Günəş ölür - Yer kürəsi belə məhv olacaq
13-04-2024, 09:04
Günəş əbədi olaraq parlaya bilməz. Nəhayət, onun birləşməsini təmin edən elementlər tükənəcək və Günəş “ağ cırtdan”a çevriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Royal Astronomical Society”nin yeni araşdırmasında deyilir.
Tədqiqatçılar iddia edirlər ki, Günəş sönməzdən əvvəl qırmızı nəhəngə çevriləcək. Bu dövrdə onun radiusu Marsa çata bilər. Daha sonra Günəşin səthi yoxa çıxacaq və nüvəsi “ağ cırtdan” adlanan ulduz qalığına çevriləcək.
Proses təxminən 5 milyard ildən sonra başlayacaq, bəzi planetlər, o cümlədən Yer kürəsinə ölümcül təsir edəcək.
Tailandın Naresuan Universitetindən fizik Amorat Aunqveroyvitin rəhbərlik etdiyi komanda üç “ağ cırtdan”ın hərəkətini təhlil edib. Elm adamları bu məlumatlara əsaslanaraq Günəşin ölümündən sonra kainatda nə baş verəcəyini təxmin edə biliblər.
O vaxta qədər bəşəriyyət kosmosda həyatın olduğu başqa yerə köçməsə, çoxdan ölmüş olacaq. Yəni insanlar bu prosesdən salamat çıxa bilməyəcəklər. Təhlillərə görə, Günəşin “ölüm sancıları” Günəş sistemində qırğınlara səbəb olacaq. Merkuri və Venera, daxili Günəş sistemindəki hər şey yox olacaq. Planetlər və digər göy cisimləri Günəş tərəfindən parçalanacaqlar.
Yer orbitinin necə dəyişməsindən asılı olaraq salamat qala da, qalmaya da bilər. Salamat qalsa belə, Yer yaşamaq üçün əlverişli dünyadan çox fərqli olacaq. Elm adamları planetimizin atmosfer və okeanlarını itirəcəyini deyirlər.