FHN Sabunçudakı partlayışın ilkin səbəbini açıqladı - YENİLƏNİB + FOTO/VİDEO

10-05-2023, 10:27           
FHN Sabunçudakı partlayışın ilkin səbəbini açıqladı - YENİLƏNİB + FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayışın ilkin səbəbini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntı yarandığı müəyyən olunub.

FHN-in qüvvələri tərəfindən dağıntı altından bir nəfərin cəsədi çıxarılıb, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində İvan Anaşkin küçəsində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada partlayış nəticəsində ölən və yaralananların kimliyi bəlli olub.

“Report”un məlumatına görə, Rüstəmli Orxan Aslan oğlu hadisə nəticəsində həlak olub.

1984-cü il təvəllüdlü Nuriyeva Gülnarə Şahmar qızı və 2010-cu il təvəllüdlü Ağayev K.İ. müxtəlif dərəcəli xəsarətlər alıb.

01:20

Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Anaşkin küçəsində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada partlayış olub.

“Report”un məlumatına görə, hadisə nəticəsində Orxan adlı şəxs ölüb, bir neçə nəfər isə yaralanıb.

Məlumata görə, yaralılardan biri 2010-cu il təvəllüdlü Ağayev K.İ-dir.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.