalabdin Hacıyev də oxşar ifadə verərək bildirib ki, onları yük maşınına mindirib, işgəncə verilən köhnə hərbi hissəyə gətiriblər: “Bizi diz çökdürdülər. Hədələdilər ki, əks halda, silahdan istifadə olunacaq. İşgəncələr onların tələb etdiyi ifadələri verməyə razılaşana qədər davam elədi. Mən döyülənlərin üstündə korpus komandiri Hikmət Həsənovu görmüşəm. Ona dedim ki, cənab general, bu nədi başımıza gətirirlər? Göstəriş verdi ki, aparın bunu, ağlı başına gəlsin. Sonralar işgəncələr səngisə də, gələn-gedən yenə qapaz vururdu. Əsəbi olan əsəbini bizdən çıxarırdı. Yeməyə də silahlıların nəzarəti altında gedirdik”.

Bir ay ailəsinin ondan xəbər tutmadığını deyən Zeynalabdin Hacıyevin bildirdiyinə görə, sonradan onları məzuniyyətə göndəriblər. Həmin vaxt Müdafiə Nazirliyinə məktub yazıb, başına gələnləri çatdırıb: “Məni Müdafiə Nazirliyinin Hüquq İdarəsindən Rauf Kişiyevin yanına çağırdılar. Gedib danışdım, dedilər, xəbərimiz var. Onda hansı vəkilə deyirdik, yaxın durmurdular. Mənim ifadəmdə yazılmışdı ki, guya tağım komandiri məni düşmənə verib. Halbuki, belə şey olmamışdı. Ona görə ifadələr də üst-üstə düşmürdü. Sonra gəldim hərbi hissə komandiri Vüsal Ələsgərovun yanına. Ona dedim ki, axı doöru deyil, olmayan bir şeylə adamları şərləmək. Onun “Makarov” silahı var, məni otağında onunla hədələdi. Ardınca neçə dəfə Hərbi Prokurorluğa müraciət elədim. Onlar məni ailəmlə hədələdilər. Orada müstəntiq mənə deyir ki, qardaşın universitetdə oxuyur, atamla hədələdi. Üzləşdirmə videosu çəkiləndə ağladım. Dedim ki, mən bu yalanı necə danışım? Yenə necə ifadə verim? Orada da ailəmlə hədələdilər...”

Təqsirləndirilən polkovnik Vüsal Ələsgərov məhkəmədə ifadə verməkdən, eləcə də indiyədək zərərçəkmişlərin onun ünvanına səsləndirdiyi ittihamlara cavab vernəkdən imtina etsə də, bu dəfə reaksiya verib. O, zərərçəkmişin ifadəsinin həqiqətə uyğun olmadığını iddia edib: “Ortada özünün etiraf etiraf ifadəsi və ekspertiza rəyi var...”

Zeynalabdin Hacıyev həmin etiraf ifadəsinin işgəncə altında alındığını, ekspertiza rəyinin isə saxta olduğunu və reallığı əks etdirmədiyini deyib: “Siz hərbi hissə rəhbəri olmusunuz. Hara baxırdınız ki, əsgərləri düşmənə aparıb verirdilər?”

Zərərçəkmiş əlavə edib ki, Hərbi Prokurorluqdan, Vüsal Ələsgərovdan və Müdafiə Nazirliyindən şikayətçidir.

“Gözlərimizi, əllərimizi bağladılar, üzü divara saxlayıb döyməyə başladılar”

Daha bir zərərçəkmiş Tahir Mahmudov Tərtər hadisələri dövründə manqa komandiri olub. Onun sözlərinə görə, onları “Ural”a mindirib işgəncə yerinə aparanlar kəşfiyyatçı hərbi qulluqçular (müddətdən artıq xidmət edənlər) olub.

“Hər otaqda işgəncə vermək üçün xüsusi şərait yaradılmışdı – su çəlləkləri, tellər, və s. Bizi soyundurdular, gözlərimizi, əllərimizi bağladılar, üzümüz divara saxladılar və döyməyə başladılar. MAXE Elxan Ağazadəni ikinci mərtəbədən atdıqlarını eşitdik. Mehman Hüseynovu işgəncə ilə öldürdülər. Hərbi Prokurorluğun müstəntiqləri gəlmişdilər ora, bizdən düşmənlə işləməyimiz haqda ifadələr tələb edirdilər. Əsgərlərə işgəncə rütbəlilərdən daha az idi. İşgəncələr altında Hərbi Prokurorluğun müstəntiqləri bizə ifadələrə imza atdırıblar”, - Tahir Mahmudov bildirib.

Zərərçəkmiş Fərzəli Cahangirov deyir ki, işgəncələr zamanı bir neçə dəfə bədəninə elektrik cərəyanı qoşulub, nəticədə huşunu itirib. Onun sözlərinə görə, general Hikmət Həsənovu görüb, bu işin düzgün araşdırılmasını istəyib: “Mənə dedilər ki, general çağırır. Apardılar onun yanına. Mənə dedi ki, videomateriallar var. etiraf elə. Dedim ki, olmayan şeyi necə etiraf edim? Sizdən xahişim budur ki, bu iş düzgün araşdırılsın. Qayıtdı ki, aparın, bunun ağlı başına gəlsin. Elə vəziyyətdə idim ki, məni əvvəl Sarıcalı hospitalına apardılar, sonra Bakıya – Biləcəriyə gətirdilər”.

Fərzəli Cahangirovun sözlərinə görə, əvvəlcə işgəncə otağında hərbi hissə komandiri Teymur Məmmədovu görüb: “İddia edirdilər ki, guya əsgərlərimi ermənilərə satmışam. Dedim ki, yalandır”.

Təqsirləndirilən 4 nəfərdən üçü ifadə verməkdən imtina edib. Yalnız biri – Rüstəm Ələsgərov məhkəmədə ifadə verib və ona qarşı irəli sürülən ittihamların yalan olduğunu, heç kimə işgəncə vermədiyini deyib. O, iddia edir ki, mayın 1-dən 3-ü səhər saatlarına qədər hərbçilərə işgəncə verilən ikimərtəbəli köhnə hərbi hissə binasını əmr üzrə çöldən mühafizə edənlər arasında olub, heç binaya daxil olmayıb.

Lakin Fərzəli Cahangirov deyir ki, Ələsgərov yalan danışır: “Rüstəm də mayın 3-də o binada məni döyənlərin arasında idi. Mənə fiziki işgəncə verdiyini xatırlamıram. Amma söyürdü, təhqir edirdi...”

Rüstəm Ələsgərov onun dediklərini təkzib edib: “Mən bu adamı nə görmüşəm, nə söymüşəm. Belə bir şey vardısa, niyə altı ildən sonra şikayət edirdi? O birilər kimi haqqını tələb eləmirdi?”

Fərzəli Cahangirov bunun cavabında bildirib ki, başına gələnlərdən sonra özünə əlavə problemlər yaratmamaq üçün o zaman şikayət etməyib: “Başımın ağrımaması üçün şikayət etməmişəm. Dişimə də tok verilib, mənə zülm olunub. Şikayətim Müdafiə Nazirliyindən, Hərbi Prokurorluqdan, korpus komandirindəndir. Xidməti uyğunsuz kimi məni işdən çıxarıblar. Heç yerdə də işə götürmürlər. Altı ildir işsizəm”.

“Neçə ildir işləyə bilmirik”

Zərərçəkmiş Emin Məmmədli də deyir ki, işgəncələrdən sonra xidməti uyğunsuzluq adıyla işdən çıxarılıb və o vaxtdn işsizdir: “Guya Emçiyev 10 əsgəri satıb, biz də onu görmüşük. Bunu deçəkdən ötrü mənə o qədər əzab verdilər. Bu qədər yalan olar? 10 əsgəri satasan, bundan hərbi hissə rəhbərliyinin xəbəri olmaya belə şey olar? Olmayan şeyi deyirdilər ki, olub. Sonra da idman normativləri keçirirdilər, yararsız sənədi verirdilər, çıxarırdılar. Neçə ildir işləyə bilmirik. Dəymiş ziyanın ödənilməsini tələb edirəm”.

Hakim onun nəzərinə çatdırıb ki, zərərçəkmiş olaraq, dəymiş ziyanın ödənilməsi tələbilə mülki iddia qaldırmaq hüququ var.

“General dedi ki, ürəyin nə istəyir, eləyim sənin üçün, amma sən də...”

Zərərçəkmiş İlqar Əliyev danışır ki, bu hadisələrdən sonra valideynləri xəstəliyə düçar olub. Həmin dövrdə manqa komandiri olduğunu deyən zərərçəkmişin sözlərinə görə, işgəncə nəticəsində qabırğası sınıb:

“Bizi soğan kisəsi kimi ora-bura atırdılar. Məni döyənlər arasında mülki polis də vardı. Danışığından bildim. Həmin mülki polisdən də şikayətçiyəm. O kimdir ki, gəlib hərbidə məni döysün, qabırğamı sındırsın?”

“Tərtər işgəncələri” ictimailəşəndən sonra general Hikmət Həsənovun ona razılaşma təklif etdiyini deyən zərərçəkmişin sözlərinə görə, razılaşma baş tutmayıb: “Mənə dedi ki, ürəyin nə istəyir, eləyim sənin üçün, amma sən də çəkiliş elə, de ki, döyülməmişəm, işgəncə olmayıb...”

Tərtər işgəncələrilə bağlı məhkəmə araşdırmaları davam edir. Təqsirləndirilən 4 nəfərin heç biri özünü təqsirli bilmir. Onlardan üçü ifadə verməkdən imtina edib. Yalnız biri Rüstəm Ələsgərov ifadə verib və heç bir cinayət törətmədiyini, əlində səlahiyyəti olmadığını, sadəcə, əmr üzrə binanı mühafizə etdiyini bildirib. Onun sözlərinə görə, işgəncə verilən binaya daxil olmağa belə, onun səlahiyyəti yox idi.

Vüsal Ələsgərov isə ötən məhkəmə iclasında deyib ki, Müdafiə naziri, onun müavini, Baş Qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun verdiyi əmrləri icra edib. Ona görə də özünü qətiyyən təqsirli bilmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.