470 min ton nadir torpaq elementi olan nəhəng mədən tapıldı: Harada yerləşir?
Bu gün, 12:18

Çin nadir torpaq elementlərinin hasilatında dünya lideridir və ölkədə yeni böyük yataq kəşf edilib.
"The Pulse" resursunun məlumatına görə, Yunnan əyalətində aşkarlanan yatağın ehtiyatı 470 mindən çox ton təşkil edir. Onların dəyərinin 200 milyard dollar ola biləcəyi bildirilir. Analitiklərin fikrincə, bu kəşf ABŞ-ın bərpa olunan enerji bazarında liderlik uğrunda səylərinə ciddi zərbə vura bilər.
Nadir torpaq elementləri "yaşıl" enerji sahəsində kritik əhəmiyyət daşıyır. Onlardan külək turbinlərində, elektromobillərdə, LED texnologiyalarında, batareyalarda və hətta hidrogen texnologiyalarında istifadə olunur. Onların unikal xüsusiyyətləri onları praktiki olaraq əvəzolunmaz edir.
Çin geoloji xidməti məlumat verib ki, yeni yataqda prazeodim, neodim, disprozium və terbium kimi elementlər mövcuddur. Bunlar bərpa olunan texnologiyalar üçün mühüm hesab olunur. Qeyd edilir ki, söhbət həm də asan çıxarılan və ekoloji təsiri az olan nəhəng ehtiyatlardan gedir.
Çinin bu kəşfi ABŞ-ı çətin vəziyyətə sala bilər. "Apple" və "Tesla" kimi nəhəng şirkətlər tədarük zəncirlərini yenidən qurmaq məcburiyyətində qala bilərlər. Bununla yanaşı, elektromobil istehsalı daha çox Çin resurslarından asılı olacaq.
Məqalədə vurğulanır: "Çin bu mədən sayəsində resurs üstünlüyünü əhəmiyyətli dərəcədə gücləndirəcək, bu isə ölkəyə ciddi strateji və geosiyasi üstünlük qazandıracaq, xüsusilə də ABŞ-ın idxal rüsumlarını artırmasına cavab olaraq."