Türk inanc sistemində QURBAN ritualları

29-06-2023, 09:34           
Türk inanc sistemində QURBAN ritualları
Qurban ritualı manixeizm xaric, bütün inanclarda mövcuddur. Manixeizm inancında heyvanları öldürmək və ət yemək böyük günah olduğu üçün qurban ritualı yoxdur.
Türk inanc sistemində qurban ritualı üçün heç bir məhdudiyyət yoxdur. Övlad istəmək, xilas müharibə, fəth, bərəkət, evlənmək, dostluq, sülh, hətta düşmənlik Göyə xitab edilən qurban üçün səbəbdir.Qədim türk inanc sistemində qurban Tanrıya edilən təşəkkür mahiyyətində idi.
Türk inanc sistemində əsas qurban rituallarından biri də xani-yağma mərasimidir. Kitabi Dədə Qorqud dastanında bunun bir neçə örnəyini görürük. Dastanda Bayandur xan və oğuz bəyləri süfrələrini yağmalatdırmaqla fəxr edirlər. Eyni ənənə oğuz səlcuqlarında var idi. Sultan Toğrul bəy (1038 - 1063) hər gün səhər yeməyi zamanı süfrəsini xalqa açıq tutardı. Sultan Alparslan (1063 - 1072) hər gün saray mətbəxində əlavə 50 qoyun kəsdirib yemək olaraq xalqa verirdi. Mərasim şəklində hər gün açılan süfrələrdə hər gün minlərlə insan təmənnasız yemək yeyərdi. Mavərəünnəhrə təşkil etdiyi hərbi səfər zamanı sultan Məlikşah (1073 - 1092) xani-yağma təşkil etmədiyi üçün Çigil tayfalarının üsyanı ilə üzləşmişdi. Hökmdar süfrəsinin yağmalanması Tanrının bəxş etdiyi səadətə (qut) şükr etmək idi. Tanrının verdiyi nemətə təşəkkür etmək forması olan xani-yağma ac və yurdsuz qalan insanların doyurulub, qayğısına qalmaq məqsədi daşıyırdı. Çünki türk inanc sisteminə görə Tanrının yer üzündə təmsilçisi olan hökmdar qullarının "doyurmaq və geyindirmək" məcburiyyətində idi.
Xani-yağma mərasimindən başqa qurban ritualları da var idi. Göytürk xaqanı xalqını hər il ata mağarasına aparıb qurbanlar kəsirdi. Cənazə yerində qurban kəsilməsi ənənəsi hunlardan etibarən türk inancında yer alır. Türk xalqları əsasən təbiət qoynunda, göl, çay, meşə və dağların kənarında, ata qəbirlərində qurban kəsirdilər. Kütləvi qurban mərasimləri isə dini ayinlər icra edərkən müqəddəs hesab olunan yerlərdə təşkil edilirdi. Türklər Tanrıya, Yerə, Günəşə, çaylara, dağlara və əcdadların ruhuna qurban verirdilər.
Qədim türklər, xüsusilə də İslama qədər hər zaman at qurban etmişdilər. Türklərin atları qurban etməsində başlıca amil bu heyvanın ən çox sevilməsindən irəli gəlirdi. Göytürklər sülhü bayram etmək üçün ağ at qurban etmişdilər. Monqollar yaranan tayfa ittifaqını ağ at qurban edərək bayram edirdilər. At və qoyun qurban edilən yeganə heyvan deyildi. İt və maral qurbanları haqqında da kifayət qədər məlumatımız var. Sibir xalqlarında indi də qurban olaraq maral və itlər kəsilir.
İslamın qəbul olunmasından sonra türklərdə kütləvi qurban mərasimlərinin yerini qurban bayramı aldı. Qurban bayramları qədimdə olduğu kimi, müsəlman hökmdarın başçılığı ilə icra olunurdu.
Елбрус Вахидов
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.