Ermənistanın təxribatının pərdəarxası məqamları: Türkiyənin məşhur kəşfiyyatçısı açıqladı
13-04-2023, 10:12

“Ermənistanın son təxribatı nəticəsində üç azərbaycanlı hərbçi şəhid oldu. İrəvanın son günlər bilərəkdən gərginliyi artırdığı, hətta bunu artıq silahlı insidentə çevirərək atəşkəsi pozduğunu rahatlıqla söyləyə bilərik. Bu, təsadüfdür, yoxsa Ermənistan kimlərəsə güvənərək təxribatı törədir? Düşünürəm ki, Fransa başda olmaqla, Qərb, eyni zamanda İran bölgədə sülh və sabitliyin olmasının qarşısını almaq üçün Ermənistanı maşa olaraq istifadə edir. Həmçinin bu qüvvələrin silahı toqquşmanı başlatmaq üçün prosesləri tətikləmək istədiyini görürük”.
Bu sözləri Publika.az-a Türkiyənin istefada olan kəşfiyyat polkovniki, terror və təhlükəsizlik mütəxəssisi Coşqun Başbuğ deyib.
Ekspert bildirib ki, bu təxribat ilk deyil, əgər gərginlik yenidən artarsa, Azərbaycan Ordusu Ermənistana ikinci böyük zərbəni vuracaq:
“Bu alçaq təxribat Azərbaycana qarşı törədilən ilk belə insident deyil. Ermənistan bu ağılla gedərsə, Azərbaycandan ikinci böyük “dəmir yumruq” zərbəsi alacaq. Azərbaycanın Ermənistanla müqayisə olunmayacaq dərəcədə böyük güc fərqi var. Azərbaycan bölgədə böyük hərbi gücə sahibdir və Ermənistanı saatlar içərisində xəritədən silə bilər. Buna baxmayaraq, bu gücünü istifadə etmir. Çünki Azərbaycan bütün oyunları, qurulan tələləri çox yaxşı bilir. Ermənistan da bu tələlərə alət olduğunu etiraf edir. Bu durumda Paşinyanın Ermənistanın ac və kasıb halını sonlandırması üçün Bakının təklif etdiyi hərbi, siyasi və iqtisadi təkliflərə müsbət cavab verməsi lazımdır”.
Başbuğ xatırladıb ki, Türkiyə və Azərbaycan məsələləri İranın da daxil olduğu “3+3” formatı çərçivəsində həll etməyi dəfələrlə təklif edib:
“Hər iki ölkə çalışıb ki, bölgədə yeni əməkdaşlıq olsun, silahlar dayansın, kin və nifrət sona çatsın. Əslində, Azərbaycan Ermənistana jest edir. Bu durumda Paşinyanın edəcəyi tək iş anında bu təklifə müsbət cavab vermək, Qərbin əlinin altından çıxaraq öz ölkəsinin mənfəətini düşünən bir siyasət yürütməkdir. Amma görürük ki, bunu etmir, tam əksinə, Nikol Paşinyan və ona dəstək verən digər qüvvələr gərginliyin artırılması yolunu tutublar”.
Sabiq kəşfiyyat polkovniki İranın da son proseslərə müdaxilə etdiyini, çünki Tehranın ən böyük qorxusunun Güney Azərbaycanı itirmək olduğunu söyləyib:
“İran güneylilərdən qorxur, çünki qarşılarında Türkmənçay müqaviləsi ilə ikiyə böldükləri Azərbaycan var. Orada bu günə qədər əsla assimilyasiya edə bilmədiyi 40 milyona yaxın Azərbaycan türkü yaşayır. İran bu səbəbdən İslam ölkəsi olmasına baxmayaraq, Azərbaycana qarşı məkrli siyasət yürüdərək Ermənistanı dəstəkləyir. İran sözdə İslam ölkəsidir, amma Ermənistanla plan quraraq Azərbaycanı hədəf alır. Sərhəddə təlimlər keçirir, guya Bakıya “mesaj” verir, Zəngəzur dəhlizinin reallaşmaması üçün əlindən gələni edir. İranın da, Ermənistanın da getdiyi yol doğru deyil. Doğru yol Azərbaycanın təqdim etdiyi iqtisadi və siyasi fürsətləri dəyərləndirməkdir. Lakin təəssüflər olsun ki, bunu etmirlər. Bu durumda gərginlik yenidən artarsa, Azərbaycan Ordusu Ermənistana ikinci böyük zərbəni endirməyə hazırdır. Türkiyə də dost və qardaş Azərbaycanın hər zaman yanındadır, o haradadırsa, biz də oradayıq. O şəhidlər bizim də şəhidlərimiz sayılır. Hesab edirik ki, Ermənistan Azərbaycana deyil, həm də Türkiyəyə hücum etdi. Başda Ermənistan olmaqla, bütün dünya bilsin ki, Azərbaycan tək deyil”.
Akqabay Mıradov