"Folger Şekspir Kitabxanası"nda dünyada Şekspirin əsərlərinin ən böyük kolleksiyası saxlanır VİDEO
3-07-2024, 16:54
Uilyam Şekspirin əsərlərinin dünyada ən böyük kolleksiyasına ev sahibliyi edən Vaşinqton şəhərində çoxlarının heç vaxt görmədiyi xəzinə saxlanır. “Folger Şekspir Kitabxanası” dörd il davam edən təmirdən sonra öz qapılarını yenidən açaraq, kolleksiyasının ən qiymətli hissəsini ilk dəfə ictimaiyyətə təqdim edir.
Vaşinqtondakı "Folger Şekspir Kitabxanası"nda dünyada Şekspirin əsərlərinin ən böyük kolleksiyası - təxminən 60 min əlyazma, 90 min qrafik illüstrasiya və 280 min çap kitabı saxlanır. Dörd il təmirdən sonra indi kitabxana ictimaiyyət üçün yenidən açılıb.
Peggy Obrayen kitabxananın təhsil üzrə direktorudur. "Hazırda sərgimizin sahəsi 1100 kvadrat metrdən çoxdur və bu, çox böyükdür. Bu, həm də bizə nadir kitabları əvvəllər edə bilmədiyimiz şəkildə nümayiş etdirməyə imkan verəcək bir məkandır. Çünki nadir kitabları nümayiş etdirəndə bütün işıqları söndürməlisiniz."
Birinci Folio "Folger Kitabxanası"nın əsas xəzinəsidir. Bu, Şekspirin pyeslərinin 1623-cü ilə aid ilk nəşr olunmuş toplusudur. Günümüzə qədər onlardn təxminən 230 nüsxəsi gəlib çatıb. Onlardan beşi Londondakı Britaniya Kitabxanasında saxlanılır. "Folger Kitabxanası"nda 82 nüsxə var.
Bu nadir nüsxələrin yanında 17-ci əsrə aid mətbəənin rekonstruksiyası, habelə Şekspirin həyatı və Kraliça Yelizavetanın portretindən tutmuş, 19-cu əsrin ortalarında Britaniyada "Otello" tamaşasının ilk qaradərili aktyorunun yer aldığı açıqcaya qədər - onun dünya mədəniyyətinə təsiri ilə bağlı artefaktlar var.
Kolleksiya 1880-ci illərin sonlarında Şekspir nəşrləri və kitablarını toplamağa başlayan neft maqnatı Henri Folger və həyat yoldaşı Emilinin sayəsində ABŞ-da saxlanır. Onlar kitabxananı 1932-ci ildə ABŞ Konqresi və Ali Məhkəməsinin yanında, Kapitoli yüksəkliyində açıb.
Bu gün Folgerin adını daşıyan kitabxanada Uilyam Şekspir haqqında köhnə ingilis kitabları və müxtəlif materialların toplanması davam etdirilir. Maykl Vitmor kitabxananın direktorudur və o, buradakı əsərlərin müasir dünyada hələ də aktual olduğunu deyir. "İncəsənət və humanitar elmlər multikultural, multietnik demokratiyada – mürəkkəb, yeni problem və çağırışlarla üzləşən bir mədəniyyətdə vətəndaş olaraq kim olduğumuz haqqında söhbətin bir hissəsi olmalıdır. Və Şekspir kimi bir yazıçı bizim kimliyimizi müəyyən edən və bu gün də mübarizə apardığımız bir çox məsələlərə toxunur."
Sərgidə həmçinin 17-ci əsrin qadağan olunmuş ən məşhur kitabının – məşhur astronom Qalileo Qalileyin müəllifin avtoqrafı ilə yazdığı "İki əsas dünya sistemi haqqında dialoq"un ilk nəşri də var.
Sərgidə həmçinin müəllif Alan Miln tərəfindən imzalanmış "Vinni Puh"un ilk kommersiya nəşri, eləcə də Jül Vernin elmi-fantastik klassik əsəri "Yerin mərkəzinə səyahət" əlyazması da nümayiş etdirilir.
"Folger Kitabxanası"nda eləcə də payız mövsümü klassik "Romeo və Cülyetta" ilə başlaması planlaşdırılan Elizabet Teatrı da yer alıb.
Kitabxananın interyeri də vitrajlı qotik pəncərələrdən və şamdanlardan tutmuş, Şekspirin pyeslərindəki lavanda, rozmarin və maqnoliya kimi çiçəklər və bitkilərlə bəzədilərək məzmunu qədər Şekspir üslubundadır.