İRANIN 2 HƏFTƏYƏ SƏHNƏLƏŞDİRDİYİ “QİSAS ƏMƏLİYYATI” – Tehran öz rolunu uğurla oynaya bildimi?
14-04-2024, 15:38
“İranlılar zəng edib bizə dedilər ki, “başqa çıxış yolumuz yoxdur, sizin hərbi bazalarınızdan birinə 18 raket atacağıq”. Siz həmin gecəni xatırlayırsınız. Maraqlı gecə idi... Mən yeganə adam idim ki, əsəb keçirmirdim, çünki nə olacağını bilirdim. Bizə dedilər ki, narahat olmayın, biz sizin hərbi bazalardan birinə 18 raket atacağıq, amma onların heç biri bazanı vurmayacaq”.
Bunu ABŞ-nin sabiq Prezidenti Donald Tramp 2020-ci ildə Qasım Süleymaninin məhv edilməsindən sonra İran hakimiyyətinin ona etdiyi müraciəti xatırladarkən demişdi.
Eyni tarix ötən gecə də təkrarlandı. İran Suriyadakı konsulluğunun vurulmasından və növbəti generallarını itirməsindən sonra günlər boyu İsraili hədələməyə başladı. Artıq az qala İranın atacağı PUA və raketlərin sayı, istiqaməti, vaxtı da tam bəlli idi. Bütün dünyaya nümayiş etdirilirdi ki, İran hakimiyyəti “cəsarətli, qəzəbli və qətiyyətlidir”. Nəhayət, hadisədən az qala iki həftə - hamıya hər şey bəlli olandan sonra, İsrail istiqamətinə PUA-lar və raketlər buraxıldı. Təbii ki, bunların da 99 faizi nəinki hədəfə, böyük hissəsi heç İsrail ərazisinə belə çatmadı. Ancaq buna baxmayaraq, ad oldu ki, guya İran qisas əməliyyatı keçirdi. Bu yarıtmaz “hücumdan” sonra İranı idarə edənlərin hansı üzlə, hansı adla İsraili yenə hədələyəcəkləri maraq doğurur. Çünki nəyə qadir olduqlarını və ümumiyyətlə, gerçək sifət və imkanlarını göstərdilər.
Bəs bundan qazanan kimlər oldu?
Əslində, bu “hücumla” öz əhalisinin və Yaxın Şərqdəki proksilərinin gözünə kül üfürən İran hakimiyyətinin qazancı sual doğurur. Çünki bütün bu hədə-qorxuların arxasındakı gücün nəinki bütövlükdə İsrailin, heç onun bircə dənə əhəmiyyətli obyektinin məhvinə yetmədiyi göründü. Tərifli raket və PUA-larının normal HHM sistemlərilə asanlıqla vurulduğu məlum oldu. Əvəzində, İsrailin Fələstindəki hərəkətləri arxa plana keçdi və İranın İsrailə sözdə hücumu bir növ İsrail ordusunun törətdiklərinə haqq qazandırmış oldu. Netanyahu hakimiyyyəti möhkəmləndi və onun Fələstində əl-qolu daha da açıldı. Bir daha hər şeyin əvvəldən hazırlanmış, razılaşdırılmış ssenari üzrə getdiyinə dair şübhələr özünü doğrultdu. Bundan Rusiya da uddu, Ukraynadakı işğalçılıq savaşına diqqət azaldı və sair.
Bəs bundan sonra nə olacaq?
Əksər ekspertlərin dediyi kimi, HEÇ NƏ!
Ancaq bu hücum tamaşasından sonra Azərbaycandakılar da daxil olmaqla bütün “İran sevdalıları” gördülər ki (əgər görə və anlaya bilirlərsə), İran hakimiyyəti sadəcə bu insanların, xalqların taleyi, dini inanc və hisləri üzərindən çirkin siyasi oyunlar aparır. Öz ömrünü, hakimiyyətini uzadır və heç də İslam aləminin maraqlarına xidmət etməyən hansısa məkrli missiyanı davam etdirir. Etdiyi hər şey görüntü xatirinə, gözə kül üfümək üçündür. Yalnız məzhəbçiliyi, dini ayrı-seçkiliyi, fələstinliləri və digərlərini qırğına verməyi bacarır. Elə dünənki hücumda da ölənlər İordaniyadakı müsəlmanlar oldu. Odur ki, Tehranın küçələrinə çıxıb toy-bayram edə bilərlər...
Cəlal Məmmədov
“AzPolitika.info”