Qəssab direktorun qardaşını faizə verdiyi borc pula görə bıçaqlayıb – İTTİHAM AKTI
4-07-2024, 10:27
Sumqayıt Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Ayaz Bəylərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 29 avqust 2023-cü il tarixdə, saat 09:30 radələrində Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən təqsirləndirilən şəxsin icarə əsasında işlətdiyi ət satışı mağazasında qeydə alınıb.
Belə ki, Ayaz Bəylərov tanışı, zərərçəkmiş, 1959-cu il təvəllüdlü Əsəd Misir oğlu Əsədovla aralarında olan borcla əlaqədar mübahisə edib. Bu zaman o, ət doğrayan kötüyün üzərində olan bıçağı götürərək zərərçəkmiş şəxsin qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, ona bədən xəsarəti yetirib.
Ayaz Bəylərova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə Ayaz Bəylərov ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində deyib ki, 8 il əvvəl zərərçəkmiş Əsəd Əsədovdan 3500 ABŞ dolları borc pul götürüb. Həmin borca görə ayda ona 350 ABŞ dolları əlavə faiz və 5 kq tikə, yəni sümüksüz ət verib. Sonradan zərərçəkmiş 3500 ABŞ dolları tam olaraq geri istəyərək əks halda faiz borcunu həftəlik alacağını bildirib.
Ayazın sözlərinə görə, çarəsiz qaldığı üçün Əsədlə razılaşıb və artıq həftəlik olaraq ona 350 ABŞ dolları pul verməyə başlayıb: “Lakin Əsəd bununla da kifayətlənməyib hər həftə gəlib qəssabxanadan 350 ABŞ dolları pulu götürərkən 6-7 kiloqram sümüksüz əti də havayı alırdı. Həmçinin, axırıncı dəfə Əsəd mənə bir çəpiş kəsdirdi və pulunu vermədi. Əsəd hər həftə bir dəfə, bəzi həftələr isə iki dəfə gəlib ət alırdı. Mən Əsədə “dayı” deyə müraciət edirdim və hər zaman hörmətini saxlayırdım, aramızda söz-söhbət yox idi. Əsəd dəfələrlə mənə borcu qaytarmadığıma görə hədə-qorxu gəlirdi. Hadisə günü onu bıçaqlamaq niyyətim yox idi. Əsədin bacısı oğlu maşından düşərək içəri girən zaman özümü qorumaq məqsədi ilə zərərçəkmişə xəsarət yetirdim. Heç vaxt Əsədə söyüş söyüb onu təhqir etməmişəm”.
Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərib ki, zərərçəkmiş şəxsi 10 ildən artıq müddətdir tanıyır. Ət mağazası işlətdiyi müddətdən Əsəd mütəmadi olaraq ondan ət alıb. Birinci dəfə Əsəddən faizlə 2000 manat pul borc alıb. O, hər dəfə Əsəddən borc alarkən faizlə verib. Bildirib ki, 2000 manat borcu atası Əsədə qaytarıb. 3500 ABŞ dolları borc pul götürən zaman 10 faizini hər ay ödəmək barədə razılaşıblar, amma sonradan hər həftə 350 ABŞ dolları faiz ödəyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 8 ildir ki, 3500 ABŞ dolları borcunu faizlə ödəyir: “Mübahisə günü Əsəd pulu qaytarmağımı, 3500 ABŞ dolları və aylıq faizi ödəməyimi tələb etdi. Əsədin bacısı oğlu maşından düşərək içəri gələn zaman üzərimə gəldi. Həmin vaxt qorxdum və özümü qorumaq məqsədi ilə əlimdəki bıçaqla Əsədə xəsarət yetirdim. Son vaxtlara kimi Əsədlə münasibətləri normal olub. Sonra o, mənə hədə-qorxu gəlməyə başladı”.
Qeyd: Bıçaqlanan Əsəd Əsədov Sumqayıtda Nəsimi Adına Mədəniyyət və İstirahət parkının direktoru Sultan Əsədovun qardaşıdır.