Özəl mülkiyyət bəhanəsi ilə qiymət oyunu: Parkinqlərdə süni artım niyə dayandırılmır?

Bu gün, 10:28           
Özəl mülkiyyət bəhanəsi ilə qiymət oyunu:
Mənbə: Kaspi qəzeti

Bakıda bir sıra ticarət mərkəzlərində parklanma qiyməti bahalaşıb. Özü də yüz faizlik artım qeydə alınıb. Hazırda ticarət mərkəzlərinin parkinqində yeni parklanma qiymətləri belədir: 0-1 saat - 2 AZN; 1-2 saat - 3 AZN; 2-3 saat - 6 AZN; 3-5 saat - 8 AZN; 5-7 saat - 12 AZN; 7-24 saat - 20 AZN. Yüz faizlik qiymət artımı ticarət mərkəzlərinə şəxsi avtomobilləri ilə gələn müştərilər, burada fəaliyyət göstərən sahibkarlar və digər işçilər tərəfindən narazılıqla qarşılanır.

Məsələyə münasibət bildirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında vurğulanıb ki, bu kimi iaşə obyektlərinin parklanma ərazisi mülkiyyətçiyə aiddir. Bu səbəbdən ticarət mərkəzlərindəki parkinq zonasındakı qiymətlərə nəzarət mümkün deyil.

"Qiymət artımının iqtisadi əsası yoxdur"

İqtisadçı Altay İsmayılovun sözlərinə görə, qeyd olunan iaşə obyektlərinin yeraltı parklanmasında yüz faizlik qiymət artımının heç bir iqtisadi əsası yoxdur: "Hansı dəyişikliklər qeydə alınıb ki, onlar qiymətləri heç bir səbəb olmadan bu qədər yüksəltmək qərarı veriblər? Həmin yerlərin əməliyyat xərcləri artıb, yoxsa işçilərinin əməkhaqlarında artım olub, kommunal xidmətlərin qiyməti yüksəlibmi? Yaxud belə bir qiymət artımı üçün ölkədə yüz faizə yaxınlaşan inflyasiya olmalıdır ki, bunu kompensasiya etmək üçün bu addımı atmış olsunlar. Əhalinin gəlirlərində də ciddi artım müşahidə edilməlidir ki, qiymət artımını başa düşə bilək. Həmin obyektlər belə addım atdıqda, bunu əsaslandırmalıdırlar".

İqtisadçı bildirib ki, həmin obyektlər qiymət artımından öncə vətəndaşları məlumatlandırmalı idilər: "Artımı izah edib, əsaslandırmaq lazım idi. Belə etsəydilər məlum narazılıqlar da meydana gəlməzdi. Vətəndaşlar bilərdilər ki, bu obyektlər məcburiyyətdən bu addımı atmalı olublar".

"Alternativlər mövcud deyil"

A.İsmayılovun fikrincə, bu qərar həmin obyektlərə gələn vətəndaşların sayına təsir edə bilər: "Ölkəmizdə bir çox iri marketlər mövcuddur. Hansı ki, əksəriyyətinin ətrafında, önündə parkinq yerləri var. Həmin ərazidə vətəndaşlar pulsuz şəkildə maşın saxlaya bilirlər. Pulsuz olmasının əsas səbəbi də vətəndaşları həmin obyektlərə daxil olmağa təşviq etməkdir. Ticarət mərkəzlərində də parkinqə daxil olan insanlar, istənilən halda oranın xidmətlərindən faydalanırlar. Yəni ya mağazalardan alış-veriş edirlər, yaxud restoranda əyləşir, əyləncə məkanlarında əylənirlər. Hər bir halda həmin obyektlərə fayda vermiş, gəlir gətirmiş olurlar. Həmin ödənişlərlə ticarət mərkəzləri xərclərini qarşılayır. Müştərilər nə qədər çox gələrsə, o qədər də kirayələnən yerlərin ödənişi artır".

İqtisadçının sözlərinə görə, ticarət mərkəzlərinə gələn insanların maşınlarını saxlaması üçün elə çox alternativi də mövcud deyil: "Çünki yol kənarlarında salınan parkinq yerləri kifayət etmir. Haradasa uzaqda saxlayıb ticarət mərkəzlərində alış-veriş etmək də vətəndaşa sərfəli deyil. Vətəndaş alış-veriş üçün həmin obyekti seçirsə, əvəzində onu rahatlığı üçün parkinqlə təmin etmək lazımdır. Bu şəkildə qiymət artımı ilə təmin edildikdə vətəndaşların büdcəsinə ciddi şəkildə təsir edir".

A.İsmayılovun fikrincə, əlaqədar qurumların məsələyə müdaxilə etməsi mümkündür. Çünki bir çox hallarda süni qiymət artımı olduğu zaman qiymətlərə müdaxilə edə bilirlər.

"Fürsətdən istifadə edərək qiyməti qaldırırlar"

Nəqliyyat eksperti Adil Nəbiyev isə düşünür ki, ticarət mərkəzləri dövlət obyekti olmadığından istədikləri qiyməti tətbiq edə bilərlər: "Amma təbii ki, son zamanlar bir çox ticarət mərkəzlərində qiymətlərin bu cür süni şəkildə qaldırılması vətəndaşları narahat edir. Çox təəssüf ki, parkinq də həmin iaşə obyektlərinin şəxsi ərazisi hesab olunur. Görürlər ki, vətəndaşlar arasında da tələbat var, maşınlar çox gəlir, fürsətdən istifadə edərək qiymətləri qaldırırlar".

A.Nəbiyevin fikrincə, qeyri-iş günləri, həmçinin bayram günlərində ödənişsiz parkinq tətbiqi vətəndaşlar üçün daha sərfəli olar: "Çünki qanunda da bayram günlərində güzəşt olunması qeyd olunub. Belə olarsa, vətəndaşlar arasında narazılıq az da olsa, səngiyər".

"Vətəndaşın şikayət hüququ var"

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, qaydalar hər kəs üçün eyni olmalıdır: "Qaraj olmayan özəl parklanma yerləri də dövlətin parklanma ilə bağlı təyin etdiyi qaydalar çərçivəsində fəaliyyət göstərməlidirlər. Qiymətlər də dövlətə məxsus olan parklanma yerlərində tətbiq olunan qiymətlərdən dəfələrlə yüksək olmamalıdır. Həmçinin, qiymətlər vətəndaşlarımız üçün əlçatan həddə təyin edilməlidir. İstirahətə gələn insanların avtomobillərini günboyu orada saxlamasına şərait yaradılmalıdır".

E.Cəfərov bildirdi ki, qiymətlərin yüksək olmasından narazı vətəndaşların hüququ var ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər və şikayətlərini bildirsinlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.