“ƏCLAFDIR, AMMA BİZİM ƏCLAFDIR”...
27-06-2023, 08:27

Rus dilində belə bir ifadə var: “Подонок, но наш подонок». Bizim dilə çevirsək, belə səslənər: “Əclafdır, amma bizim əclafdır”.
Bu ifadə dünya siyasət tarixində “əbədiyaşar” klişedir. Müxtəlif beynəlxalq güclərin ayrı-ayrı ölkələrdə irəli çəkdiyi fiqurlar nə qədər yarıtmaz olduqlarını sübut etsələr də, yenə də, arxalarındakı qüvvələr sanki məcbur qalaraq, onlardan əlini çəkmir, son ana qədər dəstək olur.
ABŞ-ın Cənubi Vyetnamdakı rejimi də korrupsiyaya bulaşmış, öz əclaflığını yetərincə sübut etmişdi. Amma buna rəğmən, ABŞ özünün minlərlə vətəndaşını Vyetnamda qurban verməyə razı oldu – rejimi qorumaq naminə.
Eyni məsəli Meksika, Panama, Qvatemala və digər Latın Amerikası ölkələri ilə bağlı da yada sala bilərik.
SSRİ də Əfqanıstanda eyni aqibəti yaşadı – oyuncaq rejimini müdafiə etmək üçün. Və yenidən ABŞ – vergi ödəyicilərinin 100 milyard dollardan çox vəsaitini korrupsiyaya qurşanmış Karzay rejiminə fəda etdi... Sonda vəziyyətlə barışmalı oldu.
Avropa İttifaqı eyni aqibəti Ukraynada yaşadı... Zelenskiyə qədər Ukraynaya ayrılan və müxtəlif oliqarxlar çevrəsində, o cümlədən Poroşenko rejimi tərəfindən həzm-rabedən keçmiş milyardlarla avrodan heç kim danışmır. Bu gün Poroşenko yenə siyasi gündəmdədir, “Avropa Həmrəyliyi” adı altında siyasi qüvvəyə rəhbərlik edir, hələ də ondan birdəfəlik üz çevirmirlər. Bu gün Ermənistanda gah Avropaya meyilli hökumət quran, gah da Rusiya ilə “oyunlar” oynayan Nikol Paşinyan siyasi səhnədədir. Poroşenkodan fərqli olaraq, Paşinyan siyasi kreditlərini hələ tükətməyib.
Amma Avropa İttifaqında da, hətta Ermənistanı cani-dildən dəstəkləyən Yelisey sarayında da yaxşı başa düşürlər ki, bu gün ortaya çıxan “kaşa”nın əsas aşbazı elə Paşinyandır. Bir tərəfdən Azərbaycanı sərt tədbirlərə təhrik edən, digər tərəfdən Avropa İttifaqına və Sorosa “liberal islahatlar” vədləri verən “keçmiş jurnalist” özünü əməlli-başlı oyuna saldı.
Bir gün Brüsseldə, bir gün Moskvada... Qərb yaxşı bilir ki, Ermənistan hakimiyyəti ikili oyun oynayır – bir tərəfdən Azərbaycanla danışıqlara gedir, digər tərəfdən var gücü ilə sərhəddə qarşıdurma yaratmağa çalışır.
Sadəcə, mümkün şərtlər daxilində Paşinyanı dialoqda saxlayır, kənardan istiqamət verirlər. Los Angelesdən oturub müharibədən danışan erməni lobbisi də artıq onu olduğu kimi qəbul etməyə məcburdur. Çünki alternativ yoxdur.
Qərb bu minvalla, qafqazlılara və digər qeyri-rus millətlərinə qarşı şovinist çıxışlar etmiş Navalnıya da səssiz qalmağı üstün tutdu. Hələ də, Navalnı onlar üçün vazkeçilən deyil... Çünki Putin rejiminə qarşı “adam arasına çıxarası” başqa alternativ variant yoxdur.
Son günlərdə baş verən Priqojin qiyamı da eyni “aksiyoma”nı yada saldı – amma Rusiyanın “dərin qüvvələri” üçün: “Əclafdır, amma bizim əclafdır”.
Bəli, Priqojin qiyama qalxdı, dikbaşlıq elədi. Bunu, qətiyyən bağışlamaq olmaz. Amma hazırkı vəziyyətdə bizə faydalı ola bilər. Ətrafına “anasından-atasından küsənləri” toplayaraq sözün əsl mənasında gücə çevrilən Yevgeni Priqojinin üstündən xətt çəkmək elə də asan deyildi.
Hətta maraqlıdır ki, Putin qiyamı pislərkən, Priqojinin adını çəkməmişdi... Çünki öz “əclaf”ıdır.
“Vaqner” rəhbərinin bu günkü çıxışından sonra da bir sıra məqamlara aydınlıq gəldi: Putin-Lukaşenko cütlüyü “Vaqner”in xidmətlərindən hələ bir müddət istifadə edəcək. Bu, həm də Belarus ərazisində diversiyaların qarşısını almağa yardımçı olacaq. Belə ki, Belqoroda rus əsilli RDK qruplarının hücumlarından sonra, Ukraynada təlim keçən Belarus əsilli döyüşçülərin də Lukaşenkoya böyük problemlər yaradacağı gözlənilirdi...
Necə deyərlər, əclaf bizə hələ lazım olacaq.
Rüfət Əhmədzadə
AzPolitika.info