Molla kəbini, yoxsa siğə: - Rəsmi nikah olmadan kəbin kəsənləri hansı cəza gözləyir?
10-06-2024, 11:48
Artıq 15 ildən çoxdur ki, rəsmi nikah olmadan dini kəbin kəsilmir. Rəsmi nikahın qeydiyyat nömrəsi mütləq şəkildə nikahnaməyə qeyd olunur.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov söyləyib.
Qeyd edək ki, bu günlərdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Sədaqət Vəliyeva Rəsmi nikah olmadan molla kəbini kəsənlərin cəzalandırılmasını təklif edib. Sədaqət Vəliyeva bildirib ki, əvvəl bu məsələdə mollalar, din xadimləri ciddi riayət edirdilər:
"Rəsmi nikah olmadan kəbin kəsilmirdi, amma indi bu hallar yaşanır. Rəsmi nikah olmadan kəbin kəsən din xadimləri cəzalandırılsın. Bu məsələyə nəzarət artırılmalıdır".
İlham Səlimov deyib ki, Bakıda din xadimləri bu qaydalara əməl edirlər. Rəsmi nikah şəhadətnaməsi təqdim olunmadığı halda kəbin kəsilmir.
"Cütlük rəsmi nikaha daxil olduqdan, həmin sənədi din xadiminə təqdim etdikdən sonra onlara nikahnamə təqdim olunur" - İlham Səlimov söyləyib.
O qeyd edib ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi bununla bağlı din xadimlərinə daim tapşırıqlar verir, nəzarət edir:
"İmam nikahı adlanan kəbin odur ki, iki gəncin arasında halallıq duası oxunur. Valideynlər bu izdivaca öz xeyir-dualarını verirlər. Məscidlər bağlı olduğu dövrdə də bu belə icra edilib. Kəbini kəsmək hər yoldan keçən insanın işi deyil. Kəbini savadlı insan kəsməlidir. Təsadüfi deyil ki, insanlar kəbin kəsdirəndə məscidin ən savadlı şəxsinə, axunda müraciət edirlər. Halallıq duası düzgün oxunmalıdır. Burada hər sözün öz mənası var. Kəbin Allahın əmridir. Peyğəmbərimizin oxuduğu xeyir duasıdır. Allahın əmri, peyğəmbərin xeyri ilə din xadimləri kəbin kəsir. Bu iş dövlətimizin qoyduğu qayda-qanuna uyğun icra edilir. Paytaxtda din xadimləri buna əməl edirlər. Ola bilər ki, belə hallar rayon yerlərində baş verir".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə Sputnik Azərbaycan-a bildirib ki, problemin həllinə ailələrdən başlanılmalıdır.
"Əvvəlcə erkən nişanlanmanın qarşısı alınmalıdır. Bir neçə din xadimini cəzalandırmaqla problemi həll etmək mümkün olmayacaq. Valideynlərə qarşı cəzalar sərtləşdirilməlidir. Qızının erkən yaşda nişanlanmasına razı olan valideynlərə küllü məbləğdə cərimə yazılmalıdır. Bundan əlavə onlara azadlığın məhdudlaşdırılması cəzası verilməlidir" - Kəmalə Ağazadə bildirib.
Birlik rəhbəri əlavə edib ki, bəzən rəsmi nikah olmadığına görə, cütlüklərə halallıq duası oxutdururlar. Bu isə siğə deməkdir. Siğə edən dindarlar cəzalandırılmalıdır.