Vətəndaş müharibəsi, yoxsa İsrail-İran savaşı? – Tehranın gözünün görmədiyi düşmən

Bu gün, 11:27           
Vətəndaş müharibəsi, yoxsa İsrail-İran savaşı? –
İslamın ən böyük cəngəvərlərindən olan Həzrət Həmzənin məşhur bir fikri var: “Allah məni gözümün görmədiyi düşmənlərimdən qorusun. Gözümün gördükləri ilə özüm də bacararam”.
“Axios” nəşrinin məlumatlarına inansaq, İran da İsraillə son savaşda ən böyük zərbəni gözünün görmədiyi düşmənlərindən alıb. Maraqlıdır ki, bu gözəgörünməz düşmənlər xarici qüvvələr də deyil, İranda yaşayıb İsrailə qulluq edən MOSSAD agentləridir.
Nəşrin iddiasına görə, “yüzlərlə MOSSAD agenti, o cümlədən İsrail kəşfiyyatı üçün işləyən iranlıların xüsusi bölməsi həm ölkə daxilindəki, həm də mərkəzdəki əməliyyatda iştirak edib.
MOSSAD xüsusi təyinatlıları idarə olunan silah sistemlərini İranın mərkəzində yerdən - yerə raket qurğularının yaxınlığındakı açıq ərazilərə yerləşdiriblər.
İran daxilindəki başqa bir ərazidə isə MOSSAD silah sistemləri və qabaqcıl texnologiyaları avtomobillərdə gizlədib. Bu silahlar İsrailin hücumu başlayan kimi işə salınıb və İranın hava hücumundan müdafiə hədəflərini məhv edib.
İsrail kəşfiyyat rəsmisi bildirib ki, MOSSAD əməliyyatdan xeyli əvvəl İran daxilində pilotsuz uçuş aparatı (PUA) bazası qurub və sözügedən PUA-ları ölkəyə qaçaq yolla gətirib”.
Düşünə bilirsinizmi? Eynilə Ukraynanın bir müddət əvvəl Rusiyanın strateji təyyarələrinə qarşı həyata keçirdiyi “Hörümçək toru” əməliyyatında olduğu kimi, İsrail də İrana qarşı əməliyyatında istifadə etdiyi bütün silahları əvvəlcədən təyinat nöqtəsinə çatdırıb və döyüşə hazır vəziyyətə gətirib. İran kəşfiyyatının isə bu boyda həngamədən xəbəri olmayıb.
Üstəlik, əməliyyatda iştirak edən MOSSAD agentləri də az olmayıb. Yüzlərlə İran vətəndaşının öz dövlətinə xəyanət etməsindən söhbət gedir. Bəs, yüzlərlə insan niyə bu xəyanət yolunu tutub? Hesab edirəm ki, İran rəsmiləri bunun günahını düşməndə deyil, öz ədalətsiz idarəetmələrində axtarmalıdırlar. Mollakratiya ölkəni elə hala gətirib ki, yüzlərlə vətəndaş İrana qarşı aktiv mübarizədə heç bir vicdan əzabı çəkmədən iştirak edib. Niyə? Çünki İsrailin mollaların başına ələyəcəyi bomba və raketlərə qurtuluş iksiri kimi baxıb. Yəqin ki, hələ MOSSAD-ın ehtiyatında minlərlə, onminlərlə belə gizli silahları var.
Məsələyə bu aspektdən yanaşanda İranda baş verənləri təkcə İsrailin hərbi müdaxiləsi kimi yox, həm də daxili qüvvələrin molla rejiminə qarşı başlatdığı vətəndaş müharibəsi kimi də qiymətləndirmək olar.
Heydər Oğuz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.