Subbakalavrların universitetlərə qəbulu dayandırılıb? - AÇIQLAMA

11-05-2023, 07:58           
Subbakalavrların universitetlərə qəbulu dayandırılıb? - AÇIQLAMA
Son illər subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu həyata keçirilir.

Belə ki, subbakalavrlar ali təhsil müəssisələrinin müsabiqəsində müvafiq ixtisas qrupları üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər balla iştirak edirlər (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra). İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır.

Qeyd edək ki, imtahansız qəbul subbakalavr peşə-ixtisas dərəcəsi alan və təhsil sənədində bu barədə müvafiq qeyd olan orta ixtisas təhsili müəssisələrinin məzunlarına aiddir. Ötən il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 17 min nəfərdən artıq subbakalavrlar ərizəsini təsdiq edib. Cari ildə isə subbakalavrların ali məktəblərə qəbul prosesinin artıq dayandırıldığı barədə fikirlər səslənir. Eyni zamanda, bəzi valideynlər qeyd edir ki, buraxılış və qəbul imtahanına hazırlıq, repetitorluqla bağlı ayırdığı vəsaiti kolleclərə sərf etmək daha məqsəduyğundur. Çünki nəticədə onların ali məktəbə daxil olacağından əmin olurlar.

TEREF.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, hazırda ali təhsil müəssisələrinə qəbul bir neçə formatda həyata keçirilir:

“Birincisi, hər bir kəs Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanlarında iştirak edir və bu imtahanlardan topladıqları ballarla ali məktəblərə qəbul olurlar. İkincisi, yerli və beynəlxalq olimpiada qalibləridir ki, onlar ali məktəblərə qəbul olunurlar. Bundan başqa, 2012-ci ildən sonra orta ixtisas təhsili müəssisələrində, yəni kolleclərdə təhsil alanlardır ki, onların diplomlarında subbakalavr statusu varsa, onlar may ayının ikinci yarısında DİM-in saytında qeydiyyatdan keçirlər. Elektron müraciət edirlər və DİM tərəfindən mövcud qaydalar çərçivəsində onlara hər ixtisas qrupu üzrə minimum 150-200 bal verilir.

Onlar avqust ayında ixtisas seçiminə buraxılırlar. Bu qaydalar 2018-ci ildə “Təhsil haqqında”Qanuna edilən əlavə və dəyişikliklərdən sonra həyata keçirilir. Burada heç bir dəyişiklik yoxdur. Bu il də orta ixtisas təhsili müəssisələrini, yəni kollecləri bitirənlər ali məktəblərə müsabiqədənkənar qəbul olmaq statusundadırlar. Birinci il 3700, sonrakı illərdə 5000 kollec məzunu müsabiqədənkənar qəbul olunub. Bu il də həmin qanun qüvvədə olacaq”.

Valideynlərin repetitorluğa vəsait ayırmaqdansa həmin vəsaiti kollecə yönləndirərək övladlarının subbakalavr diplomu ilə birbaşa ali məktəbə qəbul olmasının daha asan və az xərcli olması fikrinə gəldikdə isə ekspert deyir ki, bu ehtimal var:

“Ancaq əmin olmaq mümkün deyil. Bunu kolleclərin bütün ixtisaslarında təhsil alan məzunların hamısına şamil etmək mümkün deyil. Məsələn, Tibb Kollecində təhsil alan subbakalavrlardan indiyədək 1 nəfər də ali məktəbə qəbul ola bilməyib. Maliyyə, mühasibat, bank kimi ixtisasların məzunları II ixtisas qrupu üzrə müəyyən qədər uğur qazana bilirlər. Bu, heç də hamsına aid deyil.

Demək olmaz ki, bütün kolleclərin məzunları qəbul olacaqlar. Əslində bu yanaşma yaxşıdır. Ən azından insanlar pullarını əmin olduqları sahəyə ayırırlar. Bundan narahat olmağa dəyməz. İnsanlar təhsil alırlar. Yeni qaydalar kolleclərə marağı artırıb”.

Subbakalavrların təhsil səviyyəsinin aşağı olması fikrinə gəldikdə isə ekspert deyir ki, bu fikir doğru deyil:

“Kolleclərdə oxuyanda həmin məzunlar həmin materialları öyrəndikləri üçün dərsə maraqları olmur. Məsələn, 11-ci sinifi bitirən şagirddən fərqli olaraq 3 illik təhsili bitirən subbakalavr bu mövzuları bilir. Onlar deyirlər ki, bu mövzunu bilirik. Narazılıq bu istiqamətdə olur ki, onların böyük əksəriyyəti işləyirlər. Bu baxımdan dərslərdən yayınmağa meyilli olurlar, icazə alırlar və bu kimi hallar var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.