Türk inanc sistemində SU ÇƏRŞƏNBƏSİ

28-02-2024, 00:08           
Türk inanc sistemində SU ÇƏRŞƏNBƏSİ
Qədim türk inanc sistemində kainatın yaranmasında iştirak edən beş ünsürdən birincisi sudur. Bu ünsürlərin əsasında Novruz bayramından əvvəlki dörd həftədə müvafiq olaraq su, od, külək və torpaq çərşənbələri qeyd olunur.
Qədim türk inancında su hər şeyin başlanğıcı hesab olunur. Səmavi dinlərdə də su həyatın səbəbi kimi qeyd edilir. Ən qədim dövrlərdən günümüzə qədər bütün xalqlar və insanlar suya böyük inam bəsləmişlər.
Türk inancında vətən, mərkəzində suyun yer aldığı ərazi idi. Bu inanca əsasən hər bir varlığın ruhu vardı. Su ruhu təmizliyi ifadə edirdi. Suyu kirlətmək su ruhuna həqarət hesab edildiyi üçün böyük günah sayılırdı. Suyu kirlətməyin cəzası ağır idi. Monqollar fəth etdiyi ərazilərdə axar suya girməyi qadağan etmişdilər. Çingiz xanın yasalarına görə, axar suları qəsdən çirkləndirənlər ölüm cəzasına məhkum edilirdi.
Yaradılışın başlanğıcı sayılan su ilə bağlı bir çox kultlar günümüzə qədər gəlib çatmışdır. Birini yola salarkən arxasınca su atmaq, evə girməzdən əvvəl əl və üzə su çəkmək, üzünü suya çevirərək niyyət tutmaq, yuxunu suya danışmaq və sair inamlar su kultunun tərkib hissəsidir.
Azərbaycanda su ilə bağlı yaşayan digər bir inam isə isti suyun yerə tökülməməsidir. Bunun səbəbi yer ruhlarının yanacağı qorxusudur. Buna görə də Azərbaycanda yerə isti su tökərkən "bismillah", Anadoluda isə "dəstur, dəstur" deyilir.
Su kultu ilə mifologiyamıza daxil olan məqamlardan biri isə "dirilik suyu" haqqındadır. Dastan qəhrəmanlarının dirilik suyu axtarmaq üçün böyük səfərlərə çıxması bu qəbildəndir. Qədim türk mədəniyyətlərinin demək olar ki, hamısı su kənarında (çayların ətrafında və arasında) salınmışdır.
SU ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!
Əkbər N.Nəcəf, İnanc Yaddaşı. səh 52 - 58












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.