“Ailədə tərbiyəni qadın yox, kişi verməlidir” – PSİXOLOQ

1-12-2023, 19:34           
“Ailədə tərbiyəni qadın yox, kişi verməlidir” – PSİXOLOQ
Ölkəmizdə işsiz qadınların sayı kişilərin sayından çoxdur. Dövlət Statistika Komitəsinin ötən ilki məlumatına görə isə məşğul əhalinin sayında kişilər üstünlük təşkil edir. Bu da ölkəmizdə kişilərin üzərinə daha çox məsuliyyətin düşdüyünün göstəricisidir. Cəmiyyət, demək olar ki, kişilərə işləməmək haqqı tanımır.

Fiziki cəhətdən yorğun olan kişilər mənəvi, psixoloji təzyiqə də məruz qalırlar. Əvvəlcədən “kişilər ağlamaz” deyimi ilə böyüdülənlər sonradan da buna sadiq qalmağa məcbur olurlar. Psixoloqların araşdırmasına görə, bu, insan orqanizminə yaxşı təsir etmir.
Belə bir fərqliliklə böyüdülmək kişilərin aqressiv olmasına gətirib çıxara bilər? Ümumiyyətlə, bu, onların psixologiyasına və səhhətinə necə təsir edir?

Mövzu ilə bağlı danışan psixoloq Gülər Məmmədova deyib ki, oğlan uşaqlarını belə böyüdən mühafizəkar ailələr var:

“Mühafizəkar ailələrdə valideynlər uşaqlarına fərdi şəkildə yanaşaraq kişilik maneralarını, kişilik xüsusiyyətlərini öyrətmirlər. Uşaqları daha çox qadınlar tərbiyə edirlər deyə oğlanlarını bir çox şeydən qorumaq istəyirlər. Buna görə də bəzən həmin oğulları cəmiyyətdə daim arxa-dayaq kimi görürlər”.

Psixoloq hesab edir ki, atanın tərbiyə etdiyi oğul kişilik məktəbini keçmiş sayılır:

“Ata psixoloji cəhətdən sağlamdırsa, İQ səviyyəsi yüksəkdirsə, öz oğluna sağlam tərbiyə verəcək. Çünki identifikasiya atayla oğul, qızla ana arasında gedir. Eynicinslər bir-birlərini qəbullanır, sanki oğul atanı təqlid edir, oğul atanın nümunəvi davranışlarını özündə canlandırır, yaşayır.

Güclü cinsin nümayəndəsi həmişə qoruyucu, özünü müdafiə elməyi bacaran, ailəsinə sahiblənən, ailəsinin üstünə sanki bir qartal kimi qanadlarını açmağı bacaran olduğu üçün bütün bu cinsin nümayəndələrinə olan münasibət birmənalı olmamalıdır. Ailədə tərbiyə qadın tərəfindən deyil, kişilər tərəfindən aparılmalıdır. O evdə kişi yoxdursa, əmi, dayı, baba oğlan uşağının tərbiyəsində mütləq şəkildə iştirak etməlidir”.

Onun sözlərinə görə, kişilər də ağlamağı bacarmalıdırlar:

“Ağlamaq insana məxsusdur, insan gülməyi bacardığı kimi, ağlamağı da bacarmalıdır. Bunun kişiyə və qadına aidiyyəti yoxdur. Sadəcə, kişilər güclü cinsin nümayəndəsi olduqları üçün onlar daha cəsarətli, əzmkar, dözümlü və bir çox müsbət keyfiyyətləri özündə əks etdirən olurlar. Amma bu, o demək deyil ki, qadınlar tamamilə bunun əksi, yəni zəif, sığınmağa meylli olurlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.