“Puzzle Group”la keçmiş psixopedaqoqu arasında nə baş verib? (TƏFƏRRÜAT)

17-04-2024, 00:00           
“Puzzle Group”la keçmiş psixopedaqoqu arasında nə baş verib? (TƏFƏRRÜAT)
Beynəlxalq Aykido Federasiyasının İDDO proqramının Azərbaycan bölməsinin direktoru Fatimə Novruzova “Puzzle Group” Rsixo-Sosial Reabilitasiya Mərkəzinin rəhbərini məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, Fatimə Novruzova məhkəmədə iddia edib ki, 4 sentyabr 2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 25E ünvanında, Ağ şəhər ofis binasında fəaliyyət göstərən “Puzzle Group” Psixo-Sosial Reabilitasiya Mərkəzinə psixopedaqoq vəzifəsinə işə götürülüb və ona psixoloji və fiziki qüsurları olan uşaqlarla işləmək tapşırılıb.
İddiaçı 1 avqust 2023-cü il tarixdə işdən azad olmaq üçün müraciət edib, lakin işlədiyi Mərkəzin direktoru Rövşən Nəzərli işdən azad olma barədə ərizəsini qəbul etməyib və özünə məxsus şəxsi əşyalarını da geri qaytarmayıb.
Fatimə Novruzova məhkəmədə mərkəzin rəhbərindən ona məxsus ali təhsil haqqında diplomunu, köhnə və yeni pasportunu, evlənmək haqqında şəhadətnaməni, azyaşlı qızının şəklinin, qara rəngli çantasını və içindəki qızıl-zinət əşyalarını – dəyəri 300 manat olan 1 ədəd “Pandora” markalı qızıl sırğa, dəyəri 3000 manat olan 1 ədəd “Cartier” markalı qızıl sırğa, dəyəri 3500 manat olan 1 ədəd tək qaşlı brilyant sırğa və dəyəri 500 manat olan 1 ədəd “Roberto” markalı qızıl sırğanı, Beynəlxalq Aykido Federasiyası ilə bağlı sənədlərini və 12 ədəd güllərini tələb edib.
Fatimə Novruzova həmçinin bildirib ki, cavabdeh psixoloq ixtisası olmadığı halda onu zorla işə cəlb edib və hədə-qorxu gəlib.
Qeyd edək ki, Rövşən Nəzərli Beynəlxalq Aykido Federasiyasının “Azərbaycan Aykikay Aykido Klubları” İctimai Birliyinni tibb departamentinin rəisidir.

Rövşən Nəzərli məhkəmədə Fatimə Novruzovanın tələbini qəbul etməyib. Onun sözlərinə görə, Azərbaycan təhsil sistemində psixopedaqoq ixtisası olmadığı üçün bu vəzifədə işləməyə sadəcə ali savadın olması yetərli hesab edilir. Həmçinin qeyd edib ki, iddiaçının atası imkanlı adamdır və onun vəzifəli qohumları var: “Belə olduğu halda o necə işə məcbur edilə bilər?”.
Bu səbəbdən cavabdeh hesab edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırki iş üzrə iddia tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir.
Məhkəmənin qərarı ilə iddiaçı Fatimə Novruzovanın Rövşən Nəzərliyə qarşı əmlak tələbinə dair iddiası təmin edilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.