Netanyahudan sərt mesaj: “Ayətullah rejiminə təsəvvürəgəlməz zərbələr endirəcəyik”
Bu gün, 09:04
İsrailin Baş naziri Benyamin Netanyahu xalqına müraciətində İranın ali rəhbərliyinə açıq hədə yönəldib.
“Biz onların ali hərbi rəhbərliyini məhv etdik. Atom silahı üzərində çalışan əsas texnoloqları zərərsizləşdirdik. Amma bu yalnız başlanğıcdır. Biz Tehrana gedən yolu artıq açmışıq. Və pilotlarımız Tehranın səmasında ayətullah rejiminə elə zərbələr endirəcək ki, bunu xəyal belə edə bilməzlər”, – deyə Netanyahu bildirib.
KONKRET.az xəbər verir ki, İsrail lideri həmçinin əlavə edib ki, İranın yüksək vəzifəli rəsmilərinin artıq çamadanlarını yığmağa başladığına dair məlumatlar var və onlar təhlükəni hiss edir.
Netanyahu iddia edir ki, əgər İsrail hərəkətə keçməsəydi, İran rejimi nüvə silahını terrorçu proksilərə ötürəcəkdi və bu, “steroid üzərində nüvə terrorizmi” olacaqdı – təkcə İsrail üçün deyil, bütün dünya üçün təhdid.
“Biz bu işi ABŞ Prezidenti Donald Trampın, Amerikan xalqının və azad dünya ictimaiyyətinin dəstəyi ilə görürük. Allahın köməyi və qətiyyətimizlə – biz qalib gələcəyik”, – deyə İsrail Baş naziri vurğulayıb.