Vaqner döyüşçülərinin lideri Priqojin Belarusa gəlib

28-06-2023, 10:04           
Vaqner döyüşçülərinin lideri Priqojin Belarusa gəlib
Vaqner döyüşçülərinin rəhbəri Yevgeni Priqojin qiyamı dayandırdıqdan sonra Minskə gəlib. Bunu Belarus lideri təsdiqləyib.

"Bəli, doğrudan da, o, bu gün Belarusdadır", - Aleksandr Lukaşenkonun sözləri BELTA xəbər agentliyində iqtibas olunur.

Şənbə günü Rostov şəhərini ələ keçirən Yevgeni Priqojinin muzdluları Belarus liderinin vasitəsilə əldə olunan razılaşmadan sonra Moskvaya doğru yürüşünü dayandırıblar. Razılaşmanın şərtlərinə görə, Belarusa yollanmalı olan Yevgeni Priqojinə qarşı irəli sürülən ittihamlar ləğv olunmalıdır.

Vaqner qrupunun bundan sonra ilk çıxışında deyib ki, heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razılaşmayıb və onun muzdlu şirkəti iyulun 1-də fəaliyyətini dayandıracaq.
11 dəqiqəlik audiomüraciətində Priqojin bildirib ki, o, Moskvaya Rusiya rəhbərliyini devirmək üçün hücum etmirdi.

"Yürüşün məqsədi Vaqnerin məhv olmasının qarşısını almaq və öz qeyri-peşəkar hərəkətləri ilə çoxlu sayda səhvlərə yol vermiş rəsmilərdən hesab sormaq idi", Priqojin deyib.

Priqojin əlavə edib ki, onlar "rus əsgərlərinin qanının tökülməsinin qarşısını almaq üçün" geri çəkiliblər.

Yevgeni Priqojin Telegram-da yayılmış audio mesajında harada olduğunu açıqlamayıb.

Çərşənbə axşamı günü Vaqner qrupunun liderinə məxsus olduğu deyilən təyyarənin Belarusun paytaxtı Minskin hava limanına endiyi məlum olub. Bir müddət sonra Belarus lideri Priqojinin ölkəyə gəldiyini təsdiləyib.

İyunun 27-də Kremlin sözçüsü bildirib ki, Yevgeni Priqojinin harada olması barədə məlumatı yoxdur. "Burada heç bir məlumatım yoxdur və sizə heç nə deyə bilmərəm", - Dmitri Peskov jurnalistlərə bildirib.
Bazar ertəsi Vaqner döyüşçülərinin rəhbəri iddia edib ki, onlar Ukrayna müharibəsini daha tez başa çatdıra bilərdilər və bildirib ki, qısa ömürlü qiyam zamanı ələ keçirdikləri Rusiya şəhərlərində sakinlər onlara dəstək olublar.

Həftə sonu Belarus liderinin vasitəsilə əldə olunan razılaşmadan sonra, Moskvaya yürüş edən Priqojin, "qan tökməmək" naminə onun tabeçiliyində olan qoşunları hərbi düşərgələrə qaytarmaq gərarına gəldiyini elan edib.

Məlumatlara görə, Rusiya rəhbərliyi tərəfindən ona və onun döyüşçülərinə qarşı irəli sürülən ittihamlar ləğv ediləcək.

ABŞ, Böyük Britaniya və Aİ liderləri vəziyyəti yaxından izlədiklərini deyirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.