Bakıda hüquqşünas necə qatil oldu? -
12-04-2024, 08:34
2003-cü il dekabrın 29-da Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsindəki 17 saylı evin qarşısında "Volqa" markalı avtomobilin arxa oturacağında kişi meyiti aşkar olunur.
Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirirlər. Meyitin 1954-cü il təvəllüdlü Ramiz Əmirova məxsus olması müəyyənləşib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi və tibbi-kriminalistik ekspertizasının rəyinə görə, Ramiz Əmirovun ölümünə - boyun üzvlərinin yumşaq əşya ilə sıxılması nəticəsində yaranmış mexaniki asfiksiya səbəb olub.
18 ildən sonra, 2021-ci ilin dekabr ayında DİN Kriminalistik Tədqiqatlar İdarəsindən istintaq orqanına daxil olan məktubda göstərilib ki, Suraxanı RPİ-dən göndərilən Bəxtiyar Dadaşovun əl-barmaq əksləri, müvafiq sistemin məlumat bazasında, açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri ilə müqayisə edilib. Tədqiqat nəticəsində 2003-cü ildə Ramiz Əmirovun qətlə yetirilməsi faktı ilə əlaqədar "QAZ-24" markalı maşından götürülmüş əl-barmaq izlərindən birinin Bəxtiyar Dadaşovun sağ əlinin şəhadət barmağı vasitəsi ilə qoyulması müəyyən olunub.
Dekabrın 17-də Baş Prokurorluq və DİN ağır cinayətlə bağlı birgə məlumat yayıb. Məlumata əsasən, 2003-cü il dekabrın 29-da Ramiz Əmirovun qətlə yetirilməsi faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda istintaq aparılsa da, cinayəti törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Lakin sonradan istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. Narkotik vasitələrin satışında ittiham olunan Bəxtiyar Dadaşovun ətrafında keçirilmiş istintaq hərəkətləri nəticəsində, onun sözügedən ölüm hadisəsində iştirak etməsi müəyyən edilib. Cinayətin digər iştirakçısı İlham Məmmədovun vəfat etməsi səbəbindən, barəsində cinayət işinə xitam verilib.
Bəxtiyar Dadaşov 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il tarixli hökmü ilə CM-nin 181-ci (quldurluq) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya saxlama) maddələri ilə 9 il, Suraxanı rayon məhkəməsinin 2012-ci və 2016-cı il tarixli hökmləri ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə ümumilikdə 4 il 9 ay müddətinə azadlıqdan məhrum olunub. Xəzər rayon məhkəməsinin 2017-ci il tarixli qərarı ilə cəzadan, vaxtından əvvəl şərti azad olunub.
TEREF bildirir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Bəxtiyar Dadaşov dostluq münasibətində olduğu İlham Məmmədovla birlikdə 2003-cü il dekabrın 29-u gecə saat 1 radələrində Səbail rayonu, "Fəvvarələr meydanı" adlanan ərazidə gəzərkən, üzərlərində pulları az olduğu üçün istənilən taksi sürücüsünə zor tətbiq edib, pulunu ələ keçirmək qərarına gəlib. İstiqlaliyyət küçəsində yerləşən "Nizami" muzeyinin yaxınlığında müştəri gözləyən Ramiz Əmirova yaxınlaşıb, köhnə pul vahidi ilə 20.000 manat müqabilində onları əvvəlcə Bülbül prospektində yerləşən bara, ordan isə Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar. Qəsəbənin işıqlandırılmayan küçələrindən birinə çatandan sonra, sürücüdən avtomobili saxlamasını tələb ediblər.
Müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, üzərində olan 40.000 manat məbləğində pulunu ələ keçiriblər. Sonra, əvvəlcədən aralarındakı sövdələşməyə əsasən Bəxtiyar Dadaşov Ramiz Əmirovun əllərini tutub saxlamaqla, müqavimətini qırıb, İlham Məmmədov isə qarnı üzərində oturub, sağ əli ilə başını oturacağa, sıxaraq, onu boğub. Bu hərəkəti ilə onlar zərərçəkmişi öldürüblər.
Bundan başqa, 2021-ci il avqustun 17-də Bəxtiyar Dadaşov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 saylı evin yaxınlığında saxlanılıb. İdarədə keçirilən şəxsi axtarış zamanı, idman şalvarının sağ cibindən 2 qramdan artıq çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib.
İş üzrə dindirilmiş Bəxtiyar Dadaşov bildirib ki, uşaqlıqdan Əmircan qəsəbəsində yaşayıb. 1997-ci ildə valideynləri ilə birlikdə Hövsan qəsəbəsinə köçüblər. Əmircandakı evlərini kirayə veriblər:
"1996-2000-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil almışam. 2002-ci ildə hərbi xidmətə getmişəm. Tələbəlik illərimdə, həmçinin əsgərlikdən qayıdandan sonra mütəmadi "Nizami" kinoteatrının yanında yerləşən "Coral" bara gedib, pul müqabilində fahişəliklə məşğul olan "Lera" və "İra" adlı qızlarla cinsi əlaqədə olurdum. Əmircanda yaşayan İlham Məmmədovla uşaq vaxtlarımdan dostluq edirdim. O, "Sovetski" adlanan ərazidə avtomobil təmir sexində işləyirdi. 2003-cü il dekabrın 28-də "Torqovı" küçəsində fəaliyyət göstərən "Randevu" restoranına gedib yeyib-içdik. Leranın rəfiqəsi "Nara" kimi tanıdığımız Nərgiz Əlizadə də yanımıza gələrək, bir qədər bizimlə oturdu. Lera sərxoş olduğuna görə İlham onunla intim əlaqədə olmaq istəmədi. Restorandan çıxandan sonra Lera piyada öz evinə getdi, Nara isə bizdən xahiş etdi ki, yolüstü onu barın qarşısında düşürtdək. İlham "Qoşa-qala qapısı"nın yanında dayana taksilərə yaxınlaşdı və sonra mən və Nərgizə tərəf çönüb yanına çağırdı. "Qaz 24" markalı avtomobildə, mən sürücünün yanında, İlhamla Nargiz arxada oturdular. Barın qarşısında Nərgiz düşüb, biz isə Əmircana yollandıq. Qəsəbə bizim doğulduğumuz yer olduğuna, ərazini yaxşı tanıdığımıza görə sürücüdən məqsədli şəkildə ora sürməsini xahiş etdik. Əmircanın girişində İlham arxadan sürücüyə sol tərəflə hərəkət etməsini dedi. Dar küçəyə dönəndə sürücü narazılıq edərək, heç nə görmədiyini bildirdi. Bu zaman İlham arxadan kişinin boynuna əlini atıb onu özünə tərəf dartdı. Mən də sürücünün əllərindən tutdum ki, siqnal verib, səs-küy salmasın. Güc tətbiq edərək, kişini məcbur etdik ki, maşını saxlasın. İlham düşüb sürücünü arxa oturacağa keçirtdi və özü avtomobili idarə etdi.
Maşının saxlanc yerinə baxsam da, orda dəyərli heç nə tapmadım. İlham arxaya çevrilib "üzərində nə var bizə ver" deyəndə, sürücü qorxusundan cibində olan "4 şirvan" pulunu çıxarıb, ona uzatdı. Sonra İlham maşını saxladı və kişinin telefonunu götürüb, ondan evdə pulu olub-olmadığını soruşdu. Sürücü "5-10 manat olmalıdır" söyləyəndə, İlham telefonu ona verərək, evinə zəng etməsini dedi. Cavab verən bir qadından "Ramizin evdə olub-olmadığını?" soruşdu. Qadın "yoxdur, kimdir soruşan?" deyib, sual verdikdə, özünü "İxtiyar" kimi təqdim etdi. Sonra mən arxa oturacaqda, sürücünün yanında əyləşdim. İlham isə telefonu götürüb, maşından 3-4 metr aralıda, kişinin arvadı ilə danışmağa başladım. Danışığının məzmunu dəqiq yadımda deyil, qadından 500 dollar pul istədi. İlham geri qayıtdı və maşını idarə eləməyə başladı. Həmin yerdən bir qədər uzaqlaşandan sonra, avtomobilin mühərriki nasazlıq səbəbindən söndü. Nə baş verdiyini soruşanda, İlham ona "bilmirəm, ola bilər qazı qurtarıb" dedi. 5 dəqiqə dayanıb, nə edəcəyimizi düşündük. İlham sürücünü göstərib, mənə "kişi bizim üzümüzü görüb, bunu öldürək, yoxsa başımıza iş gələcək" söylədi. Müqavimət göstərməməsi üçün onun əllərini tutdum, İlham isə kişinin üstünə çıxıb sağ əli ilə onu boğmağa başladı. Həmin an sürücü üzüyuxarı vəziyyətdə idi. Evlərdən birində yanan işıq, küçəyə düşdüyündən qorxdum. Buna görə də, maşından düşüb hadisə yerindən uzaqlaşdım. Əvvəl Suraxanıya, ordan taksi ilə Hövsana getdim. Bu hadisədən sonra İlhamla 3-4 dəfə görüşdüm. 2004-cü ilin martında Əmircanda qonşum olmuş Əlihüseyn Əlihüseynovla birlikdə quldurluq cinayəti törətdiyimə görə tutularaq, məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunmuşam".
Bəxtiyar Dadaşov
Zərərçəkmiş şəxsin hüquqi varisi Aybəniz Əmirova ifadəsində göstərib ki, 1980-ci ildə Ramiz Əmirovlla ailə həyatı qurub, nikahdan iki övladları dünyaya gəlib:
"2000-ci ildən Yeni Günəşli qəsəbəsində yaşayırdıq. Ramiz həmişə sürücü işləyirdi. Ölümündən 1 il əvvəl bir nəfərdən "Qaz 24" markalı avtomaşını icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olaraq, pul qazanırdı. 2003-cü il dekabrın 28-də günorta yoldaşım məni və qızımı 8-ci kilometr qəsəbəsində yaşayan qardaşı Şahların evinə apardı, özü isə işləməyə getdi. Gecə saat 2 radələrində zəng vuran şəxs məndən Ramizin evdə olub-olmadığını? soruşanda, yoldaşımın evdə olmadığını söyləyərək, ondan adını soruşdum. Həmin şəxs də "xanım, İxtiyardır" deyə cavab verdikdən sonra, telefonu söndürdü. 15-20 dəqiqədən sonra yenidən ev telefonuma zəng gəldi. Dəstəyi qaldıran kimi yavaş səslə danışan şəxs "xanım, biz Ramizi girov götürmüşük, əgər yarım saata 500 dollar çatdırmasanız, onu doğrayıb, Qanlı gölə atacağıq" deyə, hədə-qorxu gəldi. Dərhal ev telefonundan Ramizin mobil nömrəsinə zəng etdikdə, yenə həmin şəxs cavab verdi. "Ramiz, onun telefonu və pasportu bizdədir, istəyirsiz maşınınızın rəngi ilə nömərsini də deyim, 500 dollar pulu çatdırın, vaxt azdır" söylədi. Həmin oğlana yalvarmağa başladım, "yoldaşıma əl vurmamalarını, oğlumun əsgərlikdə olduğunu", "telefonu Ramizə verməsini və hara desələr pul gətirəcəyimi" bildirdim. Həmin şəxs əvvəl pulu Binə qəsəbəsinə gətirməyimi, sonra rişxəndlə "bəlkə biz Günəşliyə gələk?!" dedi. Sonra telefonu götürən bir qız gülə-gülə "500 dollar gətirin" söylədi və telefonu söndürdü. Dəfələrlə ərimə məxsus mobil nömrəyə zəng etsəm də, cavab verən olmadı.
Bakı şəhər Baş Polis İdarəsinə, sonra isə 33-cü polis bölməsinə zəng vurub, yoldaşımın naməlum şəxslər tərərfindən oğurlandığını bildirdim. Qardaşıma bu barədə məlumat verdim. Ramiz şəkər xəstəsi olduğuna görə maşınında həmişə iynəsi və dərmanı olurdu. Siqaret çəksə də, heç vaxt kötüyünü maşının salonuna atmazdı. Hadisə günü mənimlə danışan şəxslərdən birinin səsi gur, ikincisinin isə xırıltılı idi".
Təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisi Sadiq Məmmədov ifadəsində göstərib ki, doğma qardaşı 1976-cı il təvəllüdlü İlham Məmmədov 2012-ci ildə, yaşadığı evdə kokainlə zəhərlənmə diaqnozu ilə dünyasını dəyişib:
"Bəxtiyar Dadaşovu uşaq vaxtlarımdan tanıyırdım, davaya meylli idi. 2003-cü il dekabrın 29-na keçən gecə Ramiz Əmirovun Əmircan qəsəbəsində öldürülməsi xəbərini istintaq orqanına çağırılanda bilmişəm. İlhamın Bəxtiyarla birlikdə belə bir cinayət törətməsindən məlumatım yoxdur. Həmin gün İlhamın evdən nə zaman çıxıb-qayıtması, hara getməsi və kiminlə görüşməsi barədə fikirləşsəm də, xatırlaya bilmirəm".
Şahid Nərgiz Əlizadə ifadəsində göstərib ki, 2002-ci ildən Bülbül prospektində yerləşən "Coral" barda fahişəliklə məşğul olub:
"Tanış olduğum müştərilərə ancaq Babək prospektində fəaliyyət göstərən saunada intim xidmət göstərirdim. İşlədiyim dövrdə "Lera" ləqəbli qırğız və "Mari" ləqəbli gürcü qızları ilə nisbətən yaxın münasibətim vardı. Sonradan onlar deport olunaraq öz ölkələrinə qayıtdılar. Təqdim olunan fotoşəkillərdəki şəxslərdən Bəxtiyar Dadaşovu tanıyıram. Tez-tez bara gələn Bəxtiyari "Lera"nın yanında görürdüm. Şəxsən onunla heç vaxt cinsi əlaqədə olmamışam. Həyat tərzimlə əlaqədar çoxlu sayda kişilərlə görüşdüyümdən, İlham Məmmədovu xatırlamıram. 2003-cü il dekabrın 28-də "Nizami" muzeyinin yanında Bəxtiyar və İlhamla birlikdə taksiyə əyləşməyim yadımda deyil. Heç vaxt Əmircan qəsəbəsində olmamışam. Həmin şəxslərlə avtomaşına əyləşmiş olsam da, onların hər hansı cinayət törətmək istədiklərini bilməmişəm".
Şahid Əlisəfa Əliyev bildirib ki, Yeni il bayramından bir neçə gün əvvəl dəqiq xatırlamadığı tarixdə, gecə saat 2 radələrində yatdığı vaxt, küçədə kiminsə uca səslə mobil telefonla danışmasına, ardınca isə avtomobilin starterinin səsinə oyanıb:
"Dəhlizə çıxıb, qonaq otağının işığını yandırdım. Pəncərəni açıb küçəyə boylananda, "Qaz-24" markalı avtomobil gördüm. Bir nəfərin kapotu qaldırıb dayandığını gördüm. Kömək etmək üçün küçəyə çıxanda artıq starter söndürülmüşdü. Ətraf qaranlıq olduğundan, avtomobilin içini görmədim. Maşının yanında dayanmış orta bədən quruluşlu oğlandan benzin lazım olub-olmamasını soruşanda, o, avtomobilin qazla işlədiyini dedi. Əlimlə Əzizbəyov döngəsini göstərib, qabaqda Ağarza adlı usta olduğunu bildirərək, maşını onun yanına aparmağı məsləhət gördüm və evə qayıtdım. Növbəti gün digər qonşular kimi mən də küçədə "Volqa" markalı avtomobilin salonunda kişi meyiti aşkar edildiyini eşitdim".
Şahid Vaqif Məhərrəmov ifadəsində göstərib ki, "Reno" markalı avtomobillə "Qoşa qala qapısı"nın qarşısında dayanıb, taksi fəaliyyəti ilə məşğul olub:
"2003-cü il dekabrın 29-u gecəyarısında Ramiz Əmirova yaxınlaşan bir nəfər "Coral" barının yanından keçməklə, Əmircan qəsəbəsinə neçəyə aparacağını soruşdu. Gediş haqqı olaraq 20.000 manata razılaşdılar. Ramizin maşınına 2 kişi və 1 qadın əyləşdi. Qabaqda təxminən 30 yaşlı, arıq sifət quruluşlu oğlan əyləşmişdi, əynində qara rəngli gödəkçə vardı".
Məhkəmə iclasında Bəxtiyar Dadaşov ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərib ki, hadisə baş verən gün o, ailə üzvləri ilə atasının ad günündə olub. Ölüm işinə görə 2012-ci ildən bəri onu dəfələrlə Respublika prokurorluğuna çağırıblar. Suraxanı RPİ-də işi boynuna götürməyə məcbur etsələr də, heç nəyə qol çəkməyib. Ona bildiriblər ki, guya mərhumun sürücülük vəsiqəsində onun əl izləri var. İttiham aktında göstərilib ki, cinayəti qonşusu İlhamla törədib. 2017-ci il avqustun 17-də BMCMİ-nin əməkdaşları tərəfindən evinin qarşısında tutulub. 2022-ci il fevralın 1-nə qədər ona qarşı zor tətbiq edilib. Narkotik vasitələr istifadə etdiyi üçün, verilmiş ittihamla razıdır. Amma ölüm işindən məlumatı yoxdur.
Məhkəmə hesab edib ki, cinayət 2003-cü ildə baş verdiyindən, təqsirləndirilən şəxs həmin vaxt qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır.
Məhkəmə qənaətə gəlib ki, Bəxtiyar Dadaşovun Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə),
120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Bəxtiyar Dadaşov 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.