Azərbaycan niyə İŞİD-in hədəfindədir? - Şərh
11-07-2016, 16:51
Xəbər verdiyimiz kimi, Türkiyənin “Milliyət” qəzetində İŞİD terror qruplaşmasının hədəfində Azərbaycan polisinin dayandığı ilə bağlı yazı dərc olunub. İddiaya əsasən Türkiyə Baş Polis İdarəsinin əyalət müdirliklərinə göndərdiyi xəbərdarlıqda göstərilir ki, canlı bomba qismində Azərbaycanda terror planlaşdıran azərbaycanlı və qafqazlı İŞİD-çilərin hədəfində polislər və ailə fərdləri olacaq.
Sözügedən şok iddia ilə bağlı siyasi şərhçi Elxan Şahinoğlu “Qafqazinfo”ya açıqlama verib. O, terrordan heç bir ölkənin sığortalanmadığını vurğulayıb:
“Hətta dünyanın super dövləti olan Amerika Birləşmiş Ştatları 11 sentyabrı proqnozlaşdıra bilmədi. Terrorçular Amerikaya kimi gəlib çıxdılar. Hazırda müəyyən təhlükələr var. Çünki vaxtilə Azərbaycandan xeyli insan ailəlikcə Suriya və İraqdakı İŞİD qruplaşmasına qoşulub. Yaxşı haldır ki, hazırda bu proses minimuma enib. Hətta bəzi yerlərdə dayanıb. Ona görə də təhlükənin böyük miqyaslı olduğunu söyləmək mənim üçün çətindir. Geri qayıdanların bir qismi isə ya həbs olunub, ya da polis nəzarətindədir. Amma elə İŞİD-çi ola bilər ki, Azərbaycana qayıtmayıb, Suriyada ya İraqda qərar tutub. İŞİD baş bilənlərindən kimsə onlardan birini Cənubi Qafqaz üzrə təmsilçi təyin edib. Həmin təmsilçi də terror planlaşdıra bilər.
“Milliyet” qəzeti bunu yayıbsa, Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələləri araşdırmalı, baş verəcək hər hansı hadisənin qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Məsələn, Fransada olan partlayışlardan sonra belə bir qərar verildi ki, hüquq-mühafizə orqanları arasında koordinasiya zəif olduğuna görə bu teraktlar baş verib. Polis əvvəlcədən hansısa şübhəlini tutsa da, başqa bir orqan onu buraxıb. Ona görə də hesab edirəm ki, Azərbaycanda da terror təhlükəsi varsa, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti terrora qarşı ortaq bir qurum yaratmalıdır. Həmin qurum ancaq terrorla mübarizəyə cavabdeh olmalıdır”.
Onun sözlərinə görə, terror qruplaşmasının hədəf olaraq kimi seçəcəyini əvvəlcədən dəqiq bilmək çətindir: “İŞİD terrorçuları kimi istəsən hədəf seçə bilərlər. Mülki vətəndaşlar da hədəfdə ola bilər. İstanbulda aeroportu hədəf seçdilər, ora polis məntəqəsi deyildi. Özləri kimi beş dəfə namaz qılan müsəlmanları qətlə yetirdilər. Onlar üçün müqəddəs heç nə yoxdur. Polisi də hədəf seçə bilərlər, metronu da, xarici ölkələrin səfirlikləri qarşısında da terror törədə bilərlər. Məsələn, əvvəl Bakıda İsrail səfirliyinin qarşısında başqa bir qruplaşma terror törətmək istəyib. Bu cür hadisələr müəyyən zamanlarda edilməyə cəhd edilib.
İŞİD-lə bağlı belə bir təcrübə var ki neçə illərdir meşələrdə gizlənirlər. Onların çoxusu neytrallaşdırılsa da, gizli tərəfdar qrupları hələ də qala bilər. Onlara yatmış terrorçular deyirlər, ancaq İŞİD-ə rəğbətləri var. Hər hansı əmr alanda hərəkətə keçə bilərlər. Ən təhlükəlisi də yatmış terrorçulardır. Onları müəyyənləşdirərək hücum etmək planlarının qarşısı alınmalıdır”.
E. Şahinoğlu İŞİD-in çox hiyləgər təşkilat olduğunu qeyd edib: “Onlar üçün artıq məsafə də qalmayıb. İŞİD-in bu saat vəziyyəti ağırdır. Həm İraqdan, həm də Suriyadan sıxışdırılıb. Ona görə də taktikasını dəyişib. Müəyyən bölgələri əldən verib məğlubiyyətlə üzləşdiyinə görə müharibəni bütün dünyaya yaymaq istəyir. Türkiyədə, Brüsseldə, Fransada partlayış etdilər, bölgə miqyasını getdikcə genişləndirməyə çalışırlar”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə İŞİD hədəf götürdüyü ölkələr içərisində Azərbaycanın da adını vurğulayır: “Hesab edirəm ki, İŞİD-in hədələrinin burada reallaşması mümkün deyil. Ölkədə bu gün hər bir insanın təhlükəsizliyini qorumaq üçün çox ciddi bir təhlükəsizlik sistemi yaradılıb. Bura sərhəd xəttindən keçdikdən sonra, eyni zamanda insanların yaşadığı bütün ərazilər daxildir. İŞİD-in Azərbaycanda hər hansı sosial bazası yoxdur. Ölkədə radikal ideologiyaya xidmət edən ictimai siyasi qruplar mövcud deyil. Cəmiyyətin özü İŞİD ideologiyasından çox uzaqdır və Azərbaycanda dəstək qazana bilməz”.
Millət vəkilinin sözlərinə görə, təhlükənin haradan gəlməsindən asılı olmayaraq hüquq-mühafizə orqanları cəmiyyətin təhlükəsizliyini yüksək səviyyədə qoruyurlar: “Bunun nəticəsidir ki, Azərbaycanda kriminal hadisələrin sayı hər 100 min nəfərə düşən insan sayına görə dünyada ən aşağı yerlərdən birindədir. Cinayətin törədilmə faizi aşağıdır və heç bir cinayət cəzasız qalmır. Həmçinin silah üzərində ciddi nəzarət var. Silahın ona aidiyyatı olmayan, terror törətmək istəyən adamların əlinə keçməsini qeyri-mümkün hesab edirəm”.