Sultan II Mahmud və Ərdoğanın ortaq taktikası - “Yeniçəri” üsyanları - tarixə baxış (təhlil)

18-07-2016, 01:32           
Sultan II Mahmud və Ərdoğanın ortaq taktikası - “Yeniçəri” üsyanları - tarixə baxış (təhlil)
“Türk milləti əslində əsgər millətidir”. Bu sözlər böyük türk alimi İlber Ortaylıya məxsusdur.
Türklər millət olaraq dünya arenasına çıxdığı andan döyüşkən xarakteri ilə seçilən, güclü nizama bağlı, hərbi-iyerarxik dövlətçiliyə üstünlük verən millət olaraq tanınıb.
Qədim dövrlərdə də türk millətinin iqtisadi gücü elə hərbi yürüşlər, istilalar, fəthlər üzərində qurulub.

Məsələn, eramızın ilk yüzilliklərində yazılan mənbələrdə göstərilir ki, türklər ilin müəyyən vaxtlarında hərbi qənimət əldə etmək məqsədilə Çin imperiyasına qarşı yürüşlər təşkil edirmiş. Həmin vaxta az qalmış Çin kəndliləri və sənətkarları malları ilə olduqları məskənləri, kəndləri şəhərləri tərk ediblər.

Türk əsgərləri isə var-dövlət arxasınca onları sona qədər qovurmuş. Bunu anlayan çinlilər elə malları evlərində buraxıb qaçırlarmış ki, türklər onların arxasınca gəlməsin.

****

İslam yayıldıqdan sonra türklər yeni təktanrılı dini könüllü qəbul edən ilk xalqlardan oldular.
Həmin vaxtdan etibarən türklərin döyüşkən xarakteri onları xilafətin əsas hərbi gücünə çevirdi. Məsələn, Abbasi xəlifəsi Əl-Mötəsim Billah (833-847) demək olar ki, ordusunu ancaq türklərdən qurmuşdu (xəlifənin anasının da türk olduğu deyilir).
Xilafətin Azərbaycandakı Babək üsyanının üzərinə türk hərbi rəislərinin başçılıq etdiyi orduları göndərməsi də buna sübutdur (Elə üsyanı yatıran da türklərin Sac boyundan Afşin olub).
Sonradan da türklər xilafət dövründə hərbi hakimiyyəti itirmədilər.

****

Xilafət faktiki olaraq dağıldıqdan sonra Orta Asiya və Yaxın Şərdə hərbi, iqtisadi və siyasi hakimiyyət türklərin əlinə keçdi. Xilafətdən sonra İslam dünyasında yaranan bütün qüdrətli dövlətlərin başında türk sülalələri və onların rəhbərlik etdiyi tayfalar dayanıb. Buraya Qaraxanlılar, Səlcuqlular, Misir məmlükləri, Osmanlılar, Teymurilər, Səfəvilər, Afşarlar, Qacarlar kimi qüdrətli xanədanları misal çəkmək olar.. Hətta 13-14-cü yüzilliklərinə Avrasiyada hegemonluğunu təsdiq edən monqol tayfaları da İslam dininin təsiri ilə türkləşdilər.

Lakin türk tayfaları əsas etibarı ilə hərbi struktur daxilində fəaliyyət göstərdikləri üçün məmur bürokratiyasına o qədər də həvəslə yanaşmadılar.

Məhz bu səbəbdəndir ki, türk dövlətlərinin bürokratik idarəçiliyinin başında hər zaman türk olmayan şəxslər dayanıb.

Səlcuqlular dövründə saray bürokratiyasında fars əsillilər üstünlük təşkil edib. Buna görə həmin adamların sayəsində fars dili sarayın və mədəniyyətin əsas lisanına çevrilib.

****

Türk hərbi hakim elitasının “biz idarə edənləri idarə edirik” prinsipi tarixin bütün dövrlərində özünü göstərib.

Şübhəsiz ki, bu mənada ən maraqlı və nümunə sayılacaq tarixi fenomen Osmanlı Türkiyəsi və Türkiyə Cümhuriyyətidir.

Osmanlı Türkiyəsi qurulduqdan sonra ələ keçirilən torpaqların idarə edilməsi, habelə növbəti fəthlərin həyata keçirilməsi üçün yeni bir hərbi qurumun təsis olunmasına ehtiyac yarandı.
Bu səbəbdən Osmanlı sultanı İ Murad 1361-ci ildə gənc hərbi əsirlərdən “pəncik” adı verilən əsirlərin, yəni hər əsirin 5-dən birinin (farscadan “pənci-yek”) ona verilməsini əmr etdi. Sonradan həmin əsirlərdən ibarət Ədirnədə yeni hərbi qurumun-yeniçəri (çəri qədim türkcədə əsgər) ocağının qurulmasına fərman verdi.

Osmanlı imperiyasının qüdrətli illərində bu ocaq sultanlığın əsas döyüş qvardiyasına və ordunun onurğa sütununa çevrildi.

Yeniçəri ocağı əsasən Osmanlının tutduğu torpaqların əhalisindən çox vaxt zorla ailələrindən alınıb götürülən kiçik yaşlı oğlanlardan təşkil olunurdu.

Həmin oğlan uşaqları ilk dövrlərdən İstanbulda xüsusi kazarmalarda yerləşdirilirdi.
Onlara hərb, döyüş və idarəçilik sənəti öyrədilirdi. Daha zəkalı və oxuyub yazmağa meylli uşaqlar Əndərun məktəbində yetişdirilirdi. Osmanlı dövlətinin qəza bəyləri, valiləri, vəzirləri və sədrəzəmləri adətən bu məktəbim məzunları içərisindən çıxırdılar.

Qüvvətli və döyüşkən uşaqlar isə yeniçəri kazarmalarına göndərilirdi.

Osmanlı dövlətinin yeniçəri kimi rəsmi hərbi qurumlarından başqa, qeyri-rəsmi sayılan, lakin sadəcə sultana tabe olan bir institut diqqəti cəlb edir ki bunlar da Akıncılardır.

Akıncılar əsasən kəşfiyyat, xüsusi təyinatlı işlər, özəl əməliyyatlar kimi işləri icra edirmişlər.
Akıncıların yeniçərilərdən fərqli sayılan ən böyük özəlliyi onların yalnız türk əsilli döyüşçülərdən təşkil olunması idi.

Bu mənada Osmanlıda dini iyerarxiyanın strukturu da diqqəti cəlb edir.

Məlumatı olan hər kəs bilir ki, Osmanlı dövlətinin vəzirləri və valiləri Yeniçəri və Əndərun ocaqlarından çıxan qeyri-türk əsilli dövlət xadimlərindən təşkil olunub.

Lakin başqa strukturlardan fərqli olaraq Osmanlı dini bürokratiyası da istisnasız türk əsillilərdən qurulmaslı idi. Təsadüfi deyil ki, 1424-cü ildə ilk şeyxülislam Molla Fenaridən bu yana imamlar, qazilər, mollalar, habelə 131 şeyxülislamın demək olar hamısı, bir sözlə fikir və ağıl hocaları yalnız türklər olublar.

****

Sultan II Osman

Osmanlı dini idarəsinin və şeyxülislamın hazırkı konstitusiya məhkəməsinə bənzər funksiyalar daşıdığını nəzərə alsaq, bu qurumun türklər tərəfindən nə qədər önəmli olduğunu başa düşmək olar.

16-cı əsrin sonundan başlayaraq yeniçəri ocağı daha çox Osmanlı dövlətində hərbi qiyamların təşkil edilməsi, sultanların, sədrəzəmlərin hakimiyyətdən salınması ilə yadda qaldı.
Yeniçərilər 1622-ci ilin mayın 22-də hərbi qiyamla Sultan II Osmanı devirərək öldürdülər.
Bundan sonra yeniçəri əsgərləri qarşıdan gələn 200 il boyunca Osmanlı sultanlarının iqtidara gəlişində və taxtdan endirilməsində əsas rol oynadılar. Yeniçəri qiyamları sayəsində I İbrahim, IV Mehmet (1648-1687), II Mustafa (1695-1703), III Əhməd (1703-1730), III Səlim (1799-1807), IV Mustafa kimi sultanlar zorla hakimiyyətdən əl çəkdirilmiş və öldürülmüşlər.

Yeniçəri özbaşınalığına son verən hökmdar Osmanlı sultanı II Mahmuddur.
II Mahmud

****
Türkiyənin Avropa qarşısında iqtisadi və elmi cəhətdən geri qaldığını görən II Mahmud inkişaf yolunda ən böyük əngəllərdən biri saydığı Yeniçəri hərbi ocağının ləğvinə qərar verir.

Bundan öncəki sultanlar tərəfindən edilən bənzər cəhdlərin uğursuz nəticələnməsindən dərslər çıxaran II Mahmud düşündüyü planla bunu həyata keçirməyə bacarır.

****


Osmanlı tarixində Vakai-hayriye (Xeyirli hadisə) adı verilən bu tarixi olay analogiya aparılması baxımından olduqca mühümdür.

Belə ki, hakimiyyətə gəldiyi ilk illərdən II Mahmut bu ocağı qaldırıması ilə bağlı ilk tədbirini həyata keçirdi. 1825-ci ilin mayın 25-də o, Yeniçəri ocağına alternativ sayılan “Eşkinci ocağı”nın qurulmasını əmr etdi. Həmin ocağın əsgərləri Avropa ordularında olduğu kimi uniforma geyinir və onlar kimi hərbi təlimlər keçməyə başladılar.
Bunu duyan yeniçərilər yeni bir qiyamın hazırlığına başladılar.

Yeniçərilər 1826-cı ilin iyunun 14-də İstanbulda, Aksaraydakı Ət meydanında xüsusi nümayiş keçirdilər.

****
Bunu duyan II Mahmud dini üləmanı da yanına alaraq ( eynilə 2016-cı ilin 16 iyulunda olduğu kimi), xalqı meydanlara çağırdı.

Yeniçəri ocağı xaric, bütün hərbi birliklər sultana sədaqətlərini bildirdilər.
16 iyun 1826-cı ildə Ət meydanındakı bütün yeniçərilər top atəşi ilə dağıdılaraq öldürüldülər. Həmin gün 6000-dən çox yeniçərinin öldürüldüyü bilinir.

Onun yerinə isə Avropa standartlarında Asakir-i Mansure-i Muhammediye (“Məhəmmədin zəfər orduları”) deyilən yeni ordu quruldu.

****

Bundan sonra uzun bir müddət boyunca Türkiyədə hərbçi qiyamları baş vermədi. Ta ki, 1909-cu ilin martın 31-dək.

Həmin dövrdə hökmdarlıq edən Sultan II Əbdülhəmid 1908-ci ilin iyulunda baş verən “Gənc türklər” inqilabından sonra ölkədə 1876-cı il konstitusiyasını bərpa etməyə məcbur oldu.
“Gənc türklər”in əsas siyasi təşkilatı “İttihad və Tərəqqi” partiyası ölkəni idarə etməyə başladı.

1909 - cu ilin fevralında gənc türkləri tənqid edən jurnalist Həsən Fəhmi bəy öldürüldü. Onu dəfni yeni iqtidara qarşı yüzmünlik nümayişə çevrildi.

1909-cu ilin martın 31-də İstanbul qarnizonun əsgərləri gizir Həmdi Yaşarın rəhbərliyi ilə qiyam qaldırdı.

Qiyamçılar tez bir zamanda ölkə parlamentini və hökumətin binasını ələ keçirdilər. Onlar konstitusiyanın ləğv edilməsin, “İttihad və Tərəqqi” partiyasının ləğv edilməsini və ölkəni yenidən şəriət qanunları ilə idarə olunmasını tələb edirdilər.

Sultan II Əbdülhəmid bu tələbləri dərhal yerinə yetirərək, Əhməd Tofiq paşanı yeni baş nazir təyin etdi.

Lakin gənc türklər Salonikdə və Ədirnədə ordu korpuslarının köməyi ilə 100 minlik “Hərəkət ordusu “ yaratdılar.

Ordu Mahmud Şevket paşanın komandanlığı altında İstanbula hərəkət etdi.
23 apreldə İstanbula girən ordu qiyamı yatırdı və şəhərdə “gənc türklər”in hakimiyyətini yenidən bərpa etdi.

1909-cu ilin aprel ayının 27-də isə Məclis şeyxülislamın da fitvası ilə Sultan Əbdülhəmidin taxtdan endirildiyini, onun yerinə isə V Mehmetin gətirlidiyini bəyan etdi.

Məhz bu hadisədən sonra Osmanlı imperiyasında hərbçilərin hakimiyyəti qətiləşdi və Ənvər paşa, Tələt paşa və Camal paşadan ibarət triumvirat ölkəni idarə etməyə başladı.


V Mehmet

****
Osmanlı imperiyası dağıldıqdan sonra da ölkənin xilas edilməsi və düşmən işğalından qurtarılması da hərbçilərin çiyinlərinə düşdü.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk də hərbçi və ordu komandanı idi. Ondan sonra gələn İsmət paşa da onun kimi hərbi məktəbin yetirməsi olub və İstiqlal savaşlarında ordulara komandanlıq edərək, böyük şücaət göstərib.

Adı çəkilən hər iki şəxs növbə ilə Türkiyəni prezident olaraq idarə ediblər.

****

1950-ci ildə Demokrat partiyasının zəfərindən sonra isə ölkəni Cəlal Bayar və Adnan Menderes cütlüyü idarə etməyə başladı. Hər iki şəxs istiqlal savaşlarında iştirak etsələr də, mülki təhsil almış dövlət adamları idilər.

Bundan sonra isə Türkiyədə yeni hərbi çevrilişlər dövrünün başlanğıcı qoyuldu.
Belə ki, Türkiyə ordusu 1960, 1971, 1980, 1997, 2007- ci illərdə hərbi çevrilişlər həyata keçirib və ya buna cəhdlər edib.

Adnan Menderes xunta məhkəmələrində mühakimə olunmağa aparılarkən

****

Qeyd edək ki, ikiqütblü dünyanın hökm sürdüyü dövrdə Türkiyədə siyasi sabitliyi təmin etmək çox çətin idi. Həm 1960, həm 1971, həm də 1980-ci il hərbi çevrilişlərinin ərəfəsində Türkiyədə ölkə gündəmini çalxalayan hadisələr, siyasi qətllər və terror olayları baş verirdi. Məsələn, 1960-cı il hərbi çevrilişi zamanı özəlliklə sol qüvvələr ölkəni sarsıdacaq nümayişlər təşkil edir, qəzet naşirləri bir ağızdan Adnan Menderes hökumətinin icraatlarını tənqid edirdilər. Hökumət isə bunlara qəzetlərin bağlanması, siyasi təqiblərlə cavab verirdi. 1960-cı il hərbi çevrilişinin digər bir maraqlı məqamı da bunun yuxarı generalitet tərəfindən deyil, əsasən gənc zabitlər tərəfindən təşkil edilməsi idi. Təsadüfi deyil ki, çevrilişdən sonra qurulan Milli Birlik Komitəsində oturanlar 1-2 generalı çıxmaq şərtilə, əsasən ya polkovnik, ya mayor, ya da kapitan rütbəsində olublar. Həmin zabitlər baş nazir və hökumət üzvləri ilə birlikdə, Adnan Menderesə loyal münasibət bəsləyən Baş Qərargah rəisini də həbs etmişdilər. Çevrilişin nəticəsində baş nazir Adnan Menderes, maliyyə naziri Hasan Polatkan və xarici işlər naziri Fatih Rüştü Zorlu asılaraq edam edildilər.

Adnan Menderes dar ağacında

****

Eyni situasiya 1971-ci il çevrilişi ərəfəsində də yarandı. Həmin vaxt Süleyman Dəmirəl hökuməti iş başında idi və seçkilərdə ikinci dəfə böyük zəfər əldə etmişdi. Lakin Türkiyədə həmin vaxt “68-ci il nəsli” deyilən Deniz Gezmiş və Mahir Çayan öndərliyində sol ekstremizm də tüğyan edirdi. Özəlliklə, Amerikanın 6-cı donanmasına qarşı həyata keçirilən nümayişlər, İstanbul universitetinin solçu gənclər tərəfindən işğal edilməsi, sağ və sol qruplarının çatışması (məs. 1969-cu ilin 16 fevralında İstanbulun Bəyazit meydanında baş verən, tarixə “Qanlı bazar” olaraq keçən olay) kimi hadisələr hökumətin nüfuzunu sarsıdırdı. Dövrün baş naziri Süleyman Dəmirəl hələ 1969-cu ilin martın 22-də keçirdiyi mətbuat konfransında “1960-cı il modeli olayların təkrarını xəyal edənlər var. Əllərində xronometr tutub hökumətin məşrutiyyətini (legitimliyini) itirməsini gözləyirlər”. Dəmirəlin əslində bu mesajı kimlərə verdiyi məlum idi.


Deniz Gezmiş


Bütün bunlar onsuz da hökuməti ekstremist güclərə qarşı qətiyyətsiz davranmaqda suçlayan ordunun səbrini tükətdi. 1971-ci ilin martın 12-də Baş Qərargah rəisi Memduh Tağmaç, quru qoşunları komandanı Faruk Gürler, dəniz qüvvələri komandanı Cəlal Eyiceoğlu və hava qüvvələri komandanı Muhsin Baturun imzası ilə prezident Cevdet Sunaya memorandum təqdim edildi. Memorandumda ölkədə baş verən qarğaşa və olaylardan parlament və hökumətin günahı olduğu, bu vəziyyətin davam etməsi halında ordunun ölkə idarəsinə əl qoyacağı bildirilirdi.

Hadisədən sonra Süleyman Dəmirəl tutduğu postdan istefa verdi. Tarixə bu olay “Dəmirəl şapkasını atıb qaçdı” olaraq yazıldı. Dəmirəlin xalqın səsi ilə qurduğu hökuməti qoruya bilməməsi onun sonrakı nüfuzuna ağır zərbə endirdi.

****

Eyni ssenari 1980-ci il hərbi çevrilişi öncəsi də təkrarlandı. 1970-1980-ci illər tarixə “ülkücü-solcu” çatışması olaraq da keçə bilər. Bu çatışma nəticəsində minlərlə adam həlak olmuş, ölkə iqtisadiyyatına milyardlarla ziyan dəymişdi. Həm sağ, həm də sol tərəfdən əslində nə üçün biri-biriləri ilə çarpışdıqlarını anlamayan minlərlə gənc qurban verildi (və ya onlardan istifadə edildi).

12 sentyabr ərəfəsində hökumətin istiqrarsızlığı, qanlı olaylar, iqtisadiyyatın tənəzzülə uğraması, həm də artıq Qərb üçün qorxulu üçüncü gücün, islamçı kəsimin siyasi arenaya güclü şəkildə daxil olması çevrilişi yaradan səbəblər olaraq yazılır. Qeyd etmək lazımdır ki, sonradan silahlı aktları törədənlərin bəzilərinin etirafına əsasən əslində bütün olanların çevrilişə bir zəmin hazırlamaq məqsədilə xarici xüsusi xidmət orqanlarının köməyi ilə həyata keçirildiyi ortaya çıxacaqdı.

Çevrilişin əsas səbəblərindən biri də Türkiyənin yanı başında mühüm geosiyasi hadisələrin baş verməsi idi. İranda baş verən islam inqilabı və Sovetlərin Əfqanıstana girməsi Qərbin Türkiyə ilə bağlı qayğılarını artırmışdı. Qərb bütün bu olanlar qarşısında dayana biləcək istiqrarlı və güclü bir hökumətə ehtiyac duyurdu.

Hərbi çevriliş 1980-ci ilin sentyabrın 12-də baş verdi. Həmin vaxt NATO-nun “Anviel Express” müttəfiq mobil qüvvələrin manevrləri keçirilirdi. “Hadisə baş verdiyi zaman ABŞ prezidenti Cimmi Karter opera tamaşasına baxırmış. Çevrilişdən xəbər tutan kimi o, Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədəki keçmiş rezidenti Pol Hentsə zəng vurdu. Hents çevrilişdən bir qədər əvvəl ABŞ prezidentinin MKİ-də Türkiyə üzrə müşaviri vəzifəsinə təyin edildiyindən Ankaradan ayrılmışdı. Karter telefonda Hentsə “Təbrik edirəm, sizin adamlar elə indicə dövlət çevrilişini həyata keçirdilər”, deyə səslənib. Hents səhəri gün MKİ-də öz “əməyini” belə ifadə etmişdi: “Bizim oğlanlar bu işi bacardılar”. (Daniel Qanser, “NATO-nun gizli orduları”, səh 369)

****
1980-ci ildə qəbul edilən konstitusiya ilə Türkiyə nisbi sabitlik dövrünə qədəm qoydu. Lakin 1995- cildə Nəcməddin Ərbakanın rəhbərlik etdiyi mühafizəkar “Rifah” partiyasının hakimiyyətə gəlməsi ordu rəhbərliyini yenidən narahat etməyə başladı.

Bu narahatlığın pik nöqtəsi 28 fevralda hökumətə verilən ultimatum sayıla bilər. Bunun sayəsində 1997-ci ilin fevralın 28-də Milli Təhlükəsizlik Şurasında hərbçilərin tələblərinin hamısının əks olunduğu qərarlar qəbul edildi.

****

Hərbçilərin bu tələbi qarşısında geri çəkilən Nəcməddin Ərbakan hökuməti tezliklə özünü buraxdı. Onun partiyası isə sonradan parçalandı. 2001-ci ilin avqustunda Afyonda qurulan yeni “Ədalət və İnkişaf” partiyası 2002-ci lin noyabrın 3-də hakimiyyətə gəldi.
Uzun müddət hərbi elita ilə münasibətləri düzgün qurmağa çalışan hökumətə qarşı ordunun səbrinin tükəndiyi ilk hadisə olaraq, 2007-ci ilin aprelin 27-də verilən memorandumu göstərmək olar.

Həmin vaxt Türkiyə ordusunun baş qərargah rəisi general Yaşar Böyükanıt Silahlı qüvvələrin internet saytında memorandum yayaraq, ordunun ölkədə baş verən bəzi gəlişmələrdən narahat olduğunu ifadə etdi.

Siyasi müşahidəçilər ordu rəhbərliyinin bunun qarşıdan gələn prezident seçkilərində Abdullah Gülün namizədliyini əngəlləmək məqsədilə edildiyini bildirdilər.

Lakin həmin vaxt Tayyip Ərdoğan hökuməti ordunun bu ultimativ memorandumuna boyun əymədi və dik duruş sərgilədi.

Bu, həm AK Partiya hökumətinin və onun lideri Tayyip Ərdoğanın nüfuzunun artmasına səbəb oldu.

****

2016-cı ilin 16 iyul hərbi qiyamı yuxarıda sadalanan tarixi hadisələr baxımından bir çox bənzərliyi və bənzərsiliyi ilə də seçilə bilər.

Mütəxəssislər bu qiyamın əsasən 1960-cı ildə Adnan Menderes hökumətinə qarşı həyata keçirilən hərbi çevrilişlə bənzər xüsusiyyətlərin olduğunu qeyd edirlər.
Həqiqətən hər iki tarixi hadisə arasında müəyyən bənzərliklər var. Bunlar aşağıdakılardır:
Qiyam ordu rəhbərliyinin yuxarı komandanlığı tərəfindən deyil, aşağı rütbəli zabitlər tərəfindən təşkil olundu;

1960-cı il hərbi çevrilişində olduğu kimi, Baş Qərargah rəisi əsgərlər tərəfindən tutularaq saxlanıldı;

1960-cı il 27 may hərbi çevrilişində də “Milli Birlik Konseyi” (2016 16 iyuldakı “Yurtda Sülh Konseyi”nə analoq) deyilən şura təsis edildi. Həmin şuraya əsasən kiçik rütbəli zabitlər daxil edildi;

Hər iki hadisədə çevrilişin hədəfi olan şəxslər nə Ankarada, nə də İstanbulda olub (Adnan Menderes Əskişəhərdə, Tayyip Ərdoğan isə Marmarisdə idi);

Hər iki çevrilişdə ilk öncə TRT-nin binası ələ keçirilib və oradan çevrilişi həyata keçirənlərin bəyanatı oxunub.

Hərbi çevrilişə məhkəmə, hüquq-mühafizə orqanlarını bir kəsimi tərəfindən gizli dəstək olub. Sonradan həmin kəsim Adnan Menderes hökumətini mühakimə edən məşhur Yassıada məhkəmələrində hakim və prokuror sifətilə təmsil olundular və s.


Bu kim bənzərlikləri çox sadalamaq olar. Lakin hər halda, 2016-cı ilin 15-16 iyulda həyata keçirilmək istənilən qiyam cəhdinin 1960-cı ilin mayın 27- hərbi çevrilişindən həm qiyam öncəsi situasiya, həm qiyamın həyata keçirilməsi baxımından, həm də ona verilən daxili və xarici reaksiyalar nöqteyi-nəzərdən çox fərqlənir.

Belə ki 1960-cı ildən fərqli olaraq, 2016-cı ilin Türkiyəsi həm siyasi , həm də iqtisadi baxımdan olduqca güclü və sabit durumda olub.

****
Tarixçilərə də məlumdur ki, hərbi qiyamlar adətən ölkə idarəçiliyinin zəiflədiyi, ölkənin iqtisadi vəziyyətinin ağır olduğu durumda, siyasi sabitliyin olmadığı vaxtlarda həyata keçirilir. Lakin 2016-cı ilin iyul ərəfəsində olan Türkiyədə bu nişanələrdən demək olar ki, heç biri olmayıb.

Siyasi cəhətdən Türkiyə olduqca sabit bir durumda idi. Türkiyədə sosial durum, borclanma, işsizlik ən azı 1960-lardakı fəlakət dərəcəsində olmayıb.

Hətta bir çox Avropa Birliyi ölkələrindən Türkiyə daha qabağa gedib.

Menderes dövründən fərqli olaraq, 2016-cı il Türkiyəsində hərbi qiyamlara qarşı sərt dirənə biləcək sosial-siyasi baza var idi.

Bu nöqteyi nəzərdən hətta Türkiyənin indiki prezidentinə qatı müxalif sayılan Doğan Media Holdingin belə qiyamçılara dəstək vermədiyini xüsusi qeyd etmək olar.

Həmin media qurumuna daxil olan CNN Türk kanalı isə, hətta prezidentin xalqa telefon vasitəsi ilə müraciətini yayınlayaraq, qiyamın bütün mənzərəsinin onun xeyrinə dəyişməsini təmin etdi.

Əvvəlki çevrilişlərdən fərqli olaraq, ordu mənsubları heç bir dövlət idarəsinin binasını ələ keçirə bilmədi. Qiyamçılar sadəcə Baş Qərargahın binasını və TRT-nin yerləşdiyi binanı ələ keçirməklə kifayətlənə bildilər ki bu da onların ümumi şəkildə ölkədə hakimiyyəti bərqərar etməyə imkan verə bilməzdi.

Türk milləti başında lider olan quruluşlara daha çox hörmət edir və sevir.

Qiyam axşamı bu çevrilişə sahib çıxacaq hər hansı bir şəxs ortaya çıxmadı. Sadəcə, TRT ekranlarından müxbirə zorla oxutdurulan mətndə “Yurtda sulh” adlı məchul bir şuranın adı çəkildi ki, həmin şurada kimlərin təmsil olunduğu bilinmədi.

İctimaiyyət isə Şura üzvlərinin adlarını onları həbs edən prokurorluq orqanlarının yaydığı məlumatlardan öyrəndi.

Əvvəlki qiyamlardan və çevrilişlərdən fərqli olaraq, dövlət qurumları, xüsusilə polis və Milli İstihbarat təşkilatının mənsubları hərbçilərə şiddətli müqavimət göstərdi.

Bunun sayəsində çevrilişçilər nə bir polis idarəsini, valilik binasını tuta bildi.

Qiyamçıların sosial-siyasi bazasının olmaması qiyamın uğursuzluğunun əsas səbəblərindən biridir.

Belə ki, ilk dəfə türk xalqı hərbi xuntanın yaradılmasına qarşı çıxdı.

Xatırlatmaq istərdik ki, 1960-cı ildə baş verən hərbi çevrilişə Türkiyənin müəyyən kəsimindən, xüsusilə Cümhuriyyət Xalq Partiyasının tərəfdarları tərəfindən böyük dəstək vardı.

İndi isə bütün siyasi partiyalar yekdilliklə bu qiyamı dəstəkləmədiklərini bildirdilər.

Bundan başqa qiyamçıların dini-klerikal şəbəkələrlə əlaqə olması iddiaları isə ona ayrı bir çöhrə gətirib.

Bu cəhətdən qiyam edən ordu mənsublarının “paralel çetə” deyilən təşkilatla əlaqəsi iddiaları xüsusilə maraq doğurur.

Çünki qiyamı törətmək istəyən şəxslər məhz bu şəbəkə ilə əlaqədə ittiham olunur.

****
Müşahidəçilər qeyd edir ki, əvvəlki dövrdən fərqli olaraq, ordudakı bəzi kəsimlərin beynəlxalq əlaqələrinin olduqca zəif olması onların bəzi qruplarla münasibətlərin qurulmasında mühüm rol oynayıb.

Bəzilərinin rəyincə, onlar bu qurumlarla çevrilişin beynəlxalq aləmdə legitimləşdirilməsi, habelə çevrilişin maliyyələşdirilməsi nöqteyi nəzərindən əlaqə saxlaya bilərdilər.

Lakin bunların hamısı sadəcə ehtimaldır.

Görünən odur ki, bu, Türkiyə tarixində nə ilk hərbi çevrilişdir... nə də...


Vaqif Hüseyn,
Musavat.com-un şərhçisi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.