Ermənistanda “Maydan”, yoxsa Sarkisyanın şousu? –Snayperlə polis vuruldu, etirazçılar prezidentin istefasını tələb edirlər
31-07-2016, 09:19
Hakimiyyət ultimatumunun müddəti şənbə günü, gündüz saat 1-də başa çatar-çatmaz yenidən minlərlə etirazçı Yerevanın küçələrinə çıxıb.
Ermənistan paytaxtında post-patrul xidməti alayının binasını ələ keçirmiş silahlı dəstə ilə qarşıdurmada bir polis nəfəri öldürülüb. Ermənistan mediası 30 yaşlı Yuri Teponasyanın 400 metr məsafədən snayper tərəfindən vurulduğunu xəbər verib.
Bundan əvvəl Ermənistanın milli təhlükəsizlik qüvvələri silahlı dəstəyə silahı könüllü şəkildə yerə qoymaq üçün son ultimatum vermişdi. Ultimatumun müddəti şənbə günü, gündüz saat 1-də başa çatar-çatmaz yenidən minlərlə etirazçı Yerevanın küçələrinə çıxıb.
Etirazçılar polisin binasını ələ keçirmiş dəstə ilə həmrəylik nümayiş etdiriblər.
Sarkisyanın istefası niyə tələb edilir?
30-dək silahlı üzvü olan dəstə müxalifət liderlərindən Jirayr Sefilyanın həbsxanadan azad olunmasını və prezident Serj Sarkisyanın istefasını tələb edir. Sefilyan Sarkisyanın Qarabağ siyasətindən narazı olduğunu bildirib.
Serj Sarkisyanın silahlı dəstə ilə danışıqları aparan nümayəndəsi ötən həftə demişdi ki, prezident Sefilyanla görüşməyə hazırdır.
Lakin “Müəssislər məclisi” müxalifət hərəkatının lideri Jirayr Sefilyan deyib ki, o, Sarkisyandan əvvəl silahlı dəstə ilə görüşməldir. Sefilyan bildirib ki, Sarkisyanın bu məsələdə inadkarlıq etməsi təəssüf doğurur.
“Biz bir millət kimi hazırda bir qayığın içindəyik və Sarkisyan bu qayığı batırmağa çalışır” – deyib Sefilayan.
Ermənistan mediası Sefilyanın konkret olaraq Sarkisyanın Qarabağ münaqişəsinə dair siyasətində nədən narazı olduğunu bildirmir.
ABŞ səfiri sanksiyalarla hədələyib
Bu arada Amerika Birləşmiş Ştatlarının Yerevandakı səfirliyi bəyan edib ki, Vaşinqton iylun 30-da Ermənistan paytaxtında keçirilən etiraz aksiyasını dağıdarkən aşırı zora əl atmış şəxslərə qarşı sanksiyalar tətbiq edə bilər.
Bu barədə bəyanatı ABŞ-ın Ermənsitandakı səfiri Richard Mills AzadlıqRadiosunun erməni xidmətinə – Azatutyuna müsahibə verərkən səsləndirib.
sefi-mayls
“Mən elə indicə, gecə hadisələri zamanı yaralanmış iki cəsarətli jurnalistlə görüşmüşəm. Mən onlara müalicə aldıqları xəsrtəxanada baş çəkmişəm” – deyib səfir.
Cənab Mills bildirib ki, şahidlərdən aldığı mötəbər məlumatlara görə, iyulun 30-a keçən gecə jurnalistlərə və etirazçılara qarşı aşırı zordan istifadə olunub.
Səfir deyib ki, aldığı xəbərlər ciddi narahatlıq doğurur. Cənab Mills bidlirib ki, Vaşiqntonun sərəncamında etirazçılara aşırı güc işlətmiş şəxslərə qarşı sanksiyalar qoymaq mexanizmi vardır.
Ermənsitanda bir çox rusiyayönlü təhlilçilər Yerevanda davam edən siyasi böhranda Vaşiqntonun əlinin olduğunu bildirirlər. Onlar deyirlər ki, ABŞ Yerevanda Kiyevdəkinə bənzər “Maydan” yaratmaq istəyir. (Azadlıq Radiosu)
***
Sarkisyan Qarabağ razılaşmasından qaçmaq istəyir?
Qeyd edək ki, Ermənistanda baş verən bu hadisələri Sarkisyan hakimiyyətinin Qarabağ danışıqlarından yayınmaq üçün özünün təşkil etdiyi şou sayanlar da az deyil.
Məsələn, Azərbaycanın Demokratik İslahatçılar Partiyasının sədri, deputat Asim Mollazadə düşünür ki, Yerevanda baş verənlər elə məhz Serj Sarkisyanın öz oyunudur və məqsəd növbəti danışıqlarda qərar qəbulundan qaçmağa nail olmaqdır: "Aprel hadisələrindən sonra Sankt-Peterburq görüşü danışıqlar prosesinin intensivləşməsi istiqamətində mühüm bir mərhələnin başlanğıcı olub. Azərbaycan və Ermənistan prezidentləri bu dəfə Fransada bir araya gələcəklər. Regiondakı vəziyyət artıq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində konkret addımların atılmasını labüd edir. Ancaq Ermənistan hər zaman olduğu kimi, Paris görüşündə də hansısa bir bəhanədən istifadə edərək, Qarabağla bağlı qərarların qəbulundan qaçmağa çalışacaq. İnanmıram ki, Ermənistan sülh istiqamətində hansısa addımlar atsın”.
Mollazadə bildirib ki, Ermənistan son "aksiya oyunu" ilə yenə beynəlxalq ictimaiyyəti aldadır: “Hazırda Ermənistanda çox böyük bir şou təşkil olunub. Guya, ASALA və digər terror təşkilatları sülhə qarşıdır və bu, sabitliyi poza bilər. İrəvan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldadır. Mənə elə gəlir ki, bunun əsas səbəbi Ermənistanın sülhdən boyun qaçırması və Azərbaycan torpaqlarını azad etmək istəməməsi ilə bağlıdır. Görünür, Sərkisyan bu kimi təxribatların nə ilə nəticələnəcəyinin fərqində deyil”.
Xatırladaq ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir. strateq.az