Azərbaycan üçün Həcc kvotasının endirilməsi ilə bağlı sensasion səbəblər üzə çıxıb
17-04-2024, 00:17
Həcc ziyarətinə getmək istəyən vətəndaşların işbazlar tərəfindən aldadıldığı müşahidə olunub.
Azərbaycan vətəndaşları üçün Həcc kvotasının 2000 nəfərdən 1500 nəfərə endirilməsi ilə bağlı sensasion səbəblər üzə çıxıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanın azaldılması barədə qərarı şərh edib. QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib ki, Həcc ziyarətinə getmək istəyən vətəndaşların işbazlar tərəfindən aldadıldığı müşahidə olunub:
“Keçən il Həcc mövsümündən sonra, iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaratdı. Lakin həmin ərazilərə yalnız Həcc vizası olan şəxslər daxil ola bilərlər. İşbazlar isə bu qərarlardan istifadə edərək, vətəndaşları aldadıblar. Bizdə olan məlumata görə, ötən il də belə işbazların çox sayda qurbanları olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər. Bu il isə təxminən 500 vətəndaş işbazların qurbanı olub”.
V.Cahangiri vurğulayıb ki, buna görə də, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə əlaqədar kvotanı azaldaraq, 1500 zəvvar həddində müəyyənləşdirib:
“Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə getmək istəyən şəxsləri işbazlara aldanmamağa çağırır”.
Həmçinin, QMİ rəsmisi onu da bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bütün həcc ziyarəti üçün prosedurların tamamlanmasına vaxt qoyub:
“Nazirliyin təyin etdiyi vaxta əsasən, bütün prosedurlar, o cümlədən, vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır. Ona görə vətəndaşlar tələssinlər, yalan vədlərə aldanmasınlar.
Bildirək ki, kvotanın dolmasına da çox az qalıb.
Bununla bərabər, Səudiyyə Ərəbistanının müvafiq nazirlikləri bu kimi hallardan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Yəni elektron vizalarla Həccə getmək istəyənləri çoxsaylı deportlar və cərimələr gözləyir”.
17.03.23, 14:35
Həcc ziyarəti niyə bahalaşıb? QMİ rəsmisindən maraqlı izahat
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib. QMİ-nin məlumatına görə, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları ( 9775,00 AZN ) təşkil edir. Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək.
Həcc ziyarətinin qiymətinin bu il bahalaşması birmənalı qarşılanmayıb. Sosial platformada tədricən Həccə getməyin müsəlmanlar üçün əlçatmaz olacağına dair fikirlər səslənir. Qiymətlərin baha olması Həcc ziyarətinin Azərbaycanda yalnız bir qurum tərəfindən təşkil edilməsi ilə də əlaqələndirilir. Səslənən iddialarda bildirilir ki, Həcc ziyarətini təkcə QMİ-nin təşkil etməsi qiymətin diktə olunmasına, bahalaşmasına təsir göstərir. Sputnik Azərbaycan bu il Həcc ziyarətinin qiymətinin necə müəyyənləşdirildiyini araşdırıb.
Həcc qiymətləri niyə bahalaşıb?
QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bu il Həcc qiymətlərinin qismən bahalaşdığını təsdiqləyib. Bildirib ki, Həcc ziyarətinin qiymətinin bahalaşmasına müharibələr təsir göstərib. Onun sözlərinə görə, dünyada müharibə səbəbindən ərzaq məhsullarının qiyməti bahalaşıb. Bu isə hotellərdə qiymətlərin artmasına təsir göstərib: "Müharibə fonunda dünyada baş verən iqtisadi böhranlar qiymətləri bahalaşdırıb".
Ötən il Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları (9095,00 AZN ) təşkil edib. V.Cahangirli bildirib ki, bahalaşma səbəbindən hələ də dünya ölkələri Həcc ziyarətinin qiymətini təyin edə bilməyiblər:"Ümumiyyətlə bu il xarici ölkələrdə Həcc ziyarətinin qiymətinin Azərbaycanın tətbiq etdiyi qiymətdən ucuz olacağı mümkün deyil. Hələ də bəzi ölkələr qiymətləri müəyyən etməkdə çətinlik çəkirlər. Bəziləri heç müqavilələri imzalaya bilməyiblər. Hətta dünya ölkələrinin bir çoxunda Həcc qiymətlərinin bizdən də baha olacağı gözlənilir. Azərbaycanda da Həcc ziyarətinin qiymətinin gec açıqlanmasının səbəbi elə bu idi. Biz çalışdıq ki, qiymətlər mümkün qədər aşağı olsun".
V.Cahangiri onu da bildirib ki, dini qurum olaraq bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi normaldır. Onun fikrincə, təhlükəsizlik məqsədilə Həcc ziyarətini QMİ-nin təşkil etməsi daha yaxşıdır. Çünki, əks halda, bəzi xoşagəlməz hallar baş verir:
"Bəzi şəxslərin başqa qurumlar tərəfindən oralara getməsi, arzuolunmaz işlərlə məşğul olması problemlərə səbəb olur. Ona görə də bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi daha məqbuldur".
V.Qasımlı bu il üçün Azərbaycandan Həccə gedənlərin kvotasının hələ ki, bəlli olmadığını da söyləyib.
Kimlər Həccə gedə bilər?
Sosial şəbəkələrdə Həcc ziyarətinin bahalaşması səbəbindən Həccə getmək üçün xərclənəcək bu vəsaitin imkansız insanlara yardım məqsədilə paylanılması da təklif edilir. Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov açıqlamasında bildirib ki, Həcc vacib buyurulan ziyarətdir. Kimin maddi imkanı varsa, canı sağlamdırsa, ömründə bir dəfə Həcc ziyarəti etməlidir:
"Dində imkan daxilində Allahın bu əmrinə riayət etmək tövsiyə edilir. "Qurani Kərim"də qeyd olunub ki, imkan daxilində Kəbə evini ziyarət edin. Bununla bağlı müqəddəs kitabımızda ayə də var. Həmin ayədə bildirilir ki, imkan olduğu halda müsəlmanlar ən azı bir dəfə Həccə getməlidirlər".
Həccə xərclənəcək pul xeyriyyə məqsədilə xərclənsin!
İlham Səlimov bildirib ki, Həccə xərclənəcək vəsaitin xeyriyyə məqsədilə paylanılması da hamıya aid edilə bilməz: "Bu, üçüncü, dördüncü dəfə Həccə gedənlərə tövsiyə edilə bilər ki, o pulu xeyriyyə məqsədilə xərcləsinlər. Amma hər kəs ən azı bir dəfə borc etmədən, imkan daxilində Həccə getsə, yaxşı olar. Bu, həm də dini baxışdır".
Qeyd edək ki, ötən il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılmışdı.
Xatırladaq ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə isə Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.
Həccə getmək üçün tələb olunan sənədlər
Həcc ziyarətinə getmək üçün aşağıdakı sənədlər tələb edilir:
1. Xarici pasport;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;
4. Sağlamlıq haqqında arayış.
Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Sənədlərin qəbulu 17 mart tarixindən başlayacaq.
Sputnik