"Neuralink" beyin implant təcrübəsinin ikinci iştirakçısı üçün müraciətləri qəbul edir
21-05-2024, 17:07
Yeni "Neuralink" qurğusu olan "Telepathy" (Telepatiya) sahibinə düşüncə gücünün köməyi ilə smartfon və ya kompüteri idarə etmək imkanı verir.
"Neuralink"in telepatiya implant təcrübəsindən ötrü ikinci iştirakçı üçün müraciətləri qəbul edir.
Bunu Amerikalı milyarder İlon Mask bildirib.
"Neuralink" ikinci iştirakçı üçün müraciətləri qəbul edir. Bu, sadəcə düşünərək telefonunuzu və kompüterinizi idarə etməyə imkan verəcək "Telepathy" kibernetik beyin implantımızdır" - Mask X sosial şəbəkəsində şirkətin klinik sınaqda iştirak etmək üçün dəvətini təkrarlayaraq yazıb.
Yanvar ayında Mask, ilk şəxsin "Neuralink" implantını aldığını və özünü yaxşı hiss etdiyini bildirib. İş adamının sözlərinə görə, cihazın işinə dair ilk məlumatlar ümidverici nəticələr göstərir.
Daha sonra Mask yeni "Neuralink" qurğusunun "Telepathy" (Telepatiya) adlandığını yazıb. O, sahibinə düşüncə gücünün köməyi ilə smartfon və ya kompüteri idarə etmək imkanı verir və ilk növbədə bədəninin ətraf üzvlərindən istifadəsi məhdudlaşan insanlar üçün yaradılıb. Mart ayında ilk implant xəstəsi "düşüncə gücü ilə" şahmat oynadığını nümayiş etdirib.
Eyni zamanda, Mask kor insanların görməsini təmin edən bir cihaz kimi düşünülmüş "Neuralink" beyin implantını elan edib. Növbəti layihə "Blindsight" adlanır.
Bundan əvvəl ABŞ-ın sanitar müfəttişləri Mask şirkətinin Kaliforniya mərkəzində heyvanlar üzərində təcrübələrinin keyfiyyətinə nəzarət və uçotun aparılması ilə bağlı problemlər aşkar etmişdilər.