Günəş kremlərindən necə və gün ərzində hansı aralıqla istifadə olunmalıdır?
4-07-2024, 08:08
Mütəxəssislər günəşdən qorunmaq üçün krem istifadəsinin sağlamlıq üçün vacib olduğunu bildirirlər.
Dəri xərçənginin ən ölümcül növü olan melanomanın yaranma səbəblərinin 80 faizindən çoxu gün yanığından qaynaqlanır və bu statistika ilbəil artır.
Dünya üzrə hər il təxminən 1,5 milyon nəfərdə yeni dəri xərçəngi aşkarlanır və bunun 2040-cı ilədək 50 faiz artacağı gözlənilir.
Bu reallığa və günəşə məruz qalmağın yaratdığı risklərə görə sağlamlıqla bağlı xəbərdarlıqlara rəğmən gün kreminin necə və nə vaxt istifadəsi olunmalı olduğu barədə həddən artıq qarışıq məlumatlar var.
Dərimizi nə üçün gündən qorumalıyıq?
Kaliforniya Universitetinin Tibb fakültəsinin professoru Richard Gallo günün altında UV radiasiyasının dəri hüceyrələrimizdə olan DNA proteinlərinə və digər molekullara zərər vurduğunu deyir.
Az miqdarda günəşdən gələn ultrabənövşəyi (UV) şüa radiasiyasına məruz qalmaq dəri hüceyrələrimizin D vitamini istehsal etməsinə səbəb olur.
Ancaq Gallo deyir ki, dərimiz hər dəfə gün şüasına məruz qaldıqca melanin istehsal etməklə qaralır və bununla da özünü müdafiə etməyə çalışır.
"Əgər həddən artıq gün işığına məruz qalsaq, dəri özünü qoruya bilmir və yanıqlar meydana gəlir".
Gallo bunun DNT-yə zərərli ola biləcəyini, onun da erkən yaşlanmağa səbəb ola biləcəyini və dəri xərçəngi riskini də artıra biləcəyi ilə izah edir.
Ultrabənövşəyi şüaya məruz qalmaq geniş yayılmış dəri xərçənginin ilkin səbəblərindəndir.
"Aşağı SPF-li gündən qoruyan kremlər günəş şüalarından nisbətən qoruyur, lakin bir çox hallarda, bu, zərərli təsirlərin qarşısını tam ala bilmir", - Gallo deyir.
O vurğulayır ki, hər nə qədər az olsa belə UV şüaları potensial kanserogenlərdir.
SPF nədir və nə qədər önəmlidir?
SPF (Sun Protection Factor) günəşdən qoruma faktoru deməkdir və gün kremlərinin qutularının üstündə göstərilən rəqəmlər kremin günəş şüalarından nə qədər müdafiə edə bildiyini göstərir.
Beləliklə, SPF nə qədər yüksəkdirsə, dəri bir o qədər yaxşı qorunur.
Bununla belə, SPF yalnız UVB şüalarından qorunma səviyyəsini göstərir.
UVA radiasiyasından qorunma miqdarı ayrıca rəqəmlərlə göstərilir.
Bizim məruz qaldığımız ultrabənövşəyi radiasiyanın miqdarı gün ərzində dəyişir.
Günəş şüaları gücləndikcə daha çox günəş enerjisinə məruz qalırıq.
Günəş şüalarının ən güclü olduğu saatlar səhər saat 10.00-dan günorta 16.00-a qədərdir.
UV radiasiyaları nədir və neçə növü var?
Günəşdən gələn ultrabənövşəyi radiasiya (UV) işığın yüksək şüalı formasıdır.
UV radiasiyasının üç növü var və onlar UVA, UVB və UVC olaraq təsnif edilir.
UVC UV işığının ən yüksək şüalı forması olsa da, insan bədəni daha çox UVA və UVB-yə həddindən artıq məruz qalır. Bu da insanların dəri və gözlərini əhatə edən çoxsaylı sağlamlıq problemlərinə gətirib çıxarır.
Hər üç forma dəridə kollagenin parçalanmasına təsir edir və bu da vaxtından əvvəl qocalmağa səbəb ola bilər.
UVB orta dalğalı şüalardır, melaninin yaranmasına səbəb olur. Vitamin D istehsalı bu şüalara məruz qaldıqda baş verir.
UVA uzun dalğalı şüalardır, dəri hüceyrələrinin genetikasına təsir edir. Ona uzunmüddətli məruz qaldıqda xərçəng yaranır.
Əvvəllər UVB-nin ən zərərli olduğu düşünülürdü. UVB-yə həddindən artıq məruz qalmanın günəş yanığı və həddindən artıq hallarda dəri xərçəngi də daxil olmaqla dəri problemlərinə səbəb olduğu bilinir.
UVA-nın dolayı yolla DNT-ni parçalayaraq dəri xərçənginə töhfə verdiyi bu yaxınlarda aşkarlanıb.
Günəşdən qoruyan SPF kremləri adətən zərərli ultrabənövşəyi şüaların udulmasının qarşısını alaraq dərinin zədələnməyə qarşı istifadə olunur.
Gün kremlərindən necə istifadə etmək lazımdır?
2018-ci ildə aparılmış bir araşdırma ilə gün kremi dəriyə çəkildikdən sonra UV qorumasının bir qisminin sürətlə dövrəyə girdiyi, ancaq ümumilikdə qorumanın başlaması üçün təxminən 10 dəqiqə lazım olduğu üzə çıxıb.
Bununla yanaşı, mütəxəssislər ümumiyyətlə gün kreminin dəriyə oturması üçün günəşə çıxmazdan 20-30 dəqiqə əvvəl çəkilməsini məsləhət görürlər.
Araşdırmalar göstərir ki, çoxları gün kremindən yetəri qədər istifadə etmədiyi üçün onu günəşə çıxmazdan əvvəl iki dəfə tətbiq etmək daha doğru olar.
Alimlər tərlədikdən, suya girib-çıxdıqdan və ya dərimiz geyim və ya qumla təmas etdikdən sonra gün kreminin təkrar istifadəsini tövsiyə edirlər.
Leeds Universitetindən mütəxəssis Richard Blackburn gün kremini nəmləndirici və ya digər dəri məhsulları ilə qarışdırmamağın vacib olduğunu deyir. O, bunun səbəbini gün kremlərinin tərkibində olan sink oksid kimi metal nanohissəciklərin nəmləndirici kremlərin tərkibindəki bəzi maddələrlə reaksiyaya girdiyi üçün təsirinin azalması ilə izah edir.
Blackburn məsləhət görür ki, aprel və sentyabr ayları aralığında gündəlik olaraq gün kremindən aktiv istifadə edilməlidir.
Şüşə arxasında günəşdən yanmaq mümkündürmü?
Kaliforniya Universitetinin professoru Gallo şüşənin günəşdən gələn təhlükəli UVB şüalarını filtrlədiyini, lakin buna rəğmən az miqdarda da olsa zərər vura bilən şüa buraxdığını deyir.
Galloya görə, şüşə pəncərədən də olsa günəş şüalarına dəfələrlə məruz qalmaq dəriyə zərər vura bilər.
Yaş artdıqca dəridə baş verən gözlə görülən dəyişikliklərin 90 faizinə səbəb olan UVA-ya şüşədən də məruz qalmaq mümkündür.
Günəş şüalarından qoruyan kremlərin son istifadə müddəti varmı?
Mütəxəssislər gündən qoruyan kremlərin vaxt ötdükcə təsirinin azaldığını, amma ümumilikdə əldə etdiyiniz müddətdən etibarən üç ilədək təsirli olacağını bildirir.
Bunun üçün kreminizin konsistensiyasında və rəngində dəyişikliyin olub-olmadığını yoxlamağınız məsləhətdir.
Qutunun üzərinə birbaşa gün işığı düşməməlidir. Eləcə də isti yerlərdən, məsələn, maşında saxlamaqdan çəkinməlisiniz ki, tərkibinin daha tez xarab olmasının qarşısını ala biləsiniz.
Gün kremi bədəndə D vitamini istehsalını əngəlləyirmi?
D vitamini sümüklərin qorunmasına kömək edir, eyni zamanda immunitetimizi qorumaq üçün kalsiumun sorulmasında vacib rol oynayır.
Gün kremindən istifadənin D vitamininin sorulmasına mane olacağına dair bəzi narahatlıqlar var.
Ancaq bu mövzuda aparılmış bir araşdırma gündən qoruyan kremlərin vücudumuzun ala biləcəyi D vitamininə təsirinin olduqca az olduğunu aşkarlayıb.
Gün kremləri toksin ehtiva edirmi?
Gün kremlərinin tərkibindəki bəzi birləşmələrin bədənimizdə toplanaraq zərər vura biləcəyinə dair narahatlıqlar var.
Galloya görə, günəş şüalarından qoruyan kremlərlə bağlı ən böyük narahatlıq məlum kremlərin tərkibindəki hər hansı maddəyə qarşı həssas və ya allergiyalı olmağınızdır. O, bunun dəridə qızarıqlığa səbəb olacağını deyir.
Gallo gündən qoruyan kremlərdə toksinlərin olmasıyla bağlı fikirlərin sensasiya məqsədli şişirdildiyini düşünür və "onun günəş şüalarının toksik təsirləriylə müqayisəyəgəlməz" olduğunu deyir.
O əlavə edir ki, "günəş kremləri təyinatı üzrə, məsləhət görüldüyü kimi istifadə olunduğunda etibarlıdır və dəri xərçənginə tutulmaqdan çox daha yaxşıdır".
Uşaqların dərisinə vurulan gün kreminin miqdarı nə qədər olmalıdır?
Azyaşlıların dərisi UV şüalarına qarşı yetkin insanlarınkindən daha həssasdır. Buna görə də uşaqları günəşdən qorumaq xüsusilə önəmlidir.
Mütəxəssislərə görə, 6 aylıq və daha kiçik körpələrə gündən qoruyan krem vurulmamalıdır. Eləcə də bu uşaqlar birbaşa günəş şüalasına məruz qalmamalıdırlar.
Gün ərzində iki yaşlı uşaqlara iki, beş yaşlılara üç, doqquz yaşlı uşaqlara dörd, 13 yaşlı uşaqlara isə beş çay qaşığı gündən qoruyan krem vurula bilər.
Mütəxəssislərin yeniyetmələrə tövsiyəsi isə iki saatdan bir kremi təkrar çəkməkdir.
Hansı gün kremlərindən istifadə edilməlidir?
Mütəxəssislər üzərində "geniş spektrlı" yazılan, yəni, bütün növ günəş şüalarından müdafiə edən yüksək SPF-li kremlərdən istifadənin vacibliyini bildirirlər.
Gün kremlərinin müdafiə imkanlarını aydınlaşdırmağın iki yolu var və hansının istifadəsinin vacibliyi yaşadığınız yerdən asılıdır.
Günəş kreminin təmin etdiyi UVA qoruma səviyyəsini qiymətləndirmək üçün bir ümumi üsul UVA ulduz reytinqidir.
Bu sistem "UVA" sözünü ehtiva edən dairəvi simvoldan və ardınca beşə yüksələn ulduz sistemindən istifadə edir (ən yüksək qorunma səviyyəsi beşdir).
Ulduz reytinqi UVA-dan qorunma səviyyəsini UVB-dən qorunmanın miqdarına mütənasib olaraq göstərir.
Buna görə də, UVA reytinqi beş olan SPF50 günəş kremi eyni UVA reytinqinə malik SPF30 günəş kremindən daha çox qoruma qabiliyyətinə malikdir.
Bu üsul İngiltərə və Avropada kifayət qədər yayılıbdır və Türkiyədə də istifadə olunur.
Blackburn, ən azı 30 SPF olan beş ulduzlu günəş kremindən istifadə etməyi və dərini paltarla örtməyi tövsiyə edir.
Dəri xərçəngi xeyriyyə təşkilatları ilin hər günü çölə çıxarkən bütün günəş şüasına məruz qalacaq dərilərə günəş kremi vurmağı tövsiyə edir.