Azərbaycanda xərçəng xəstələri dövlət hesabına müalicə OLUNACAQ? - ARAŞDIRMA
15-04-2024, 16:32
Gürcüstanda bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək. Bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib. Nazir müavini deyib ki, gəliri və sığortasından asılı olmayaraq, bu xəstələrin müalicəsini dövlət öz üzərinə götürür.
Azərbaycanda da xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı az deyil. Müalicə prosesi və dərman preparatlarının bahalı olması pasiyentlərə bu xəstəlikdən xilas olmağa çətinlik yaradır. Bəs qonşu dövlətdə xərçəng xəstələri üçün edilən bu dəstək proqraı Azərbaycanda da tətbiq oluna bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla billdirib ki, onkoloji xəstələrin müalicəsi ilə bağlı dövlət proqramı mövcuddur:
Bu proqram vərəmli, diabetli, SPID virusu və onun daşıyıcıları dövlət proqramı ilə müalicə olunur. Amma artıq icbari tibbi sığorta ölkədə tətbiq olunduğu andan bəri onun fəaliyyət dairəsi genişlənir. Bu baxımdan ayrı-ayrı sahələr dövlət proqramından çıxarılaraq "İcbari tibbi sığorta"nın tərkibinə verilməsi ilə bağlı müzakirələr başlayıb. Artıq bu məsələ aktuallaşıb. Bir neçə dəfə Milli Məclisin özündə belə bu məsələ qaldırılıb. Onkoloji xəstələrin sosial müdafiəsini daha da möhkəmlənməsi üçün onların icbari tibbi sığorta paketinə daxil edilməsi məqsədəuyğun olardı".
Ekspertin sözlərinə görə, burada bir məsələni nəzərə almaq lazımdır. Bəzi xəstələrin müalicə xərclərində bir sıra problemlər var. Bu immun terapiyada, bir sıra preparatların özləri xeyli bahalıdır. Bunların tətbiqi birbaşa dövlət büdcəsi ilə maliyyələşərsə, bu bir sıra xərclər tələb edir:
"Həmin xərclər hesablanmalı və araşdırmalıdır. Ayrılan vəsait həmin preparatların və xəstələrin müalicəsini ödəyib ödəməyəcəyi ilə bağlı analizlər aparılmalıdır. Ola bilər ki, bu period vətəndaş və dövlət arasında bölünsün. Hər halda düşünürəm ki, bununla bağlı iqtisadçılar müəyyən işlər görməli və bu problemlər dəqiqləşdirilməlidir. Bir il əvvəlki statistikadakı xərclər təxmin edilərək müəyyən bir proqnoz ortaya qoyula bilər. Bununla da onkoloji xəstələrin tədricən dövlət nəzarətinə keçməsi və müalicəsi zamanın tələbidir. Bu nə vaxtsa həyata keçirilməlidir. Bunun yerinə yetirilməsi ayrılan vəsaitin nə dərəcədə qarşılaşmasından asılı olacaq".
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ümumiyyətlə Azərbaycanda onkoloji xəstələrin dövlət vəsaitləri hesabına müalicə olunması, dərman vasitələri ilə təmin edilməsi təcrübəsi mövcuddur:
Dərman vasitələri ilə əlaqədar bir sıra qərarlar 2007-ci ildən təsdiq olunub. Burada 120-dən çox dərman vasitəsi mövcuddur. Eyni zamanda dövlət xəstəxanaları bu istiqamətdə fəaliyyət göstərir. Dövlət vəsaitləri hesabına maliyyələşir. Təcrübə onu göstərir ki, bu sahədə mövcud olan çatışmazlıqlar, qeyri-şəffaflıq, bürokratik problem bir çox hallarda xəstələrin əhəmiyyətli hissəsinin xəstənin üzərinə düşməsi ilə nəticələnir. Bu da haqlı olaraq müəyyən narahatlıqlar yaradır. Dünya təcrübəsi göstərir ki, bu kimi böyük xərc yükü tələb edən xəstəliklər dövlət hesabına müalicəsi mexanizmi formalaşdırılır".
Ekspert deyib ki, son dövrlərdə Azərbaycanda onkoloji xəstəliklərin müalicəsinin "İcbari Tibbi Sığorta" sisteminə daxil edilməsi ilə bağlı təşəbbüslər var:
"Səhiyyə Nazirliyinin bu istiqamətdə "İcbari Tibbi Sığorta" bürosu ilə əməkdaşlığı çərçivəsində qiymətləndirmələr aparılır. Əgər müvafiq qərar qəbul edilərsə və onkoloji xəstəliklər bu siyahıya daxil edilərsə sözügedən istiqamətdə çatışmazlıqların əhəmiyyətli hissəsi aradan qalxmasına gətirib çıxara bilər. Əlbəttə ki, bunun üçün kifayət qədər maliyyə təminatlı ölkəyik. Azərbaycanda onkoloji xəstəliklər üzrə xüsusi qanunvericilik var. Burada dövlət təminatını nəzərdə tutan öhdəliklərdə var. Bu öhdəlikləri nəzərə alsaq, qanunvericilik çərçivəsində bu xəstəliklərin dövlət vəsaitləri hesabına tam müalicə olunması mexanizminin yaradılması dövlət qarşısında duran vəzifələrdəndir".
Xatırladaq ki, proqramın iştirakçısı olmaq üçün qan testi, əlavə görüntüləmə tədqiqatları, kompüter tomoqrafiyası və skanlardan keçmək tələb olunur. Dərmanların təyin edilməsi üçün genetik test də tələb oluna bilər.
Sevda Səfərova